“Dövlətçilik atributları ilə bağlı imzalanan sənədlər məhz bugünkü Azərbaycan reallıqlarını özündə daha çox əks etdirir”
Azərbaycan Respublikasının Dövlət Gerbi dövlətimizin suverenlik, müstəqillik rəmzlərindən biri kimi hər bir vətəndaşın ürəyində özünə ucalıq qazanıb. Azərbaycan vətəndaşlarının böyük sayğı və sevgi bəslədiyi Dövlət Gerbimiz dövlətimizin, xalqımızın qürur ünvanlarından biridir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu imzalayıb. Qanunla “Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri” təsdiq edilib.
Konstitusiya Qanununa əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən Şərq qalxanı şəklindədir. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiya Qanununu imzalaması təqdirəlayiq haldır. “Prezident tərəfindən Dövlət Gerbi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Qanununun imzalanması çox mühüm bir hadisədir. Bu doğrudan da hər birimizdə müsbət əhval yaratdı. Ümumiyyətlə, Azərbaycan dövlətinin atributları təkcə dövlət üçün deyil, eyni zamanda, hər bir vətəndaş üçün bir simvol, qəlbinin dərinliklərində bir istilik, hərarət ünvanı olmalıdır. Çünki hər bir ailədə, hər bir yerdə dövlət atributlarımıza güclü sevgi bəslənməsi, təlqin edilməsi vacibdir. Gerb haqqında ayrıca qanun hazırlanması həm dövlət müstəqilliyimizin əbədiliyi ilə bağlıdır, həm də Qarabağı düşməndən azad etmək əzmimizlə əlaqədardır. Bu qanun, eyni zamanda, ölkəmizi dünyada tanıtdırmaq baxımından təqdirəlayidir” - deyə bildirən V.Abışov hesab edir ki, gerbə sevgi, hörmət hissi uşaqdan tutmuş, yaşlı insanlara qədər hər kəsin ürəyində, əməlində bərqərar olmalıdır. “Düzdür, Azərbaycan Respublikasının Konstitusiyasında bayraq, gerb və himnin dövlətin əsas dövlətçilik atributları olması göstərilir. Lakin indi “Dövlət Gerbi haqqında” Qanunun imzalaması bir daha onu göstərir ki, dövlətçilik atributları ilə bağlı imzalanan sənədlər məhz bugünkü Azərbaycan reallıqlarını özündə daha çox əks etdirir. Prezidentin həm dövlət atributları, həm Azərbaycan dili, həm də digər dəyərlərimizlə bağlı imzaladığı sənədlər, verdiyi qərarlar Azərbaycan reallıqlarına uyğundur. Bu baxımdan, “Dölət Gerbi haqqında” Qanunun təsdiq edilməsi çox müsbətdir və irəliyə doğru atılan addımlardan biridir. Mənə elə gəlir ki, bununla bağlı daha mühüm qərarlar qəbul ediləcək”. V.Abışovun fikrincə, ölkə başçısının dövlət atributları ilə əlaqədar ayrıca qanunlar imzalaması, qərarlar verməsi dövlətçiliyimizin daha da möhkəmlənməsi yolunda atılan addımlardan biridir.
İradə SARIYEVA