Məhəmməd Əsədullazadə: “Bu kimi məsələlər ciddi şəkildə təhlil edilməli və ondan sonra qərar verilməlidir”
Məlum olduğu kimi, bu günlərdə Astanada baş tutan KTMT dövlət başçılarının zirvə görüşündə olduqca mühüm qərarlar qəbul edilib. Belə ki, rotasiyaya görə, 2020-ci ilə qədər baş katib vəzifəsi Ermənistanın nümayəndəsi olmalı idi. Ancaq Xaçaturovla bağlı qaldırılan cinayət işi və onun geri çağırılması nəticədə İrəvanı bu hüquqdan vaxtından əvvəl məhrum etdi.
Qazaxıstan lideri Nursultan Nazarbayev KTMT liderlərinin görüşü haqda mediaya açıqlamasında bu məqama xüsusi işarə vurdu. O bildirdi ki, Ermənistan baş katiblik səlahiyyətinin 2020-ci ildə başa çatacağını əsas gətirərək, növbəti namizədini irəli sürüb.
Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi N.Paşinyan Xaçaturovun geri çağırılmasından sonra onun yerinə Vaqarşak Arutyunyanın təsdiqlənməsini istəyirdi. Ancaq Ermənistanın bu təklifi rədd edildi.
Dövlət başçılarının iclasında ən çox diqqətçəkən məqam isə KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının təsdiqi ilə bağlı qərardır. Nazarbayev marağı olan ölkələri tərəfdaşlığa və müşahidəçi olmağa çağırdı. Bu isə müşahidəçilər tərəfindən Bakıya çağırış kimi qəbul edilir. Belə ki, Azərbaycanın KTMT-yə ehtimal olunan üzvlüyünə qarşı Ermənistan etiraz edəcəyini və veto qoyacağını bəyan edirdi. KTMT üzvü olan dövlət başçıları isə ilk addımda Ermənistan nümayəndəsini vaxtından əvvəl baş katiblik vəzifəsindən kənarlaşdırdılar.
Azərbaycanın haçansa KTMT-də müşahidəçi statusu ilə iştirakı aydın məsələdir ki, Ermənistanın manevr imkanlarını məhdudlaşdıracaq. Məsələ ondadır ki, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq bir sıra hallarda KTMT-nin adından sui-istifadə edirdi. Yəni Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə guya KTMT-nin işə qarışacağını bildirirdi. Bu səbəbdən Dağlıq Qarabağ danışıqlarını uzadır. Təbii ki, Azərbaycan məlum statusla KTMT-də təmsil olunandan sonra bu imkan Ermənistanın əlindən çıxacaq. Belə olan halda maraqlıdır, Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə iştirak etməsi Dağlıq Qarabağ probleminin həllini sürətləndirə bilərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın regionda apardığı müstəqil siyasət və manevr imkanları güclü dövlətlərin regionda maraqlarının toqquşmasını neytrallaşdıra bilir: “Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq hərbi-siyasi bloklara qoşulmur, müstəqil siyasətinə uyğun olaraq öz milli maraqlarından çıxış eir. Qeyd edim ki, ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı danışıqlar hazırda beynəlxalq birliyin dəstəyini hüquqi çərçivədə alıb. Bundan əlavə, ölkəmizin bundan sonra hər hansı bir müşahidəçi statusu ilə hansısa blokda iştirakının nə qədər münaqişənin tənzimlənməsinə müsbət dərəcədə təsir edəcəyi ciddi şəkildə təhlil edilməli və ondan sonra qərar verilməlidir. Rusiya, bildiyimiz kimi, regionda müəyyən qədər siyasi mövqeyə malikdir. Həmçinin, Qarabağ münaqişəsinin həllində əsas açar dövlətdir. Rusiyanın moderator olduğu KTMT-də Azərbaycanın müşahidəçi kimi üzvlüyə qəbul edilməsinin hazırkı perspektivdə Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini düşünmürəm. Azərbaycan bu təşkilatın üzvü olub. Ancaq Rusiya heç bir vaxt Qarabağ münaqişəsinin həllində ölkəmizə real dəstək verməyib. Ona görə də rəsmi Bakı ilk növbədə Moskvadan Ermənistana təzyiq edərək, işğal olunmuş ərazilərin bir hissəsinin boşaltmasına nail olmalıdır. Ondan sonra KTMT-də müşahidəçi statusu alsın. Hesab edirəm ki, bəlkə bundan sonra KTMT-yə üzvlük Qarabağ münaqişəsinin həllində hansısa perspektiv vəd etsin. Bu baxımdan hesab edirəm ki, ölkəmiz Avrointerqrasiya siyasətini davam etdirməli, NATO ilə əlaqələri möhkəmləndirməlidir. Yoxsa, ümidləri təkcə KTMT-yə bağlamaq risqlidir”.
Vidadi ORDAHALLI