Aqşin Əliyev: “Seçkilərdən sonrakı mərhələdə Paşinyanın yeni növ müxalifət konfiqurasiyası ilə qarşılaşacağı şübhəsizdir”
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri də işğalçı Ermənistanın beynəlxalq müstəvidə təcavüzkarlığının tam ifşa edilməsi, mövqelərinin daha zəif hala gətirilməsidir. Ötən dövr ərzində Azərbaycan qeyd olunan istiqamətdə böyük nailiyyətlərə imza atmağı bacarıb və İrəvana əvvəlki qaydada diplomatik səpkidə də sərt zərbələr endirməkdə davam edir. Bunun növbəti real təsdiqi Astanada baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti oldu.
Xatırladaq ki, Astanada, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Ekspertlər hesab edirlər ki, faktiki olaraq, Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alan KTMT öz nizamnaməsində dəyişiklik edir və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyənləşdirir. Xatırladaq ki, hələ bu ilin yayında Azərbaycanda KTMT-yə üzvlük məsələsi ətrafında qızğın müzakirələr gedəndə Ermənistanda “biz buna yol vermərik” ruhunda dalbadal bəyanatlar səslənirdi. Amma elə o vaxt hərbi alyansın mənzil-qərargahında blokda müşahidəçi və tərəfdaş statusunda təmsilçilik mexanizmi təsdiqləndi. Dərhal belə qənaət yarandı ki, həmin mexanizm Azərbaycana görə yaradılır. Astana sammitində sözügedən sənəd, Ermənistanın ciddi etirazlarına baxmayaraq, təsdiqlənib. Müşahidəçilər bəyan edirlər ki, bu sənəd məhz Azərbaycana görə qəbul edilib. Ermənistan nə qədər qarşı çıxsa da, KTMT-də Azərbaycanla sıx tərəfdaşlığın əhəmiyyətini başa düşürlər və yaxın tezlikdə Azərbaycanın təşkilatda müşahidəçi dövlət olması tamamilə gözləniləndir.
Ekspertlərin fikrincə, baş verənlər fonunda, Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər. Çünki həm Yuri Xaçaturov, həm də Robert Köçəryanın ordu içindəki nüfuzu yüksəkdir və hər ikisi Rusiya ilə yaxşı münasibətdədir. Rusiyanın onlara yardımı Ermənistanda Paşinyana qarşı hərbi dairələrin fəaliyyətə keçməsini istisna etmir. Bütün bunlar Ermənistanın mövqelərinin daha da zəifləməsidir və hadisələrin bu səpkidə inkişafında Azərbaycanın gedişləri də önəmli rol oynayıb.
Diqqətçəkən versiyalardan biri də KTMT məğlubiyyətindən sonra Ermənistanda Paşinyana qarşı hərbi-siyasi müxalifətin yarana biləcəyi ilə bağlıdır. Bunu nə dərəcədə real saymaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Ermənistanın KTMT məğlubiyyəti ona asan başa gəlməyəcək: “Xüsusilə də bunun acısını Paşinyanın çəkəcəyi dəqiqdir. KTMT-yə rəhbərliyin Ermənistana verilməməsi ölkədə Paşinyana qarşı qəzəb yaradacaq. Ancaq özü bunun üstünü örtməyə çalışacaq və diqqəti başqa yerə yönləndirmək üçün addımlar atacaq. Paşinyan hətta yenidən müxalifətin üzərində müxtəlif oyunlar oynaya bilər. Ancaq, hər bir halda, müxalifət bu vəziyyəti yaxşı dəyərləndirə bilsə, Paşinyandan təxminən 10 faiz civarında səs qopara bilər”.
Ekspertin sözlərinə görə, hətta bundan sonra Ermənistanda Paşinyana qarşı hərbi-siyasi müxalifətin formalaşa biləcəyi də istisna olunmur: “Həm Yuri Xaçaturov, həm də Robert Köçəryanın ordu içindəki nüfuzu yüksəkdir və hər ikisi Rusiya ilə yaxşı münasibətdədir. Əslində, bu, açıq-aydın, Kremlin Paşinyana mesajı idi. Bu hadisə, ümumilikdə, Ermənistanın dünya səviyyəsində nüfuzuna xələl gətirəcək. Ermənistan bir yarışa girdi və uduzdu. Bu o deməkdir ki, o təşkilatda İrəvanın zərrə qədər də sözü keçmir. Rusiya artıq Köçəryana siyasi dəstək verdiyini açıq nümayiş etdirib. Köçəryanın dərhal həbsdən buraxdırılması və şəxsən Putinin ona zəng etməsi sabiq prezidentə Moskvanın siyasi dəstəyinin göstəricisi sayıla bilər. Ermənistandakı hərbi generalitetin çoxunun Rusiyaya simpatiyası var və KTMT uğursuzluğu onların heç də ürəyincə olmayıb. Bu baxımdan da seçkilərdən sonrakı mərhələdə Paşinyanın yeni növ müxalifət konfiqurasiyası ilə qarşılaşacağı şübhəsizdir”.
Məhəmmədəli QƏRİBLİ