Vüqar Qədirov: “Bir daha təsdiq olunur ki, sözügedən missiya Ermənistandakı seçkilərə indidən demokratik don geyindirməyə köklənib”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının əsas heyəti Ermənistana səfər edib. Erməni KİV-lərinin verdiyi məlumata görə, onları Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukucyan qəbul edib.
Qeyd edək ki, sözügedən missiya bu ilin 9 dekabrında Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə etməklə bağlı qərar qəbul edib. Ermənistan MSK-sında keçirilən görüşdə ATƏT missiyasının rəhbəri Urşula Qaçek bildirib ki, onlar geniş tərkiblə:13 əsas, 20-yə yaxın uzunmüddətli, 200 nəfərlik qısamüddətli müşahidəçi ilə seçkiləri genişmiqyaslı monitorinq etmək niyyətindədirlər. Qaçek deyib ki, proseslərin gedişi zamanı onlara başqa müşahidə missiyalarının da qoşulacağı gözlənir. Bu məsələdə diqqətçəkən vacib məqam ATƏT DTİHB-nin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı ilkin rəyini açıqlamamasıdır. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti seçkilərin demokratik keçirilməsi ilə bağlı Venesiya Komissiyasının təkliflərinə birmənalı rədd cavabı verdi. Bunun özü seçkinin demokratik keçirilməsi niyyətinə birbaşa kölgə salan faktor olduğu səbəbindən Ermənistanda olan müşahidə missiyasının diqqətindən heç cür yayına bilməzdi. Daim səsli-küylü bəyanatları ilə yadda qalan ATƏT DTİHB-nin Ermənistandakı seçkiqabağı mühitin dəyərləndirilməsi ilə bağlı nümayiş etdirdiyi susqunluq nə ilə əlaqəlidir?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, sözügedən missiyanın deyilən məsələ ilə bağlı nümayiş etdirdiyi susqunluq doğrudan da təəccüblüdür: “Avtomatik olaraq məhz bu missiyanın 2013-ci ildə Azərbaycan və Ermənistanla bağlı ortaya qoyduğu mövqedə açıq qərəzi yadıma düşdü. Həmin il hər iki ölkədə seçki keçirilirdi. Ermənistandakı seçki təbliğatı zamanı namizədlərin birini küçənin ortasında güllələmişdilər, digərinin qərargahına isə silahlı basqın olmuşdu. Azərbaycanda isə müxalifətə telefiziyada çıxış imkanları, şəhərin mərkəzi hissəsində icazəli mitinq keçirmək şəraiti yaradılmışdı. Onların qiymətləndirməsi bilirsiniz necə oldu? Ermənistandakı seçki mühitini bizdən daha yaxşı dəyərləndirmişdilər. Bu səbəbdən də bu gün baş verənə bir qədər yaxın tarixin aspektindən yanaşdım. Yənə ikili standart, Ermənistanın nazı ilə oynama, ərköyün uşaq kimi onu bəsləmək faktları ortaya çıxır. Bəli, Paşinyanın əlində oyuncağa çevrilmiş parlament Venesiya Komissiyasının seçki tövsiyələrini birdəfəlik rədd etdi. Orada nələr təklif edilirdisə, seçkilərin demokratik baş tutmasına hesablanırdı. Parlamentdə həmin qərarın qəbul edilməsi Paşinyanın iradəsinin məhsulu idi. Necə ola bildi ki, dirijor çubuğu ilə parlamenti istədiyi kimi idarə edən və özünü demokrat sayan Paşinyan Venesiya Komissiyasının tövsiyələrini parlamentdən keçirə bilmədi? Hətta həmin təkliflərə ironik yanaşma da ortaya qoyuldu. Dedilər ki, bir neçə ay əvvəl köhnə seçki məcəlləsi ilə İrəvan merini seçdik, parlamenti də onunla seçərik. Bütün bunlar Ermənistandakı seçkiqabağı mühitin antidemokratik olduğunu şərtləndirir. Ola bilməz ki, digər ölkələrdə hər xırda detalı belə nəzərindən qaçırmayan ATƏT DTİHB Ermənistandakı vəziyyətdən məmnun olsun. Bir daha təsdiq olunur ki, sözügedən missiya Ermənistandakı seçkilərə indidən demokratik don geyindirməyə köklənib. Təbii ki, bu cür ikili yanaşma bizə pis təsir edir. Bu, eyni zamanda, həmin missiyanın imicini zədələyir”.
Məhəmmədəli QƏRİBLİ