Qabil Hüseynli: “Azərbaycan müşahidəçi statusu ilə təşkilatda gedən prosesləri, orada verilən qərarları izləmək imkanına malik olacaq”
KTMT-nin Astanada baş tutan sammitində, ən azı, təşkilatın bəzi üzvlərinin baş katibliklə bağlı Ermənistanın kvotasının davam etdirilməməsi niyyətində olmaları və onun əlifba sırası üzrə Belarusa verilməsini təklif etmələri haqqında yayılan informasiyanın təsdiqini tapması Ermənistanın həmin qurumda hansı nüfuza sahib olduğunu üzə çıxardı.
Bunu onsuz da erməni kvotasına cəmi bir ilin qalması və yeni baş katibin tam həcmdə işə başlaması üçün hətta bütün üzv dövlətlərə baş çəkə bilməyəcəyi ilə əsaslandıraraq, Nursultan Nazarbayev bəyan etdi. Məhz həmin tədbirdə Belarus və Qazaxıstanın eyni mövqe sərgiləyərək Ermənistana qarşı demarş etməsi bir sıra mətləblərə aydınlıq gətirmiş oldu. Məlum oldu ki, KTMT-yə üzv olan ölkələrin Ermənistanla eyni qurumda təmsil olunmalarına baxmayaraq, İrəvana qarşı antipatiyaları var. Ancaq KTMT-nin tərkibinə nəzər yetirdikdə məlum olur ki, orada təmsil olunan ölkələrin (Ermənistanı çıxmaq şərtilə - M.Q.) Azərbaycanla yüksək səviyyədə əlaqələri mövcuddur. Hətta həmin 5 ölkənin sırasında olanların əksəriyyəti ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Biz Astana sammitində Ermənistana qarşı olan münasibəti də gördük. Belə bir hal gələcəkdə KTMT-Azərbaycan və KTMT-Ermənistan münasibətləri üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli məsələ ilə bağlı qəzetimizə açıqlamasında bunları bildirdi: “Astana sammitinin gedişi bir daha göstərdi ki, Ermənistan həmin qurumun daxilində olan nüfuzunu get-gedə itirir. Rotasiyaya görə, KTMT-də baş katib vəzifəsini 2020-ci ilə qədər Ermənistan nümayəndəsi daşımalı idi. Ancaq təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Yuri Xaçaturov vaxtından əvvəl vəzifəsindən azad edildi. Ermənistan nə qədər çalışsa da, Xaçaturovun əvəzinə namizəd verə və vəzifəni saxlaya bilmədi. Bu, Ermənistanın təşkilatda indiyə qədərki uğursuz siyasətinin nəticəsi idi”.
Politoloq hesab edir ki, Astanada KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar mühüm əhəmiyyət daşıyır və bunun KTMT-Azərbaycan münasibətlərinə ciddi təsiri olacaq: “Bu qərar birbaşa Azərbaycanın təşkilata üzv dövlətlər yanında nüfuzundan xəbər verir. Nazarbayev qonşu ölkələri KTMT-də tərəfdaş və yaxud da müşahidəçi statusunda iştirak etməyə çağırıb. Düzdür, Azərbaycan tərəfi bununla bağlı geniş izahat verməyə lüzum görmədi, ancaq Rusiya mətbuatına və Nazarbayevin açıqlamasına istinad etsək, dəvətnamələrdən birinin Azərbaycana göndərildiyi təsdiqlənir. Hətta bu prosesdə müəyyən bir fənd də işlədilə bilər. Belə ki, Ermənistan amili nəzərə alınaraq Azərbaycanla yanaşı, Moldova və digər ölkələrə də dəvətnamə göndərilə bilər. Təbii ki, burada əsas məqsəd təşkilatda müşahidəçi ölkə olaraq məhz Azərbaycanı görməkdir. Beləliklə, Azərbaycan müşahidəçi statusu ilə təşkilatda gedən prosesləri, orada verilən qərarları izləmək imkanına malik olacaq. Bu isə Azərbaycana Ermənistanı neytrallaşdırmaq üçün mühüm imkanlar aça bilər. Göründüyü kimi, Ermənistan KTMT daxilində nüfuzunu itirir, ancaq Azərbaycanı orada görmək istəyirlər. Çünki həmin qurumdakı iki ölkə türkdillidir və bizimlə qardaşlıq münasibəti saxlayırlar. Belarus isə bizi əsl tərəfdaş kimi müdafiə edir. Rusiya ilə isə münasibətlərimiz çox yüksək səviyyədədir. Tacikistanla da ikitərəfli münasibətlərimiz arzuedilən məcrada davam edir. Bu göstəriciləri Ermənistana şamil edə bilmərik”.
Məhəmmədəli QƏRİBLİ