Hatəm Cabbarlı: “Hədəf budur ki, Sankt-Peterburq görüşünə kimi Lukaşenkonu indiki mövqeyindən çəkindirməyə nail olsunlar”
Ermənistan üçün kifayət qədər uğursuz alınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitindən sonra həmin ölkənin KİV-lərində əməlli-başlı isterika nəzərə çarpır. Onlar bütün cəhdləri ilə Astana sammiti və KTMT barədə əks-təbliğat aparırlar.
Bu yöndə olan məqalələrdən birində qeyd edilir ki, Astana sammitindən sonra Belarusa qayıdan Lukaşenko Azərbaycanın ölkəsindəki səfirini yanına dəvət edib və ona KTMT-nin toplantısı barədə ətraflı məlumat verib. Məlum olduğu kimi, KTMT-nin son sammitində sədrlik Ermənistanın əlindən alınaraq Belarusa verilib. Ermənistan isə 2020-ci ilə kimi sədrliyin onda qalmasına can atırdı. Belarus və Qazaxıstan rəhbərlərinin prinsipial mövqeyindən sonra Ermənistan oyundankənar vəziyyətə salınıb.
Görünür, bu səbəbdən də Ermənistan mətbuatı Lukaşenkonu xüsusi olaraq hədəf seçib və onun barəsində həqiqətə uyğun olmayan məlumatları tirajlayırlar. Ermənistan KİV-lərində dərc olunan materialda, həmçinin, bildirilir ki, Lukaşenko Azərbaycanın Belarusdakı səfirinə Ermənistanla bağlı hansı planların olduğunu da ətraflı danışıb: “Lukaşenko səfirə deyib ki, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqına sədrlik edir, eyni zamanda, KTMT-yə də sədrlik onun əlində idi. Ancaq Ermənistan keçid dövrünü yaşadığı üçün bu yükü daşımaq İrəvan üçün ağır olar. Bu suallara cavabı Paşinyan dekabrın 6-da Sankt-Peterburqda cavab verməli olacaq”.
Erməni KİV-ləri iddia edirlər ki, Lukaşenko bizim səfirə sona qədər Azərbaycanın maraqlarını qoruyacağına və Ermənistanın istəklərinə mane olacaqlarına dair söz də verib.
Ermənistan KİV-lərinin Lukaşenko ilə bizim səfir arasında olan danışıqlar barədə iddialarını nə dərəcədə əsaslı saymaq olar? Ümumiyyətlə, belə bir məlumatı Ermənistan tərəfinin əldə edə bilməsi nə dərəcədə mümkündür?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan KTMT-yə sədrliyin onlarda qalması ilə bağlı israrlı mövqe ortaya qoydu: “Əslində, növbəti iki ildə KTMT-də baş katib səviyyəsində təmsil olunmaq Ermənistanın haqqı olan məsələdir. Yəni qurumun nizamnaməsi buna tam icazə verir. Mövcud baş katibi Paşinyanın özü vəzifəsindən geri cağırıb. Bu səbəbdən də Paşinyan onun başqası ilə əvəz edilməsini istəyir. KTMT-də kimin baş katib vəzifəsində qalacağı hələ də öz həllini tapmayıb. Məhz bu səbəbdən də Ermənistan mətbuatı həmin məsələdə onların mövqeyinə qarşı çıxan Lukaşenko və Nazarbayevə qarşı belə qara piar aparır. Bir sözlə, şantajla onları yollarından döndərməyə çalışırlar. Əslində, Belarus və Qazaxıstan bundan əvvəl də Ermənistanla bağlı prinsipial mövqelər ortaya qoyublar. Ancaq maraqlı olan məsələnin başqa tərəfidir. Ermənistan liderlərin üstünə getmək kimi gücü kimdən alır? Təbii ki, Rusiyadan. Rusiya bilir ki, hazırda Paşinyan üçün həssas məqamdır və onun KTMT-dəki uğursuzluğu seçkinin nəticəsinə ciddi təsir edə bilər. Ona görə də Paşinyana gizli dəstək verir. Ancaq Rusiya da bunu elə-belə etməz. Paşinyandan nəyi alıb bunu etdiyini biz qarşıdakı proseslərin cərəyanı zamanı görəcəyik. Ona görə də ermənilər bilirlər ki, dekabrın 6-da məsələ tam həllini tapa bilər. Lukaşenkonun hədəf alınması da bununla bağlıdır. Əslində, Lukaşenkonun Azərbaycan səfiri ilə görüşməsində qəbahət nəsə yoxdur. Səfir ölkəmizi orada təmsil etdiyi üçün müəyyən məsələlərlə bağlı onunla məsləhətləşmənin aparılmasında da qeyri-adi nəsə yoxdur. Ancaq hansısa söhbətin detallarını erməni KİV-lərinin tirajlaması isə bu niyyətin şantaj olduğunu büruzə verir. Hədəf də budur ki, Sankt-Peterburq görüşünə kimi Lukaşenkonu indiki mövqeyindən çəkindirməyə nail olsunlar”.
Məhəmmədəli QƏRİBLİ