Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri də işğalçı Ermənistanın beynəlxalq müstəvidə təcavüzkarlığının tam ifşa edilməsi, mövqelərinin daha zəif hala gətrilməsidir. Ötən dövr ərzində Azərbaycan qeyd olunan istiqamətdə böyük nailiyyətlərə imza atmağı bacarıb və İrəvana əvvəlki qaydada diplomatik səpkidə də sərt zərbələr endirməkdə davam edir. Bunun növbəti real təsdiqi Astanada baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti oldu.
Bu sammitin nəticələri təşkilatın üzvü olmayan Azərbaycanın böyük qələbəsi, Ermənistanın isə tam fiaskosu kimi tarixə düşdü. Eyni zamanda bir daha bəlli oldu ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın bu təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı təhdid etmək cəhdləri tam şəkildə iflasa məhkumdur. Əksinə, proseslərin gedişi göstərir ki, Azərbaycan bu qurumda Ermənistanın mövqelərini təşkilata üzv olmadan da əhəmiyyətli dərəcədə sıxışdırır. Digər tərəfdən o da məlumdur ki, Azərbaycanın KTMT-də müşahidəçi dövlət statusu alması gözlənir. Ölkəmiz bu statusa yiyələndikdən sonra isə KTMT çərçivəsində İrəvanı daha böyük diplomatik məğlubiyyətlər gözləyir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Yuri Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb. Amma onun bu istəyinə Astana sammitində etiraz edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır. Qeyd olunan xüsusda Astana sammitində baş verənlərlə bağlı “Moskovskiy komsomolets” qəzetində də maraqlı məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır. Məqalədə bildirilir ki, Aleksandr Lukaşenkonun bu yanaşması KTMT-nin Nizamnaməsinə əsaslanır və Ermənistanın bu məsələdə hər hansı bir iddia ilə çıxış etmək imkanı yoxdur.
Ermənistanın “1in.am” saytı da xüsusi olaraq vurğulayır ki, olaylar İrəvan üçün böyük problemlər vəd edir: “KTMT-nin Astanada baş tutan sammitində, ən azı, təşkilatın bəzi üzvlərinin baş katibliklə bağlı Ermənistanın kvotasının davam etdirilməməsi niyyətində olmaları və onun əlifba sırası üzrə Belarusa verilməsini təklif etmələri haqqında yayılan informasiya təsdiq olundu. Bunu, yeni baş katibin tam həcmdə işə başlaması üçün hətta bütün üzv dövlətlərə baş çəkə bilməyəcəyi ilə əsaslandıraraq, Nursultan Nazarbayev bəyan etdi. Nazarbayevin izahatı əsaslandırılmış görünür. Amma o da aydındır ki, bu izahat daha çox Ermənistana kvota verilməməsi üçün gətirilən əsasdır. Digər tərəfdən bu, Xaçaturov işinə görə Ermənistana verilən cəzadır. Burada Belarus və Qazaxıstan da durumdan istifadə edir. Çünki onlar üçün Ermənistanla müqayisədə Azərbaycan daha önəmli ölkədir. Qazaxıstan və Belarus KTMT-də Azərbaycanı müşahidəçi kimi təşkilata cəlb etmə oyunu başladıb“.
Xatırladaq ki, Astanada, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Ekspertlər hesab edir ki, faktiki olaraq, Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alan KTMT öz nizamnaməsində dəyişiklik edir və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən edir. Xatırladaq ki, hələ bu ilin yayında Azərbaycanda KTMT-yə üzvlük məsələsi ətrafında qızğın müzakirələr gedəndə Ermənistanda “biz buna yol vermərik” ruhunda dalbadal bəyanatlar səslənirdi. Amma elə o vaxt hərbi alyansın mənzil-qərargahında blokda müşahidəçi və tərəfdaş statusunda təmsilçilik mexanizmi təsdiqləndi. Dərhal belə qənaət yarandı ki, həmin mexanizm Azərbaycana görə yaradılır. Astana sammitində sözügedən sənəd, Ermənistanın ciddi etirazlarına baxmayaraq, təsdiqlənib. Müşahidəçilər bəyan edir ki, bu sənəd məhz Azərbaycana görə qəbul edilib. Ermənistan nə qədər qarşı çıxsa da, KTMT-də Azərbaycanla sıx tərəfdaşlığın əhəmiyyətini başa düşürlər və yaxın tezlikdə Azərbaycanın təşkilatda müşahidəçi dövlət olması tamamilə gözləniləndir.
İrəvanda bütün bunlar Azərbaycanın Ermənistana növbəti sərt zərbəsi kimi dəyərləndirilir. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirir ki, belə vəziyyətdə Nikol Paşinyan Ermənistanın mövqelərini zəiflədir: “8 noyabr keçdi və Ermənistan KTMT-də baş katib deyil. Bir şey aydındır ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistan davamlı şəkildə öz təhlükəsizlik mövqelərini əldən verir. Artıq açıq bəyan edilir ki, bu vəzifə Belarusa keçəcək. Bu, Paşinyan hökumətinin növbəti uğursuzluğudur. Cənab baş nazir, korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistanın təhlükəsizliyi hesabına etməyin. Azərbaycan dövlət başçısı İlham Əliyev yenidən ərazilərin qaytarılmasından, Ermənistan tərəfdən güzəştlərdən, Qarabağın Azərbaycan aid olmasından danışdı. Mən sizin reaksiyanızı gözlədim, amma susqunluqla qarşılaşdım”. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan da bildirir ki, KTMT baş katibi vəzifəsinin itirilməsi Ermənistan üçün uğursuzluqlar vəd edir. Onun sözlərinə görə, bu cür risqlər Yuri Xaçaturova qarşı atılan addımlarda nəzərə alınmalı idi. Ümumiyyətlə, Ermənistanda da etiraf edirlər ki, Azərbaycan üzv olmasa da, KTMT-də çox güclü mövqelərə malikdir. 1995-1998-ci illərdə KTMT-nin baş katibi olmuş Stepan Qriqoryan Astana sammitində baş verənləri ciddi böhran kimi dəyərləndirir. Onun qənaətinə görə, Ermənistan üçün ən ciddi təhlükə Belarusun KTMT-nin baş katibi postuna irəli sürdüyü namizədlə bağlıdır. Belə ki, Belarusun irəli sürdüyü namizəd hərbi akademiyanı Bakıda bitirib və Azərbaycanla sıx əlaqələri var. KTMT-nin sabiq baş katibinin sözlərinə görə, təşkilat artıq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından etibarsız hala gəlib: “Əlbəttə, Ermənistan KTMT-nin üzvü kimi müəyyən qədər ucuz silah əldə edə bilir, amma siyasi baxımdan itkilərimiz böyükdür. Bu təşkilat etibarsızdır, ona görə ki, Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edir”.
Rusiyalı politoloq Yevgeni Mixaylov da vurğulayır ki, Astana görüşünün nəticələri Ermənistanın KTMT-dəki fəaliyyətinin tam iflası oldu: “Bu haqda əvvəllər hətta ağlımızdan da keçməzdi. Bütün hallarda, Ermənistan aprel hadisələrinə qədər Rusiyanın bir çox sahələrdə tamhüquqlu müttəfiqi sayılırdı. Amma bugünkü gün daxili siyasi qeyri-sabitlik və diplomatik nöqsanlar səbəbindən Ermənistanın təsiri KTMT-nin digər üzvləri tərəfindən faktiki olaraq sıfıra endirilib. Xaçaturovun digər erməni namizədlə əvəzlənməsindən imtina edilməsinin başlıca səbəbi budur ki, Ermənistanın hara istiqamətləndiyi bəlli deyil. O, Qərbə istiqamət alacaqsa, təşkilatda əsas rol oynayan Rusiyanın maraqlarının satılmasını müşahidə edə bilərik”. Rusiyalı politoloq qeyd edib ki, Ermənistanda Rusiya və Belarus əleyhinə provokasiya hər an mümkündür: “Çünki biz vaxtaşırı olaraq Ermənistandan Azərbaycanın Rusiya və Belarusdan silah alması ilə bağlı narazılıq müşahidə edirik və bu istiqamətdə neqativ informasiyalar yayılır”. Digər rusiyalı politoloq Aleksey Malaşenko isə Ermənistanın “168 Jam” qəzetinə açıqlamasında bildirir ki, İrəvanın KTMT baş katibliyinə namizədinin təsdiqlənməməsi KTMT üçün ağır nəticələrə səbəb olmayacaq. Onun sözlərinə görə, baş katiblik vəzifəsinin Ermənistana verilməməsi Ermənistan daxilində müəyyən təsirə gətirib çıxara bilər: “Bundan öncə Ermənistan hökuməti KTMT nizamnaməsinə əməl edilməsi gərəkdiyini açıqlayıb. Hazırkı zamanda bu vəzifədə güzəştin edilməsi ölkə daxilində məsələyə yüksək diqqətin ayrılmasına gətirib çıxaracaq. Ermənistan daxili siyasi vəziyyəti ucbatından beynəlxalq təşkilatda vacib vəzifəni itirib. İndiki zamanda daxili neqativ müzakirələrdən qaçmaq və avtoritetin itirilməməsi üçün bu mövqeyin saxlanılması vacib idi. Amma buna nail olunmadı”.
Ekspertlərin fikrincə, baş verənlər fonunda Ermənistanda artıq Paşinyana qarşı hərbi müxalifət formalaşa bilər. Çünki həm Yuri Xaçaturov, həm də Robert Köçəryanın ordu içindəki nüfuzu yüksəkdir və hər ikisi Rusiya ilə yaxşı münasibətdədir. Rusiyanın onlara yardımı Ermənistanda Paşinyana qarşı hərbi dairələrin fəaliyyətə keçməsini istisna etmir. Bütün bunlar Ermənistanın mövqelərinin daha da zəiflməsidir və yuxarıda qeyd olunduğu kimi, hadisələrin bu səpkidə inkişafında Azərbaycanın gedişləri də önəmli rol oynayıb. Yəni KTMT-də Paşinyanin istəyinə nail olmamasında Azərbaycanın da rolu az deyil. Bu xüsusda “Trend” agentlyinə açıqlamasında politoloq Aydın Quliyev çox maraqlı məqamalara toxunub: "Paşinyan strateji müttəfiqlərə arxadan zərbə vurmaq siyasəti yürütsə də, Azərbaycan Prezidentinin Rusiya ilə bağlı daha düşünülmüş strateji siyasət aparması nəticəsində Ermənistan KTMT-də dərin iflasa uğradı. Azərbaycan regionda Rusiyanın ən etbarlı strateji tərəfdaşına çevrilmək üçün daha ağıllı addımlar atır və bunu elə bir vaxtda edir ki, Ermənistan ikibaşlı və xəyanətkar geosiyasi oyunlarla nəyəsə nail olmağa çalışır. Azərbaycan regionda Rusiyanın ən etibarlı strateji tərəfdaşına çevrilə biməsəydi, Ermənistanın KTMT-də iflası bu qədər dərin şəkil ala bilməzdi. Tək Paşinyan yox, bütün Ermənistan dövləti sarsıdıcı zərbə aldı. Azərbaycan diplomatiyası KTMT ilə sonrakı münasibətlərdə daha geniş manevr imkanları qazandı. Ermənistan strateji müttəfiq kimi olan-qalan nüfuzunu itirdi. KTMT-nin Astana sammiti nümayişkaranə şəkildə hamıya göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Ermənistan bu cür beynəlxalq təşkilatların yüksək postlarında təmsil olunmaq şanslarını, demək olar ki, itirdi. Bu, Azərbaycan diplomatiyasının tarixi üstünluk qazandığı mühüm məqamlardan biridir". Təbii ki, belə vəziyyət Dağlıq Qarabağ məsələsində də Azərbaycana əlavə mövqe üstünlükləri qazandırır, konfliktin həllinin tezləşməsinə öz töhfəsini verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.