Yeganə Hacıyeva: “Hələlik Paşinyan bütün addımlarını 9 dekabr seçkilərinə hesablayıb atır”
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Fransa paytaxtında Birinci Dünya Müharibəsinin bitməsi ilə bağlı imzalanmış sülh müqaviləsinin 100-cü ildönümü mərasimində çıxışı zamanı tədbirin mahiyyətilə uzlaşmayan məzmunda çıxış edib. Əlinə düşən tribuna imkanından istifadə edən Paşinyan Türkiyəyə qarşı saxta soyqırım, Azərbaycana qarşı isə torpaq iddiaları ilə çıxış edib. Paşinyan səsləndirdiyi iftiralara rəğmən, Türkiyəyə sərhədləri qeyd-şərtsiz açmağa çağırış edib.
Paşinyanın Parisdəki məlum çıxışına rəsmi Bakının da reaksiyası gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Paşinyanın Parisdəki çıxışını şərh edərkən deyib ki, Emənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris sülh forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir: “Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib. Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir. Bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidirlər”. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır”.
Paşinyanın Parisdəki tədbirin mahiyyəti ilə qətiyyən uyğun gəlməyən çıxışı nəyə hesablanıb və ondan hansı nəticələr əldə edə bildi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın məlum çıxışını növbəti erməni həmləsi və səs-küy yaratmaq cəhdi kimi dəyərləndirmək olar: “Onun belə bir məzmunda çıxış edəcəyi gözlənilən idi. Çünki Ermənistan mediası bir müddət əvvəl dəvət aldıqları tribunadan maksimum istifadə etməyin zəruriliyi barədə fikirlər səsləndirdi. Ancaq həmin tədbirə prezident Armen Sarkisyanın gedəcəyi gözlənilirdi. Görünür, meydanlarda çıxış etmək istəyi hələ sönməyən Paşinyan bu şansı ötürmək istəməyib. Bununla Paşinyan həm də dünya liderlərinə öz qərbpərəstliyini açıq nümayiş etdirmək istəyib. Ancaq təcrübəsizlik yenə öz sözünü deyib. Paşinyan həmin tədbirlə heç bir əlaqəsi olmayan iddialar səsləndirib. Guya Birinci Dünya Müharibəsinin nəticəsindən əziyyət çəkdiklərini və “soyqırım”a məruz qaldıqlarını bildirib və birdən-birə bir əsr irəliyə hoppanaraq, Dağlıq Qarabağdakı proseslərdən danışıb. Onun səsləndirdiyi fikirlərin absurd olduğu hamıya bəllidir. Bu, öz yerində. Amma bu addımı ilə Paşinyan həm də beynəlxalq tədbirlərdə özünü aparmağı bacarmayan bir odioz siyasətçi olduğunu möhürlədi. Təbii ki, bu amil orada iştirak edən yüksək ranqlı qonaqların da diqqətindən yayınmayıb. O, eyni zamanda, əldə olunan razılaşmalara sadiqlik göstərmədiyini də ortaya qoydu. Çünki bu çıxış Düşənbədə onunla İlham Əliyev arasında əldə olunan kövrək anlaşmadan sonraya təsadüf etdi”.
Y.Hacıyeva deyir ki, Paşinyanın Bakı və Ankaranı eyni anda belə hədəfə alması Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Ermənistanın nə blokada şəraitindən, nə də Rusiyanın girovluğundan qurtulmasına imkan verməyəcək. Hələlik Paşinyan bütün addımlarını 9 dekabr seçkilərinə hesablayıb atır. Ona görə də belə populizmə yol verir. Seçkilərdən sonra bu psixoz bitdikdə Paşinyan və Ermənistanın qara günləri davam edəcək. Blokada şəraitindən hansısa ölkəyə hədə gəlib, şantaj etməklə çıxmaq olmur. Bunun üçün konstruktivlik lazımdır və bir də işğaldan əl çəkmək. Praktika göstərir ki, Türkiyə ilə sərhədlərin açılması da Dağlıq Qarabağ probleminin həllindən keçir. Çünki indiyə kimi Türkiyənin bütün rəhbərləri bu mövqedən kənara çıxmayıblar”.
Məhəmmədəli QƏRİBLİ