Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının yenidən bərpa olunması və konkret addımlar atılması üçün indi əsas diqqət Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərinə yönəlib. Çünki məhz bu seçkilərdən sonra İrəvanda Nikol Paşinyanın hakimiyyətinin tam bərqərar olması və bundan sonra onun Qarabağ məsələsində hansısa addımlar ata biləcəyi proqnozlaşdırılır.
Paşinyanın bu məsələdə hansı gedişlər edə biləcəyi isə hələ dəqiq bəlli deyil. Onun öz açıqlamaları indilikdə destruktiv xarakter daşıyır və əsas etibarı ilə danışıqların indiyə qədər olan ruhu ilə də birbaşa ziddiyyət təşkil edir. Amma Paşinyanla görüşən bir çox xarici ölkə rəsmiləri, məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton tamam fərqli mövqe sərgiləyir. Boltonun dediklərindən belə bəlli olur ki, Paşinyana bağlı qüvvələr parlament seçkilərində qalib gəlsə, Qarabağ münaqişəsinin həlli istiqamətində də real addımlar atılacaq.
Rusiya politoloqu, Ən Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov isə, əslində, seçkilərdən sonra Paşinyanın Qarabağ məsələsində konkret addımlar atmasının məcburi olduğunu bildirir. Onun sözlərinə görə, Paşinyan buna ona görə məcburdur ki, Ermənistanda sosial-iqtisadi sahədə inkişaf olsun. Ekspert vurğulayır ki, bu inkişaf isə yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından sonra mümkündür: “Pat vəziyyəti alınır. Bir yandan Boltonun fars aksentilə xeyir-dua verdiyi erkən parlament seçkiləri, o biri yandan tədricən böhrana sarı yön alan gerçək iqtisadi və siyasi durum. Seçkilər yaxınlaşdıqca vəziyyət daha da ağırlaşır. Seçkilər dekabrda olacaq. O olacaq. Heç kim buna şübhə etmir. Aydındır ki, Paşinyan öz tərəfdarları ilə ABŞ-ın belə dəstəyi nəticəsində seçkiləri udacaq. Öz legitimliyini bərkidəcək. Bəs sonra? Ölkədə pul yoxdur. Erməni tacirləri gözlənilməz nəticələrlə belə bir dolaşıq duruma yatırım qoymağa tələsmir. Mən istisna etmirəm ki, onlar bütün bi işləri ya hərbi ssenariyə aparır, ya artıq amerikalı həmkarlarımızdan soruşmaq lazımdır ki, beyinlərindəki plan hansıdır, ya da ABŞ müharibə vasitəsilə deyil, Qarabağın özündə fiziki iştirakla, sadəcə məkan tutacaq və bu nöqtədən də nüfuz yayacaq. İstənilən halda, parlament seçkilərindən sonra Qarabağ məsələsində müəyyən addımlar atılacaq, yeniliklər olacaq”.
Elə erməni siyasi texnoloq Viqen Akopyan da hesab edir ki, seçkidən sonra Qarabağla bağlı hansısa yeni konsepsiyanın önə çıxması gözləniləndir: “Bu konsepsiya “Madrid prinsipləri” çərçivəsində olacaq. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin diplomatik missiyasını başa vuranda dediyi sözlərdən, həmçinin, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dediklərindən də anlamaq olar. Hələ ki hamı Ermənistanda seçkinin sonunu gözləyir, sonra ehtimal ki, danışıqlar prosesində kəskin aktivləşmə olacaq. Ola bilər ki, geosiyasi mərkəzlər seçkidən sonra Ermənistanın danışıqlar masasına əyləşəcəyi ilə bağlı Azərbaycana söz veriblər. Mümkündür ki, münaqişənin həll ediləcəyinə dair Azərbaycanda optimizm var. Hər halda, danışıqların yenilənməsi cəhdlərindən əvvəl sakitlik müşahidə olunur. Bu haqda bütün geosiyasi mərkəzlərin nümayəndələri danışır”. Akopyan hesab edir ki, Paşinyanın Qarabağın danışıqlar masasında tərəf kimi iştirakı istəyi nəticəsiz qalacaq: “Hərçənd, Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi ilə bağlı cəhdləri davam edəcək, bu daha çox, danışıq resursunun genişlənməsinə hesablanıb”. Rusiyalı politoloq Artur Atayev isə hesab edir ki, Qarabağ münaqişəsinin həlli düsturu maraqlıdır: “Con Bolton Cənubi Qafqaza gəlişində Paşinyanı münaqişənin həllinə hazırlamağa çalışdı. Maraqlıdır ki, Bolton münaqişənin həll edilməsini Paşinyandan istədi, hərçənd, bu məsuliyyəti hər iki tərəfin üzərinə qoya bilərdi, lakin etmədi. Bu o deməkdir ki, gələcəkdə münaqişənin həlli mümkün olmasa, hər kəs bunun günahını Paşinyanda görəcək”. İndilikdə isə, ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər isə bildirir ki, Ermənistanın dövlət kimi varlığını davam etdirməsi məhz bu zamanı düzgün dəyərləndirməsindən birbaşa asılı olacaq. Xüsusən də regionda baş verən mürəkkəb geosiyasi, geoiqtisadi hadisələr fonunda İrəvanın daha çıxılmaz mövqeyə düşməsi də işğalçı tərəfi artıq qəti addımlar atmağa vadar edir. Məsələ burasındadır ki, Rusiyanın Ermənistanla münasibətləri pozulub. ABŞ isə Ermənistanı tədricən öz orbitinə keçirməyə çalışır və bu fonda Vaşinqtonun əsas istəklərindən biri məhz Qarabağ məsələsində İrəvanın real addımlar atmasıdır. Bununla bağlı nüfuzlu “EurasiaNet” portalı yazır ki, Ermənistanın durumunu ağırlaşdıran səbəblərdən biri həm də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan İrəvanın da ciddi əziyyət çəkməsidir. Qeyd olunur ki, bu halda İrəvan ABŞ-dan hansısa formada dəstək ala bilmək üçün daha çox Vaşinqtonun sözünü eşitməyə məcburdur: “İrana qarşı sanksiyalar Cənubi Qafqaz respublikalarına müxtəlif formada təsir edir. Azərbaycanın İranla quru və dəniz sərhədləri var, Xəzər dənizində bir neçə neft-qaz yataqlarının birgə işlənməsinə dair bu ilin martında İranla müqavilə bağlayıb. İndi bu yataqların işlənməsi ehtimalı azdır, amma digər birgə layihələr o səviyyədə inkişaf edib ki, onları hətta Vaşinqton dayandıra bilməz. Belə ki, Azərbaycanın “Şahdəniz” yatağı BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən işlənir. Amma İranın milli neft şirkəti NİOC konsorsiumda 10 faizlik paya malikdir. Hazırda “Şahdəniz” Avropanın Rusiya qazından asılılığını azaltmağa hesablanmış “Cənub Qaz Dəhlizi“ üçün yeganə qaz mənbəyidir. Hələ avqust ayında Vaşinqton aydın şəkildə bildirib ki, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi“ İrana qarşı sanksiyalardan azaddır. Ona görə də indiki sanksiyalardan nə SOCAR, nə NİOC, nə də BP zərər çəkəcək.
Bundan əlavə, Azərbaycan İrandan neft ixracının dayanması nəticəsində dünyada neftin bahalaşması sayəsində sanksiyalardan dolayısı ilə qazana bilər. Eləcə də neft qiymətlərinə bağlı olduğu üçün qaz da bahalaşar və nəticədə Azərbaycanın mənfəəti artar. Azərbaycan, tamamilə mümkündür ki, Amerikanın İrana qarşı sanksiyalarından dolayısı ilə bəzi mənfəət də əldə etsin. Çünki o, Fars körfəzində gərginliyin artmasının nəticəsi olaraq bahalaşan neftdən udur. Ancaq Ermənistan haqda bunu demək çətindir. Bu ölkənin dənizə çıxışı yoxdur və regionda siyasi təcrid vəziyyətindədir. Ermənistan enerji daşıyıcılarına tələbatını idxal hesabına ödəyir. Əsasən Rusiyadan qaz alsa da, 2017-ci ildə İrandan 400 milyon kubmetr qaz idxal edib, tərəflər arasında İran qazının Ermənistana nəqlinin artırılması barədə razılaşma imzalanıb. İndi isə bu razılaşmanın, İran qazının Ermənistana nəqlinin taleyi sual altındadır.“Ermənistanın vəziyyətini mürəkkəbləşdirən həm də budur ki, ölkənin qazpaylayıcı şəbəkəsi “Qazprom”a məxsusdur. Ona görə də Ermənistan İrandan qaz idxalını dayandırsa, Rusiyadan daha çox asılı vəziyyətə düşəcək”. Atlantik Şurasının elmi əməkdaşı və Xəzər enerji məsələləri üzrə mütəxəssis Con Roberts bildirir ki, bu halda Ermənistan ABŞ-ın mövqeyindən daha çox asılı vəziyyətə düşür. Bu da, öz növbəsində, Qarabağ məsələsində ABŞ-ın İrəvana təsir imkanalarını artırır. Ekspert vurğulayır ki, Vaşinqton Qarabağ münaqişəsinin ərazilərin tədricən azad edilməsi yolu ilə həllini istədyini artıq bəyan edib. Politoloq Qabil Hüseynli də bildirir ki, ABŞ ilk olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir: “Paşinyan açıq şəkildə Ermənistanda demokratiya pərdəsi altında millətçiliyi təbliğ edir, Azərbaycana münasibətdə, xüsusən də Dağlıq Qarabağla bağlı danışıqlar prosesində ifrat qeyri-konstruktiv mövqe tutur. Onun bu dəyişkən mövqeyi danışıqlar prosesinə vasitəçilik edən Minsk Qrupunu, eləcə də ATƏT-i ciddi surətdə düşündürür. Çünki Paşinyan Serj Sarkisyan dövründə əldə edilmiş bir sıra kompromislərdən vaz keçməyə çalışır. Ancaq ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir. Hətta Rusiya da təxminən eyni mövqedə dayanıb”. Politoloq son zamanlar bir sıra ölkələrin ərazi bütövlüyümüzü dəstəkləməsini beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinə kəskin dönüş kimi səciyyələndirib: “Paşinyan bu qədər güclü ictimai rəyin qarşısında səfeh iddialarını, çətin ki, sonuna qədər həyata keçirə bilsin. Hesab edirəm ki, Ermənistanda parlament seçkilərindən sonra kompromisin əldə olunması istiqamətində Paşinyana təzyiqlər daha da artacaq. Ciddi böhran içərisində olan Ermənistanın isə bu təzyiqlərə tab gətirə biləcəyini düşünmürəm”.
Beləliklə, iki mühüm məqam Ermənistandakı seçkilərdən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən addımların atılmasını istisna etmir. Bunlardan birincisi Ermənistanın ilk növbədə öz mövcudluğunu bir dövlət kimi davam etdirə, iqtisadi inkişafa nail ola bilməsi, Azərbaycanla əməkdaşılğa getdikcə daha böyük ehtyiac duymasıdır. Bu ehtiyac isə Azərbaycan ərazilərinin işğalına son qoyulması halında təmin edilə bilər və bunu İrəvanda da yaxşı bilirlər. Digər tərəfdən, Ermənistanan beynəlxalq miqyasda Qarabağ təzyiqlərinin artması müşahidə olunur. Hazırda bu xüsusda ABŞ-ın böyük fəallığı da aydın sezilir. Ermənistanın isə bütün bunlara müqavimət imkanları yox dərəcəsindədir. Məhz qeyd olunanlara əsasən, Ermənistanda seçkilərdən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən addımlar atılması gözlənir. Əks təqdirdə düşmən savaş vasitəsilə bu addımları atmağa vadar ediləcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.