Elşən Həsənov: “Ermənistan heç bir parametrlərinə görə həmin təşkilata töhfə vermək iqtidarında deyil”
Ermənistanın Astana sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaşadığı uğursuzluqdan sonra bu mövzu ətrafında diskussiyalar səngimir. Həmin tədbirdən sonra Belarus Prezidenti Lukaşenkonun Azərbaycan səfirini çağırıb söhbət etməsi Ermənistanı tamamilə özündən çıxarıb. Hətta vəziyyət o həddə çatdı ki, onlar dövlətlərarası münasibətlərə xələl gətirə biləcək açıqlamalarla çıxış etdilər.
Ermənistanın Lukaşenko ilə səfirimiz arasında olan səmimi görüşü öz istəklərinə uyğun şəkildə interpretasiya etdiyi məqamda Azərbaycan Prezidenti həmin ölkənin səfirini qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşdə deyib ki, regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş sammitini çox diqqətlə izlədik: “Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik”.
Dövlət başçısı bildirib ki, bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir:
“Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin Prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir.
Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur”.
Göründüyü kimi, İlham Əliyev KTMT daxilində baş verən proseslərin yaxından izlənilməsilə bağlı məsələnin ölkəmizin haqqı olduğunu dilə gətirib və bildirib ki, həmin qurumun ən böyük problemi elə Ermənistanın özüdür. KTMT-nin qanadı altına sığınan Ermənistan həmin təsisat üçün hansı problemləri yaratmış olur?
Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər:
“Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməməsi üçün təsir etməyə çalışıb. Lakin Rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Bilirsiniz ki, KTMT-yə rotasiya qaydasına uyğun olaraq sədrlik edən erməni generalı Xaçaturov Ermənistanda hakimiyyət dəyişdikdən sonra problemlərlə üzləşib. Hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra yeni hakimiyyət 2008-ci il mart hadisələrini yenidən araşdırmağa başlayıb. Cinayət işinə cəlb olunan şəxslər içərisində 2008-ci ildə erməni qarnizonuna komandanlıq edən KTMT-nin baş katibi Yuriy Xaçaturov da olub. Onu hətta həbs edib, bir neçə gün sonra buraxdılar. Təbii ki, baş verənlər ilk növbədə KTMT-nin imicinə ciddi zərbə vurdu. Bundan başqa, Ermənistan həmin hərbi qurumda öz ordusu ilə təmsil olunur. Həmin ordu isə tam təsdiqini tapmış şəkildə qonşu ölkənin ərazilərini işğal edib və hazırda da həmin proses davam edir. Məhz bu cür yürüdülən siyasət və davranışlara görə Ermənistan KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil. Ümumiyyətlə, təsis olunmasından etibarən KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb. Təşkilatın baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması isə qurumun nizamnaməsinə ən böyük hörmətsizlik sayıla bilər. Astanada keçirilən zirvə görüşü bir daha göstərir ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər. Hətta Ermənistanın ən böyük havadarı sayılan Rusiya da KTMT ilə bağlı məsələdə İrəvana güzəşt etmək fikrində deyil. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Y.Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət qurumun nüfuzuna da xələl gətirib. İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək. Ermənistan bu uğursuzluğun şokunu hələ çox yaşayacaq. Nə qədər ki, Ermənistan öz işğalçılıq və təcavüzkarlıq siyasətindən əl çəkməyib, şovinizm xəstəliyindən qurtulmayıb, onların uğursuzluqlarının davamı ard-arda gələcək. Ermənistan belə davam etsə, təcrid vəziyyətini dərinləşdirəcək".
Ekspertin sözlərinə görə, Ermənistan heç bir parametrlərinə görə həmin təşkilata töhfə vermək iqtidarında deyil: “Müşahidələr göstərir ki, Ermənistan tək bu təşkilatda yox, ümumiyyətlə, üzv olduğu bütün təşkilatlarda problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa heç nəyə lazım deyil. Ona görə də təşkilatlar, bir növ, Ermənistandan canlarını qurtarmaq istəyirlər. Bu baxımdan da cənab Prezident doğru olaraq vurğulayır ki, Ermənistan KTMT-nin daxilində ciddi problem yaradır”.
Məhəmmədəli QƏRİBLİ