“Belə amildən öz hakimiyyətlərini möhkəmlətmək üçün istifadə edirlər”
Astana sammitindən sonra Ermənistan KİV-də KTMT-yə, Rusiya, Qazaxıstan və Belarusa qarşı aktiv antikampaniya başlayıb. Erməni təbliğatı KTMT-ni həqarətlə yetişməmiş təşkilat, avtoritar rejimlərin konqlomerat birliyi (yəni bir-birinə uyuşmaz şeylərin mexaniki yığımı), türk-slavyan sövdələşmə meydanı kimi xarakterizə etməkdən belə çəkinmir. Görünən budur ki, Astanadakı uğursuzluq Ermənistanı möhkəm narahat edib. Hətta KTMT-ni tərk etmək və ABŞ-a sığınmaq kimi eyhamlar eşidilməyə başlayıb. Hiss edilir ki, Ermənistan regional diplomatiyada Azərbaycana aşkar və birmənalı məğlub olmanın dərin şokunu yaşamaqdadır.
Ermənistanda KTMT əleyhinə start götürən antitəbliğat nəyin əlaməti sayıla bilər?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda başlayan anti-KTMT anti-Rusiya isterikasının növbət təzahürüdür: “Bu proseslər Paşinyanın hakimiyyətə gəlməsindən sonra artıq rəsmi dövlət təbliğatına çevrilib və seçki ərəfəsində xüsusi vüsət alıb. Əslində Ermənistan özü bu proseslərə rəvac verib və düşünürəm ki, onun bu anti-KTMT təbliğatının əsası yoxdur. O öz nümayəndəsini təşkilatdan geri çağırıb, təşkilatdaxili destruktiv fəaliyyət göstərib, Rusiya NATO-sunun baş katibi Xaçaturovu həbs etməklə bütün dünyaya bu təşkilata bir cinayətkarın rəhbərlik etdiyini, Moskvanın və müttəfiqlərinin bu hala göz yumduğunu sübut etməyə çalışıb, Rusiyanın da üzv olduğu Minsk Qrupunda yeni təkliflərlə çıxış edib və s. Bütün bunların nəticəsində adekvat münasibətlə qarşılaşıb”.
Politoloq bildirdi ki, Ermənistan bu gün həyata keçirdiyi anti-Rusiya fəaliyyətinin nəticələri ilə qarşılaşıb və bunu qəbul etmək istəmir: “ Təbii ki, iki yüz ildən artıq sıx tellərlə bağlı olduğu bir dövlətdən uzaqlaşma, onun nüfuz dairəsindən çıxma cəhdləri asanlıqla nəticə verə bilməz. Lakin bu təbliğatın arxasında məhz Ermənistanın indiki hakimiyyətinin dayandığı aşkar həqiqətdir. Ermənistan rəhbərliyi proseslərin bu istiqamətdə cərəyan edəcəyini bilirdi və görünən odur ki, özü məqsədli şəkildə aranı qızışdırıb. Bunun bir çox səbəbləri var, lakin əsas amillərdən biri seçki öncəsi Rusiyapərəst qüvvələri sıxısdırmaq, Rusiyanı Ermənistanda diskreditasiya etmək, ona bağlı siyasətçiləri nüfuzdan salmaqla onların parlamentə seçilməsinə mane olmaq, beləliklə də qanunverici orqanı Rusiyanın təsiri altından çıxarmaqdır. Paşinyan özü də vaxtilə jurnalist olub, həyat yoldaşı da "Haykakan Jamanak" qəzetinin baş redaktorudur. Onlar medianın təsir gücünü daha yaxşı bilirlər və bu amildən öz hakimiyyətlərini möhkəmlətmək üçün istifadə edirlər”.
Məhəmmədəli QƏRİBLİ