Yeganə Hacıyeva: “Belə bir araşdırmalara start verilsə, biz bəlkə də dünya miqyasında olan ən böyük bir cinayətkar sindikatın əməllərini ifşa etmiş olarıq”
Erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfərlər edən və buna görə Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan olunan Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus öz ekstermist mövqeyinə görə bu dəfə Albaniyada "qara siyahı"ya salınıb.
Buna səbəb kimi həmin şəxsin Albaniyanın ərazi bütövlüyünü təhdid edən çıxışları göstərilir. Qeyd edək ki, sözügedən deputatın reputasiyası o qədər də təmiz deyil. Azərbaycanda “qara siyahı”ya düşməsindən nəticə çıxarmaq əvəzinə, bu deputat daha bir ölkəyə qarşı etdiyi həqarətlərə görə cəzalandırılıb. Bu şəxs indi də başqa bir dövlətin-Albaniyanın ərazi bütövlüyünə təhlükə törətməsi ilə gündəmdədir. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub.
Maraqlısı budur ki, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk Avropa Parlamenti üzvü də ola bilər. Bu şəxsin Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki onun bütün qanunsuz səfərlərinin təşkilatçısı əslən erməni olan K.Karampetyandır. E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayətkar qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.
Almaniyadakı siyasi mafioz erməni qruplaşmasının Karampetyan-Teoxarus birliyi ilə sıx bağlı olduğuna dair faktları da nəzərə alsaq, mənzərəni aydın təsəvvür edə bilərik. Artıq heç bir şübhə yeri qalmır ki, müasir Ermənistan dövlətinin siyasi lobbisinin əsasını kriminal erməni mafiyası təşkil edir. Avropada bütün separatizm ocaqlarına dəstək verən və işğal altındakı Qarabağ bölgəsinə səfərlər təşkil edən də məhz bu mafiyadır. Avropa siyasi strukturlarına yayılmış erməni mafiyasının bir elementi olan Karampetyan-Teoxarus qrupunun fəaliyyətinin məhz həmin təsisatların daxilində araşdırılmasının vaxtı çatıbmı və bunun edilməsinə beynəlxalq hüqüq yol verirmi?
Avropa strukturları ilə sıx əlaqədə çalışan ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, bir sıra Avropa təsisatlarında bunun edilməsi mümkündür: “Avropa Parlamentində reqlament qaydaları və üzvlərin məsuliyyəti öhdəliyi mövcuddur. Biz zaman-zaman Avropa Parlamenti reqlament qaydalarına əsasən bu üzvlərin cəzalandırılmasının, səsvermə hüququndan müvəqqəti də olsa məhrum edilməsinin şahidi olmuşuq. Digər tərəfdən, Avropa Parlamenti AŞPA, ATƏT coğrafiyasında fəaliyyət göstərən bir qurumdur. Deməli, onun fəaliyyətini ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə hörmət əsasında qurmaq, bu prinsiplərə əməl etmək və həmin prinsipləri təşviq etmək kimi öhdəliyi mövcuddur. Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Teoxarus öz ölkəsində şübhəli fəaliyyətli və qalmaqallı siyasətçi kimi tanınır. Ölkəsində seçki kampaniyaları zamanı bu xanıma rəqiblərinin ona qarşı irəli sürdükləri ittihamlardan biri də formalaşdırdığı siyasi partiyaların maliyyə qaynaqlarının şəffaf olmamasıdır. Ölkəsində seçki debatlarında dəfələrlə partiyası və kampaniyasının maliyyə qaynağını elan edilməsi tələb olunsa da, E.Teoxarus bunu etməyib”.
Ekspertin sözlərinə görə, Avropa Parlamentində Xalq Partiyası fraksiyasının üzvü olan Teoxarus qondarma qurumlarla "əməkdaşlıq" və sifarişli spiker təcrübəsi ilə məşhurdur: “Diğər tərəfdən, bu xanım milli və irqi zəmində düşmənçi ifadələrinə görə Avropa Parlamentinin müxtəlif proqramlarından dəfələrlə diskvalifikasiya edilmiş bir şəxsdir.
Misal üçün deyim ki, məhz elə bu ayın əvvəllərində Albaniya dövlətinin ərazi bütövlüyünü şübhə altına alan ifadələrinə görə o, bu ölkədə arzuedilməz şəxs elan edilərək, ölkəyə girişinə qadağa qoyulub.
Avropa Şurasının Parlament Assambleyasında, AP-də və digər qurumlarda Azərbaycanla bağlı qərəzli, aqressiv sənədlərin, qətnamələrin və bəyanatların qəbul olunmasında əli olan şəxslərin adının əks edildiyi, məhz Avropa İttifaqı ərazisində strateji və kəşfiyyat məsələləri üzrə ixtisaslaşmış qurumların hesabatlarına diqqət yetirək.
Konkret olaraq məhz Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) kimi tanınan nüfuzlu bir Mərkəzin, Avropa İttifaqının siyasi qurumları və onların əməkdaşlıq etdikləri QHT şəbəkələri haqqında mütəmadi çap etdiyi hesabatları nümunə göstərə bilərəm. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında Soros Fondunun maliyyələşdirdiyi və Avropa İttifaqının da müəyyən siyasi və iqtisadi məsələlərdə təzyiq vasitəsi kimi istifadə etdiyi QHT-lərdən ibarət gizli şəbəkənin mövcudluğu ifşa olunub.
Avropa Şurası Parlament Assambleyasının üzvlərinin Azərbaycana münasibətdə işğal olunmuş ərazilərimizə səfər etməsi bu qurumun reqlament və üzvlərin məsuliyyət qaydalarına zidd və qurumun üzvlərə tətbiq etdiyi etika qaydalarının pozulması deməkdir.
Fikrimcə AŞPA və AP də ATƏT coğrafiyasının işğal olunmuş ərazilərinə səfər edən şəxslərə qarşı reqlament qaydaları və üzvlərin məsuliyyət prinsiplərini hüquqi əsas tutaraq, araşdırmaların başlanması üçün komissiyanın yaradılması təşəbbüsü irəli sürülməli və bu istiqamətdə sistemli fəaliyyət aparılmalıdır.
Xüsusilə də həmin qrupların Avropanın özündə ifşa olunan erməni kriminal-mafioz dairələri ilə əlaqələrinin aşkara çıxması bu araşdırmanın tezləşdirilməsini labüd edir. Bunlar siyasi yönlü cinayətlər olmaqla yanaşı, həm də kriminal məzmunlu əməllərdir. Belə araşdırmalara start verilsə, biz bəlkə də dünya miqyasında olan ən böyük bir cinayətkar sindikatın əməllərini ifşa etmiş olarıq və onlara lazımi hüquqi qiymət verilə bilər”.
Məhəmmədəli QƏRİBLİ