Müslüm İbrahimov: “Ermənistana gəldikdə isə, bu ölkənin iqtisadi göstəriciləri aşağı səviyyədədir”
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi potensialını yüksəltməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir. İldən-ilə artan ümumdaxili məhsul, büdcə gəlirləri, valyuta ehtiyatlarımız, ümumilikdə, Azərbaycan iqtisadiyyatının stabil və dinamik şəkildə inkişafını şərtləndirir. Məhz bu müsbət keyfiyyətlərinə görə bu gün Azərbaycan dünya ölkələri arasında ön sıralarda qərarlaşır.
Ölkədə həyata keçirilən iqtisadi islahatların, bu istiqamətdə görülən tədbirlərin müsbət nəticələnməsini şərtləndirən başlıca amillərdən biri də ölkədə normal sahibkarlıq mühitinin yaradılması, istər yerli, istərsə də xarici iş adamlarına ölkəmizə sərmayə yatırmaq üçün əlverişli şəraitin yaradılmasıdır. Sözügedən tendensiya bu istiqamətdə ildən-ilə müsbət nəticələrin əldə edilməsinə imkan yaradır. Bu birmənalıdır ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sağlam sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb.
Bütün bunların nəticəsidir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər, 102 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub. 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil etmiş, nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artıb.
Ancaq bu gün regionda ən aşağı inkişaf göstəricisinə malik olan Ermənistan barəsində bunu demək mümkün deyil. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı Cənubi Qafqazda ən aşağı göstəriciyə malikdir. Bu səbəbdən adıçəkilən ölkənin ticarət əlaqələrinə malik olduğu ölkələrin sayı da qat-qat azdır. Yaranan fərqi ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, ölkədə aparılan iqtisadi islahatlar davamlı və sürətli şəkildə gerçəkləşdirilir: “Neft gəlirləri qeyri-neft sektorunun inkişaf etdirilməsinə sərf olunur. Azərbaycanın nəqliyyat sahəsindəki rolu və qaz ixracını artırması neftdən asılılığın azalmasına təsir edib. Ancaq onu da nəzərə almalıyıq ki, biz birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik. Ancaq bu bir reallıqdır ki, Azərbaycan neftlə yanaşı, qeyri-neft məhsulları da ixrac edir. Bu da qeyri-neft sənayesi və kənd təsərrüfatı məhsullarının ixracında güclü bir potensial yaradır. Bütün bunlar da ixracda özünü göstərir. Ölkədə yeni sahələrin açılması ilə yanaşı, kənd təsərrüfatı məhsullarının emalının genişlənməsi yeni avadanlqların, komponentlərin gətirilməsini stimullaşdırır. Bu da, öz növbəsində, Azərbaycanın çoxsaylı ölkə ilə ticarət əlaqələri qurmasına gətirib çıxarır. Nəticədə həm ixrac, həm də idxal strukturunda böyük göstəricilər ortaya qoyulur. Ölkənin ixrac və idxal strukturunda keyfiyyət amili özünü göstərir. Azərbaycanda qeyri-neft məhsullarının istehsalı artdıqca, çoxsaylı ölkə ilə ticarət əlaqələri qurulur. Bundan başqa, Azərbaycanın artan tranzit imkanları da buna öz müsbət təsirini göstərir. Ermənistana gəldikdə isə, bu ölkənin iqtisadi göstəriciləri aşağı səviyyədədir. Belə olan halda, Ermənistan Azərbaycanla müqayisədə çox geridə qalıb”.
Vidadi ORDAHALLI