Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın son gedişləri İrəvan - Moskva münasibətlərində gərginliyin qarşıdakı dövr ərzində daha da yüksələcəyini göstərir. Belə görünür ki, Moskva bundan sonra yaranmış durumla əlaqədar Ermənistana qarşı təzyiq rıçaqlarını daha sərt şəkildə işə salmalı olacaq.
İlk növbədə Kremlin Ermənistanı "ağıllandırmaq" üçün iqtisadi təsir vasitələrindən istifadə etməsi gözlənir. Özü də bütün bunlara rəvac verən tərəf yenə Ermənistandır. Söhbət konkret olaraq Ermənistan hakimiyyət orqanlarının Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar yoxlamalar aparması və cinayət işləri başlatmasından gedir.
Ermənistan Dövlət Gəlirləri Komitəsi bildirir ki, Rusiyaya məxsus törəmə şirkətlər vergi ödənməsindən yayınıb. Hazırda bu xüsusda əsas diqqət "Qazprom Ermənistan"a yönəlib. Burada aparılan audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənişindən yayınıb və bir sıra pozuntu hallarına yol verib. Dövlət Gəlirləri Komitəsi bildirir ki, vergi pozuntusu 2016-2017-ci illərdə əlavə dəyər vergisi və gəlir vergisi hesablamalarında təsbit edilib. Belə ki, şirkət göstəriciləri bilərəkdən sadələşdirib və nəticədə vergi daxilolmaları azalıb.
Məlumatda deyilir: "Şirkətin yol verdiyi sui-istifadə hallarını qaz itkisi barədə faktlar, eləcə də avtomobil qazdoldurma kompressor stansiyalarına göndərilən təbii qazın həcmi ilə bağlı müqayisəli araşdırma da sübut edir". Bundan əlavə, şirkət boru kəmərlərinə qaz ötürülməsinin azaldılması və kəmərlərdə itkilərin süni şəkildə artırılmasında da ittiham edilir. Belə ki, 2018-ci ilin əvvəlində itkinin ölçüsü ilin ortası ilə müqayisədə 3 dəfə çox olub. Təftiş nəticələrinə görə cinayət işi başlanıb.
Onu da bildirək ki, Rusiyadan Ermənistana qaz təchizatı sistemində korrupsiya sxeminin ola biləcəyi haqda Nikol Paşinyan daha əvvəl bildirmişdi: “Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz alındığını hiss etmirlər. Bunun səbəbi səmərəsiz idarəetmə, o cümlədən də korrupsiya risqi ola bilər. Düşünürəm ki, biz bu məsələni ciddi araşdırmağa başlasaq, Rusiya hakimiyyəti buna anlayışla yanaşacaq”. Onu da bildirək ki, indi Rusiyanın “mavi yanacağının” min kubmetri Ermənistan üçün sərhəddə 150 dollaradır. Amma 10 min kubmetrdən çox qaz işlətməyən son istehlakçı üçün tarif, demək olar ki, iki dəfə bahadır və 290 dollar təşkil edir. Məsələnin digər maraqlı tərəfi odur ki, "Qazprom Ermənistan" Ermənistana qaz tədarük edən alternativsiz şirkətdir. Özü də “Qazprom Ermənistan” Rusiyanın “Qazprom” enerji holdinqinin 100 faizlik törəmə şirkətidir. Bu şirkət Ermənistan ərazisinə qaz çatdırılması və satışı ilə məşğuldur. Digər tərəfdən, “Qazprom-Ermənistan” ənənəvi olaraq Ermənistanın ən iri vergi ödəyicisidir. Bu ilin 9 ayı ərzində şirkət artıq dövlət büdcəsinə 30,3 milyard dram, yəni təxminən 62,5 milyon dollar vergi ödəyib. Şirkətə qarşı başlanan cinayət işi isə böyük narazılıq yaradıb. “Qazprom-Ermənistan” artıq bununla ilgili bəyanat yayıb. Burada bildirilir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlanması barədə əsassız məlumat yayıb:“Şirkətdə kompleks yoxlama oktyabrın 1-də başlayıb və bu günə kimi davam edir. İndiyə qədər komitə vergi qanunvericiliyinin müddəalarının pozulması haqqında hər hansı epizod təqdim etməyib. Heç bir sübut göstərilməyib. Komitənin bu cür fəaliyyəti şirkətin işgüzar nüfuzuna xələl gətirə və fəaliyyətinin normal axarını poza bilər. Ermənistanın ən iri vergi ödəyicisi olan “Qazpom-Ermənistan” hər zaman vergi qanunvericiliyi çərçivəsində fəaliyyət göstərib”. Ekspertlər bu bəyanat fonunda Rusiya və Ermənistan arasında artıq qaz savaşının başlandığını bildirir. İstisna deyil ki, belə vəziyyətdə Kreml həm Ermənistana satdığı qazın qiymətini qaldıracaq, həm də “Qazpom-Ermənistan”a qarşı təzyiqlər davam edəcəyi təqdirdə şirkətin fəaliyyətini dayandıracaq. Bu isə Ermənistan üçün faktiki olaraq qaz böhranı deməkdir.
Digər tərəfdən maraqlı məqam baş verənlərin ABŞ-ın bir müddət əvvəl Ermənistanın enerji sektoruna 8 milyard dollar yatırım etmək niyyəti ilə üst-üstə düşməsidir. ABŞ bu yatırım üçün Ermənistandan enerji sektorunun diversifikasiyasını istəyib. Belə vəziyyətdə Ermənistan Rusiya qazına alternativ olaraq İrandan daha çox qaz almağı düşünür. Artıq bu günlərdə İran-Ermənistan qaz kəmərinin ikinci mərhələsinin tikintisi də başa çatıb. Amma məsələ burasındadır ki, kəmərin tikintisinə elə Rusiyanın “Qazprom” şirkəti kömək edib. 2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır. Lakin yaranmış vəziyyətdə Rusiya bu kəmər vasitəsilə Ermənistana qaz ötürülməsini əngəlləmək imkanlarına da malikdir. Bundan başqa, ABŞ İrana qarşı tətbiq edilən sanksiyalar çərçivəsində İrəvanın İrandan qaz almasına qarşı çıxır. Bu isə enerji sahəsində İrəvanın manevr imkanlarını məhdudlaşdırır. Məhz bu şəraitdə Rusiyanın qaz məsələsində Ermənistana daha çox təsir göstərmək imkanları yaranır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza da Kremlin iqtisadi müstəvidə İrəvana təzyiqlərinin artacağını bildirir. Onun sözlərinə görə, Moskva hələ də Ermənistanın iqtisadiyyatını idarə edir və bununla siyasi elitaya təsir göstərir. Ekspert Rusiyanın iqtisadi təsir alətlərindən istifadə edərək Ermənistanın siyasi dairələrində əhval-ruhiyyəni dəyişdirməyə çalışa biləcəyini istisna etməyib: “Amma ümid edirəm ki, Paşinyan, eləcə də prezident Armen Sarkisyan və digər siyasətçilər müstəqil olmağa çalışacaqlar”. Lakin Ermənistanın mövcud imkanları çərçivəsində bu mümkün sayılmır.
Nahid SALAYEV