Birmənalı həqiqətdir ki, bu gün çoxvektorlu xarici siyasətini uğurla həyata keçirməsi nəticəsində Azərbaycanla əməkdaşlığını genişləndirmək, onu daha yüksək səviyyəyə çatdırmaq istəyən dövlətlərin sayı artır. Bu sıraya Cənubi Qafqazda xüsusi marağı olan dövlətdər də daxildir. Məhz qeyd edilənlərin nəticəsidir ki, ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi aparıcı qüvvələr hazırda Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Belə vəziyyətdən uğurla istifadə edən Azərbaycan Cənubi Qafqaz regionunda öz geosiyasi, geoiqtisadi mövqeyini uğurla möhkəmlətməkdə davam edir.
Hazırda Azərbaycanın münasibətlərini dinamik şəkildə inkişaf etdirdiyi ölkələrdən biri qismində isə şimal qonşumuz olan Rusiya çıxış edir. Hadisələrin inkişaf axarı göstərir ki, Moskva Azərbaycanı regionda əsas mütəffiqi qismində qəbul edir. Elə bu səbəbdən Rusiya iqtisadi, siyasi, hərbi müstəvidə Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir. Bu halda diqqət çəkən daha bir məqam budur ki, Ermənistan Bakı ilə Moskva arasında münasibətlərin dinamik inkişafından ciddi narahatlıq keçirir. Erməni ekspert Ruben Abramyan vurğulayır ki, ölkəsində məlum hakimiyyət dəyişikliyindən sonra xarici siyasətdə yol verilən səhvlər Moskva-İrəvan münasibətlərinə ciddi xələl gətirib: "Bunun nəticəsində Rusiya Ermənistana əvvəlki münasibət bəsləmir, əvəzində Azərbaycanla əlaqələrin inkişafına prioritet məsələlərdən biri kimi yanaşır. Nəticədə Ermənistan regionda daha zəif halqaya çevrilir. Bu da bizim üçün daha böyük problemlər deməkdir".
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə indiki vəziyyətdə ölkəsinin Azərbaycanla münasibətlərinin sürətli inkişafının təbii xarakterə malik olduğunu vurğulayır: "Bu il həm dövlətlərimizin başçıları arasında çox fəal əlaqələr, həm də Rusiya və Azərbaycan parlament nümayəndə heyətlərinin fəal mübadiləsi müşahidə olunur. Bu onu göstərir ki, Rusiya-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatır, humanitar əməkdaşlıq məsələləri isə bütün dövlətlərarası səviyyədə görüşlərin gündəliyindədir. Məsələn, belə layihələrdən biri çərçivəsində Rusiya və Azərbaycanın on şəhəri arasında qardaşlaşma əlaqələri yaradılacaq. Regionlarda birgə Rusiya-Azərbaycan sərgiləri təşkil ediləcək, bu sərgilər ölkələrimizdə insanların bir-birini daha yaxşı tanımasına imkan yaradacaq".
Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski isə "report" portalına müsahibəsində Bakı-Moskva əlaqələrinin daha yüksək səviyyəyə çatacağını istisna etmir: "Ölkələrimizin rəhbərlikləri arasında əlaqələr müntəzəm olaraq baş verir və bu, qonşu olduğumuza, bir çox ümumi maraqlarımız olduğuna görə, təbii haldır. Birincisi, Rusiya kimi dövlətin başçısı sülh və müharibənin qlobal məsələlərini həll edir, bütün planetin problemlərindən narahatdır, lakin ən yaxın qonşularımız beynəlxalq əlaqələrin qurulması baxımından, əlbəttə ki, hər zaman prioritetdir. Mən də dəfələrlə Azərbaycanda olmuşam, əvvəlki və indiki prezidentlə şəxsən tanışam. Rusiyanı Azərbaycanla indi həm də siyasi cəhətdən Qərbə deyil, Cənuba doğru hərəkət etmək yaxınlaşdırır. Hətta Türkiyə, İran, İraq və Azərbaycanla konfederativ ittifaq da yarada bilərik. Bunu bir neçə dəfə təklif etmişəm, şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etmişəm. Əlbəttə, Rusiya ilə adlarını çəkdiyim ölkələr arasında yerləşən Azərbaycan üçün bu, uzaq Avropa ilə münasibətlərdən daha faydalı olardı. Belə bir ittifaq çərçivəsində Rusiyada istehsal etməyin çətin olduğu bütün cənub məhsullarını almağa və qarşılığında hərbi və mülki texnologiyalarımızı, enerjimizi verməyə hazırıq".
Rusiya və Azərbaycan arasında əməkdaşlığın fonunda inkişaf etdirilməli olan ən vacib sahələrə də toxunan partiya sədri bildirir: "Münasibətlərimizin mühüm aspekti Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlı miqrantdır. Silahlanma, ordu, müdafiə sahələrindəki layihələr bizi əlaqələndirir. Danışıqlar üçün vacib mövzu Türkiyə ilə qonşuluqdur. Dediyim kimi, bu, cənubdakı potensial əsas tərəfdaşımızdır. Böyük əhalisi olan böyük iqtisadiyyat. Azərbaycan bizim aramızda yerləşir və daha da yaxınlaşsaq, onların da əlaqələrimizə cəlb edilməsi qaçılmaz olacaq. Üçüncüsü nəqliyyatdır. Rusiya Asiya və Qafqazı Avropaya birbaşa birləşdirən körpüdür. Əlavə sərhədsiz, tamamilə təhlükəsiz. Dağlar boyunca və bir çox sərhədlərdən keçməklə, özü də tez-tez hərbi cəhətdən qeyri-sabit bölgələr vasitəsilə yollar tikməkdənsə, bunu Rusiya ərazisi ilə etmək daha yaxşıdır". Bütün bunlar bir daha göstərir ki, Azərbaycanla əlaqələrin inkişafı Moskva üçün xüsusi maraq doğurur. Kreml həm də Azərbaycan vasitəsilə türk dünyasına daha çox yaxınlaşmaqda maraqlı tərəf kimi çıxış edir. Təbii ki, belə vəziyyət, öz növbəsində, Azərbaycanın regionda mövqelərini daha güclü hala gətirir.
Tahir TAĞIYEV