Şəlalə Cəsur: “Siz etnik azlığın nümayəndələri kimi təqdim edilərək ötən parlamentdə yer alan şəxslərin ad və soyadlarına diqqət edin”
Ermənistan daxilində olan bütün eybəcərliklər və çatışmazlıqları dezinformasiyaların hesabına ört-basdır etmək istəyir. Artıq Ermənistan mətbuatı ölkədəki “milli azlıqların” əvvəlcədən ayrılmış kvota üzrə dekabr ayının 9-da keçiriləcək seçkidən sonra formalaşacaq parlamentdə təmsil olunacağına dair məlumatlar yayır.
Hətta bu xüsusda hazırda səlahiyyətlərinə xitam verilən və 2017-ci ildə seçilən parlamentin tərkibinə nəzər salınaraq, oradakı etnik azlıqların nümayəndələrinin sayı və adları sadalanır. Bildirilir ki, keçmiş iqtidar və parlament çoxluğu olan Respublika Partiyasından seçilən 58 deputatdan 3-ü milli azlıq olan yezid, aysor və kürdlərin nümayəndəsi olub. “Tsayrukyan” blokunun əldə etdiyi 31 mandatdan isə birinin sahibi rus millətinin təmsilçisinə çatdığı bildirilir.
Erməni KİV-ləri həmin deputatlardan müsahibələr alaraq, onların və təmsil olunduqları xalqın yenidən seçkilərdə aktiv iştirak edəcəyi və qanunverici orqanda təmsil olunacağına dair məlumatları tirajlayırlar. Ən maraqlısı isə budur ki, erməni mediası parlamentdə təmsil olunacaq milli azlıqların 15-16 min şəxsin arasından seçiləcəyini bəyan edir. Yəni bununla ölkədəki milli azlıqların ümumi sayının 16 mindən çox olmadığını etiraf edirlər. Bütün bu təbliğat Ermənistanın monoetnik bir ölkə imicini dağıtmaq və formalaşacaq yeni parlamentə çoxmillətli donu geydirməyə hesablana bilərmi?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə, ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən orada dövlət səviyyəsində etnik təmizləmə aparılıb: “Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Azərbaycanda erməni, rus, yəhudi və başqa millətlərdən olan insanlar yaşayırlar. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır. Sadəcə, ermənilərdən ibarət bir dövlət yaradılıb. Ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir azərbaycanlı, müsəlman qalmadı. Bu onu göstərir ki, ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir. Xocalıda yaşananlar da ermənilərin soyqırımı siyasətinin davamıdır. Ermənistanda orta məktəb dərsliklərinə baxsınız, siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi şəkildə aparılıb. Tədqiqatlar göstərir ki, XX əsrin əvvəllərində azərbaycanlılar indiki Ermənistanın ərazisində üstünlük təşkil ediblər.
İrəvanda 1914-cü ildən sonra azərbaycanlıların xüsusi çəkisi sürətlə azalmış, 39,2%-dən 1970-ci ildə 0,3%-ə düşmüşdü. 1988-ci ildən sonra isə, ümumiyyətlə, indiki Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanda etnik təmizləməyə yalnız azərbaycanlılar deyil, eyni zamanda, başqa milli azlıqların nümayəndələri də məruz qalıb. Hazırda Ermənistan KİV-lərinin deyilən yöndə apardığı təbliğat ölkənin guya monoetnik olmadığını göstərməyə hesablanıb. Siz etnik azlığın nümayəndələri kimi təqdim edilərək ötən parlamentdə yer alan şəxslərin ad və soyadlarına diqqət edin. Hamısı erməni adları və soyadlarıdır. Bütün bunlar onu göstərir ki, ermənilər bu məsələdə də saxtakarlığa yol verirlər ki, ölkələrinin bərbad imicini təmizləsinlər. Amma parlamentə kimləri salmalarından asılı olmayaraq, bu məsələdə onlara inanan olmayacaq. Çünki hamı bilir ki, Ermənistanda yalnız ermənilər yaşayırlar. Hətta vəziyyət elə acınacaqlı hal alıb ki, ermənilərin özləri də ölkəni kütləvi şəkildə tərk edirlər”.
Məhəmmədəli QƏRİBLİ