Akif Aşırlı: “Prezident Azərbaycan dövlətinin iradəsini ortaya qoyub”
Elə dəyərlər var ki, onlara toxunmaq, onların ətrafında müzakirələr açmaq, ajiotaj yaratmaq heç də arzuedilən hal deyil. Son zamanlar Azərbaycanın dövlətçilik atributlarından biri olan himnlə bağlı müxtəlif fikirlər səsləndirilir, hətta onun mətninin dəyişdirilməsi, həcminin qısaldılması və s. ilə əlaqədar təkliflər, rəylər eşidilirdi. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Milli Məclisi 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Himni haqqında Əsasnamə təsdiq edilib.
Dünən isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Qanunu imzalayıb. Qanuna əsasən, musiqisi Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.
“Şərq” qəzetinin baş redaktoru, tanınmış tədqiqatçı Akif Aşırlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı ayrıca qanun imzalanması artıq heç kəsə himnlə bağlı əlavə fikirlər səsləndirmək imkanı verməyəcək. “Təbii ki, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi ilə bağlı Prezidentin imzaladığı qanunun xüsusi əhəmiyyəti var. Bu onunla bağlıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Aktında göstərildiyi kimi, dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu baxımdan, dövlətimiz Cümhuriyyətə aid bütün atributların da varisidir və bu varisliyi qoruyub saxlayır. Həmin dövrdə qəbul edilən himnimizə, gerbimizə, üçrəngli bayrağımıza bu gün varislik etməyimiz tam qanunauyğundur. Bu, tariximizə, dövlətçiliyimizə, ənənələrimizə bağlılığımızdan xəbər verən bir göstəricidir. Bilirsiniz ki, zaman-zaman himnimizlə bağlı müxtəlif fikirlər səsləndirilib. Ancaq Prezident İlham Əliyev bu haqda qanun imzalamaqla bütün mövcud fikirlərə nöqtə qoydu. Düşünürəm ki, artıq bu məsələ ilə bağlı heç bir müzakirəyə əsas və şərait yoxdur. Prezident himnin musiqisini və sözlərini təsdiqləməklə Azərbaycan dövlətinin iradəsini ortaya qoyub”. A.Aşırlı hesab edir ki, hər bir Azərbaycan vətəndaşı da o iradənin real nəticələrinin ifadəsi olaraq bu qanunun tələblərinə əməl etməlidir.
İradə SARIYEVA