“Onlar səfirliklərini birdəfəlik bağlayıblar, biz isə səfirimizi geri çağırmışıq...”
Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb.
Dövlət başçısının imzaladığı müvafiq sərəncamda qeyd olunub ki, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Sözügedən ölkələrdə diplomatik missiyanı həyata keçirən səfirimizin geri çağrılması həmin üç dövlətlə Azərbaycanın münasibətlərinə hansı formada təsir edə bilər?
Sabiq diplomat olan politoloq Fikrət Sadıxov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim səfirimizin adıçəkilən ölkələrdən geri çağrılması ilə bağlı müxtəlif versiyalar səslənir, fərqli mülahizələr irəli sürülür: “Düşünürəm ki, məsələyə bir qədər peşəkarcasına yanaşmaq lazımdır. Əvvəla, bizim sözügedən ölkələrdən üç səfirimiz eyni anda geri çağırılmayıb. Həmin ölkələrdəki diplomatik missiyalara bir adam rəhbərlik edib və o geri çağrılanda, avtomatik olaraq bu, üç ölkə ilə əlaqələndirilir. Bilirsiniz ki, proses çox maraqlı bir dönəmə təsadüf etdiyi üçün belə mülahizələrin ortaya çıxmasına şərait yaranır. Çünki elə bugünlərdə Norveç Krallığı ölkəmizdəki səfirliyinin bağlanması ilə bağlı qərar qəbul etdi. Bizim səfirimizin həm də həmin ölkədən geri çağırılması daha çox Azərbaycanın cavab reaksiyası kimi dəyərləndirilir. Mən bunu dolayısı ilə cavab reaksiyası kimi qiymətləndirirəm. Amma rəsmiyyətlə götürdükdə, bu belə deyil. Bilirsiniz niyə? Çünki Norveçlə bizim atdığımız addım arasında ciddi fərq var. Onlar səfirliklərini birdəfəlik bağlayıblar, biz isə səfirimizi geri çağırmışıq. Bunlar tamamilə fərqli məsələlərdi. Bir daha deyirəm ki, bəlkə də səfirimizin məhz həmin ölkədən və məhz indiki məqamda geri çağırılmasında Norveçə bir xatırlama jestləri var. Amma bilin ki, biz diplomatik münasibətlərə xələl gətirə biləcək bir addım atmamışıq. Ola bilər ki, həmin səfirin fəaliyyət müddəti bitib və o yenisi ilə əvəz ediləcək. Bütün bunlar gözləniləndi. Çünki bizim diplomatik fəaliyyətimizin orda birdəfəlik dayandırılması ilə bağlı nəsə deyilməyib. Diplomatik praktikada belə hallara tez-tez rast gəlinir. Hətta səfirin hansısa başqa diplomatik sahəyə yerini dəyişəndə belə, əvvəl onu geri çağırırlar, sonra təyinatını reallaşdırırlar”.
Norveçin Bakıda səfirliyinin bağlanması məsələsinə gəldikdə, politoloq bildirdi ki, vaxtilə onların burdakı səfiri olan Steynar Gil bir qədər diplomatik səlahiyyətlərini aşan fəaliyyətlə məşğul olub: “Bu səbəbdən də o, “persona-non-qrata” elan edildi. Təbiidir ki, hər hansı bir diplomat ezam edildiyi ölkədə diplomatiya ilə deyil, həmin ölkənin daxili işinə qarışan fəaliyyətlə məşğul olursa, belə addım atılır. Ola bilsin ki, həmin vaxtdan Norveç səfirliyində inciklik yaranıb. Amma biz onların bu hərəkətindən qətiyyən əziyyət çəkməməliyik. Vaxtilə, hələ səfirlikləri olmayanda onlar “Statoil” kampaniyasını gətirmişdi. Onlar Azərbaycandakı maraqlarını gizlətmirlər və bildirilər ki, səfirliyin yerinə baş konsulluq fəaliyyətini davam etdirəcək. Zənnimcə, Azərbaycanın geri çağırılan səfirinin yerinə uyğun vaxtda təyinat olacaq. Sadəcə, Azərbaycan demək istəyir ki, kiminsə addımlarına layiqli cavab verməyə də qadir olan ölkəyik”.
Məhəmmədəli QƏRİBLİ