Seyid Camal Əzimbəyli: “Əminəm ki, bu sahədə problemlər yaşanan ölkələr üçün təcrübəmizin mənimsənilməsi çox faydalı ola bilər”
İran KİV-lərinin verdiyi məlumata görə, bu ayın sonlarında Tehran şəhərində islam həmrəyliyinə aid mühüm bir tədbirin keçirilməsi planlaşdırılır. Tədbirin adı 32-ci Beynəlxalq İslam Həmrəyliyi Konfransı kimi qeyd olunur. Konfransda dünyanın müxtəlif yerlərindən olan nüfuzlu islam tədqiqatçıları və alimlərinin iştirakı gözlənir.
Tədbirin təşkilatçısı qismində Ümumdünya islam məzhəbləri və məktəblərinin yaxınlaşdırılması adlı qurum çıxış edir. 16-24 noyabr tarixlərini əhatə edəcək tədbirə dünyanın 80 ölkəsindən nümayəndələr dəvət edilib. Konfransda dini xadimlər və alimlərlə yanaşı, 10 nazirin, İran prezidenti Həsən Ruhaninin və parlamentin spikeri Əli Laricaninin də iştirakı gözlənir.
Tədbirin qrafiki tam açıqlanmasa da, təşkilatçıların və konfransın adından da görünür ki, orada daha çox islam həmrəyliyi və məzhəblər arasındakı dözümlülükdən danışılacaq. Bildiyimiz kimi, Azərbaycan bu istiqamətlərdə olduqca mühüm nailiyyətlər əldə edib. Azərbaycanın islam həmrəyliyi və tolerantlığı sayəsində əldə etdiyi uğurların bu konfransda müzakirəsi və örnək olaraq göstərilməsi mümkündürmü?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə bildirdi ki, deyilən sahələr üzrə Azərbaycanın əldə etdiyi uğurlar doğrudan da örnək sayılacaq dərəcədədir: “Azərbaycan dini quruluşa malik olan ölkə deyil. Amma bir dünyəvi modelli ölkə kimi islama münasibətdə, bu yöndə olan həmrəylik təşəbbüslərinin dəstəklənməsində heç də sırf dini quruluşlara malik olan ölkələrdən geri qalmır. Azərbaycan İslam Əməkdaşlığı Konfransı çərçivəsində bizimlə eyni dinin daşıyıcıları olan dövlətlərlə yaxından əməkdaşlıq edir. Ölkəmiz islam mədəniyyəti və həmrəyliyinə aid olan ən mühüm tədbirlərə evsahibliyi edib. Təsadüfi deyil ki, ölkəmiz İslam Həmərəyliyi Oyunlarını da təşkilatçı olaraq yüksək səviyyədə keçirdi. Bizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri yaşayırlar. Bu istiqamətdə Azərbaycandakı sabitlik doğrudan da dünya üçün gözəl nümunə sayıla bilər. Deyilən konfransda yəqin ki, ölkəmizdən də nümayəndələr iştirak edəcək və onlar bu nailiyyətlər barədə məruzələr edəcəklər. Amma mən istərdim ki, həmin konfransda Azərbaycanın islam həmrəyliyi, məzhəblər və dinlər arasındakı tolerantlığa necə nail olması və bu yöndə dövlətin verdiyi dəstəklə bağlı daha geniş panel müzakirələri aparılsın. Əminəm ki, bu sahədə problemlər yaşanan ölkələr üçün təcrübəmizin mənimsənilməsi çox faydalı ola bilər”.
Məhəmmədəli QƏRİBLİ