Xəzərdə Azərbaycana qonşu olan Türkmənistanla Avropa İttifaqı arasında intensivləşən məsləhətləşmələr artıq bu qənaətə gəlməyə əsas verir ki, yaxın tezlikdə barəsində illərdir bəhs edilən “Transxəzər” qaz kəmərinin reallaşması tamamilə gözləniləndir.
Hazırda həm Avropa, həm də Türkiyə bu kəmərin çəkilməsi üçün intensiv fəaliyyətə keçib. Türkmənistan prezidentinin neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev də bildirir ki, ölkəsi Avropaya qaz nəqli imkanlarını nəzərdən keçirir və bununla bağlı danışıqlar aparır: “Biz Avropa istiqamətində ixrac marşrutlarına baxır, Avropa Komissiyası və digər tranzit ölkələrlə bununla bağlı aktiv şəkildə danışıqlar aparırıq. Yəni biz yerimizdə dayanmırıq”.
Hazırda “Transxəzər”in çəkilişi ilə qardaş Türkiyə, eləcə də Avropa Türkmənistanın "Cənub Qaz Dəhlizi" layihəsində əsas iştirakçılardan biri olmasını istəyir. "Türkmengaz" dövlət konsorsiumunun sədri Mırat Arçayev də vurğulayır ki, artıq ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsində iştirak imkanı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək “Transxəzər” kəməri layihəsi gündəmdən çıxarılmayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bildirib ki, kəmərin çəkilməsi məsələsi Azərbaycan, Türkiyə və Türkmənistan arasında əsas müzakirə mövzularından biri ola bilər. Onun sözlərinə görə, bu fonda Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammit keçirməsi də tamamilə mümkündür. Nazir bəyan edib ki, bu görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.
Türkiyə XİN başçısı vurğulayıb ki, ölkələr arasında dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır: "Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır".
Türkiyə ilə yanaşı, Avropa İttifaqı da “Transxəzər” qaz kəmərinin inşasına və Türkmənistan təbii qazının Avropa bazarına çatdırılmasına böyük maraq göstərib.
Elə bu günlərdə Avropa İttifaqının nümayəndələri Brüsseldə Türkmənistan nümayəndə heyəti ilə danışıqlarda sözügedən qaz kəmərinin tikintisinə investisiya cəlb olunmasına kömək etməyə hazır olduqlarını bildirib. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sözlərinə görə, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi sayəsində qaz kəmərinin çəkilməsi üçün zəruri hüquqi əsas yaradılıb: "İndi tələb olunan bu layihənin həyata keçirilməsi üçün yalnız layihə iştirakçılarının razılığı və sərt beynəlxalq tələblərə cavab verən ekoloji ekspertiza tələb olunur".
Amerikalı politoloq, Markett Universitetinin professoru Piter Teys isə bildirir ki, yaranmış durumda Türkmənistanın “Cənub Qaz Dəhlizi“ layihəsinə səmərəli inteqrasiyasını təmin etmək üçün onlarla digər ölkələr arasında intensiv dialoq təşkil etmək lazımdır. Ekspertin sözlərinə görə, digər ölkələrin bu layihəyə sonrakı mərhələdə qoşulacağı şübhə doğurmur və belə ölkələrdən biri Türkmənistandır: "Türkmənistan kifayət qədər qapalı cəmiyyətdir və “Transxəzər“ qaz kəmərinə qoşulmazdan əvvəl bir sıra ön tədbirlər həyata keçirilməlidir. Azərbaycan və Türkmənistan arasında müntəzəm dialoq iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişafında vacibdir".
Qeyd edək ki, “Transxəzər“ qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi həm də Türkmənistanın TANAP-a qoşulması üçün zəruridir. İndilikdə görünən budur ki, qeyd edilən istiqamətdə intensiv danışıqlar gedir. Amma Azərbaycan Türkmənistan üçün təkcə “Transxəzər“ baxımından maraqlı deyil. Aşqabad həm də Bakı-Tiflis-Qars (BTQ) dəmir yoluna xüsusi maraq göstərir. Ekspertlər hesab edir ki, Türkmənistanın 2017-ci ildə işə düşən Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək. Bu, Aşqabada imkan verir ki, Avropa və Asiyaya daha çox həcmdə məhsul çıxara bilsin. Sözügedən dəmir yolu xətti həm də Türkmənistanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq. Elə bu səbəbdən bu marşrutla türkmən tərəfi getdikcə daha çox maraqlanır. Bu məsələ, xüsusilə SOCAR və “ADY Konteyner”in Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin etməsindən sonra aktuallaşıb. Türkmən tərəfi bir sıra digər məhsullarını da məhz Bakı-Tiflis-Qarsla yola salmaqda maraqlıdır. Ekspertlər hesab edir ki, Türkmənistanın Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək. Belə vəziyyətdə tranzit ölkə kimi Azərbaycan həm də türkmən məhsullarının ixracından böyük həcmdə vəsait əldə edəcək.
Nahid SALAYEV