Rusiyanın gələn ilin sonunda istifadəyə vermək niyyətində olduğu “Şimal axını-2” layihəsi ətrafında yenidən gərgin vəziyyətin yaranması müşahidə edilməkdədir. Belə ki, ABŞ bu layihənin həyata keçməsini əngəlləmək üçün daha qəti şəkildə hərəkət etməyi, hətta bu xüsusda Avropa ölkələrinə qarşı belə sanksiyalar siyasətini işə salmağı düşünür.
Məsələyə növbəti dəfə münasiöət bildirən ABŞ-ın energetika naziri Rik Perri vurğulayıb ki, Avropanın Rusiya asılılığına son qoymaq üçün enerji təchizatının diversifikasiyasına ehtiyacı var.
Macarıstanda səfərdə olan Perri bidirib ki, Rusiyanın enerjidən silah vasitəsi kimi istifadə etməsinə yol verilməməlidir. O, bununla Rusiyanın əvvəllər qış aylarında müvəqqəti olaraq qaz təchitazını kəsməsini nəzərdə tutub. Bunun əsas təsiri Şərqi Avropa ölkələrinədir. Yeri gəlmişkən qeyd edək ki, Macarıstan Rusiyanın enerji təchizatından asılıdır və özünün sovet dövründən qalmış enerji sisteminin inkişaf etdirilməsində Rusiyanın maliyyəsi və təcrübəsindən istifadə edir. Lakin Budapeşt, eyni zamanda, Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarını dəstəklədiyi halda, onların iqtisadi rəqabət əsasında aradan qaldırılmasının tərəfdarıdır. ABŞ isə həm Rusiyaya qarşı sanksiyaların qalmasında, həm də “Şimal axını-2” layihəsinin dondurulmasında maraqlıdır. Elə Rik Perri də vurğulayır ki, bu kəmər “dar və dayaz dəniz məkanında” təhlükəli vəziyyət yarada bilər. O əlavə edib ki, ABŞ avropalıların yeganə təchizatçıdan asılı olmamaq istəyini və rəqabətliyin artmasını dəstəkləyir. Yaranmış vəziyyətdə ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend bildirib ki, Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına mane olmaq üçün alətlər var. Sondlend də hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur. Səfir bildirib ki, Vaşinqton qışda böhranla əlaqədar təbii qazın kəsilməsini istəmir: “Avropa İttifaqı bu məntiqi anlamasa, onda ABŞ prezidenti bu layihəni dayandırmaq üçün bir çox başqa alətdən istifadə edə bilər. Bizin sərəncamımızda çoxlu alət var, mən indi onları açıqlamayacağam. ABŞ qaz kəmərinin tikintisinin dayandırılması üçün bütün vasitələrdən istifadə etməyib”.
Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti isə yazır ki, ABŞ bir neçə həftəyə “Şimal axını-2” qaz kəməri layihəsinin iştirakçılarına qarşı sanksiyaları elan edə bilər. Nəşr xatırladır ki, layihə Rusiyanın “Qazprom” şirkəti və onun Avropadan olan partnyorları “Royal Dutch Shell PLC”, “Wintershall AG”, “Uniper SE”, “OMVAG” və “Engie SA” şirkətləri tərəfindən həyata keçirilir. Qeyd edilir ki, Amerika hakimiyyəti layihənin icrasını dayandırmaq üçün cəhdlər edib, ancaq bütün ölçülər uğursuz olub. Bununla belə, ona da diqqət yetirilir ki, artıq ABŞ prezidenti Donald Tramp “Şimal axını-2” layihəsində iştirak edən şirkətlərə sanksiya qoymaq səlahiyyəti verən fərman imzalayıb.
Rusiya hakimiyyəti isə iddia edir ki, qaz kəməri iqtisadi layihədir və qarşısına siyasi hədəfləri qoymur. Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya iki xəttin tikintisini nəzərdə tutur. Kəmər Almaniyaya qədər Rusiya, Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonalarından keçəcək. Hazırda qaz kəmərinin tikintisi üçün operatorun yalnız Danimarkadan icazə alması qalıb. Polşa, Baltikyanı ölkələr isə indiki vəziyyətdə ABŞ-ın mövqeyini dəstəkləyərək “Şimal axını-2” layihəsinin çəkilməsinə qarşıdırlar. Ekspertlər bildirir ki, belə vəziyyətdə ABŞ “Şimal axını-2” layihəsinə qarşı sanksiyalar tətbiq etsə, kəmərin çəkilişi xeyli gecikə bilər. Bu halda Avropanın qaza artan tələbini ödəmək üçün digər mənbələrdən idxala diqqəti daha da artacaq ki, bunun da başında Azərbaycan gəlir. Avropa onun üçün mühüm əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsinin bu fonda mümkün qədər tez həyata keçməsini istəyir. Hazırda bununla bağlı bütün diqqət Azərbaycan qazını Avropaya çatdıracaq sonuncu halqa kimi dəyərləndirilən “Transadriatik” (TAP) boru kəmərinə yönəlib. Layihənin çəkilişində iştirak edən İtaliyanın “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera bununla bağlı bildirir: “Transadriatik” təbii qaz boru kəməri layihəsinin 80 faizdən çoxu tamamlanıb və bu yaxınlarda İtaliyada işlər yenilənib. Beləliklə biz təsdiq edə bilərik ki, layihə 2020-ci ildə başa çatacaq. TAP Yunanıstan-Türkiyə sərhədində TANAP-la birləşərək, İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya, Apuliya sahillərinə gəlməzdən öncə Şimali Yunanıstandan, Albaniyadan və Adriatik dənizindən keçəcək. “Snam” TAP layihəsinin 20 faizlik səhmdarıdır. İtaliya hökuməti bu yaxınlarda, Apuliyada yerli sakinlərin etirazlarına baxmayaraq, TAP-ın tikintisinin dayandırmayacağı barədə açıqlama verib”.
Qeyd edək ki, bu layihə Azərbaycan təbii qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Amma hazırda Avropa üçün maraq doğuran məsələ “Cənub Qaz Dəhlizi”nə, Azərbaycanla yanaşı, Türkmənistan qazının da cəlb edilməsidir. Artıq bu xüsusda intensiv danışıqlar aparılır.
Tahir TAĞIYEV