“Bütün hallarda, məlum tendensiyanın getməsi sözügedən dövlətin ifşa olunması baxımından yaxşı haldır”
Məlum olduğu kimi, alman mətbuatında Almaniyadakı erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub.
Araşdırmalar nəticəsində məlum olub ki, 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələr arasında atışma baş verib və bir nəfər yaralanıb. 2017-ci ildə cinayətin iştirakçılarından biri azadlıqdan məhrum edilib, digər dörd nəfəri isə şərti azadlığa buraxılıb.
Bundan başqa hadisənin motivlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniyada erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi məlum olub.
O da məlum olub ki, Almaniyada erməni mafiyasının mövcud olduğu, onun Rusiya-Avrasiya bölgəsindən olan digər qruplaşmalarla birlikdə böyük maliyyə resurslarına malik olduğu və hüquqi dövlətçilik üçün təhlükə yaradır. Erməni cinayətkar dəstələrin kiçik və diqqət çəkməyən, amma olduqca qəddar olduğu, onlara “qanuni oğrular” rəhbərlik etdiyi diqqətə çatdırılır. Almaniyadakı erməni kriminal ünsürlərin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanla əlaqələrinin olduğunu üzə çıxardığı barədə məlumat vardır. Bildirilir ki, BND-nin (Almaniya kəşfiyyat orqanı) hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar səfirliyin adi əməkdaşı olan Smbatyanın Almaniyaya miqrantların gətirilməsi biznesində iştirak etdiyi, onun özünün “qanuni oğru” olduğu və Yerevanda cinayətkar aləmdə ad çıxardığı qeyd edilir.
Bu bir daha Ermənistah hakimiyyətin kriminal bir hakimiyyət olduğunu ortaya qoydu. Bunun nə qədər təhlükəli bir tendensya olduğunun dünya görməli və buna öz münasibətini bildirməlidir. Baxmayaraq ki, Azərbaycan zaman-zaman Ermənistandakı hakimiyyətin kriminal rejim olduğunu bəyan edib. Ancaq təəssüflər olsun ki, ikili standartlar səbəbindən buna ciddi əhəmiyyət verilmirdi. Lakin məlum qalmaqal bir daha Ermənistan siyasi hakimiyyətinin iç üzünü ortaya qoydu.
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, məlum qalmaqal Ermənistanı dünyada ifşa etdi: “Əvvala, Ermənistanın hakimiyyət səviyyəsində bu kimi çirkin işlərlə məşğul olması məlum idi. Çünki Ermənistanda kriminal ünsürlər hakimiyyətdə olduğu üçün, biləvasitə belə işlərə dəstək verirdilər. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində belə çirkin işlərlə məşğul olurdular. Bunu bir sıra aparıcı dövlətlərdə bilirdi. Sadəcə, müxtəlif siyasi və geosiyasi maraqlar səbəbindən bunun üstündən sükutla keçirdilər. İndi isə Qərblə Rusiya arasında Ermənistanla bağlı gərginlik var və bu artan xətlə inkişaf edir. Məsələ ondadır ki, son illər Ermənistanla bağlı geosiyasi mübarizə kəskinləşib. Ona görə də sözügedən məsələlər gündəmə gəlib. Qərbin məqsədi odur ki, Ermənistandakı əvvəlki Rusiyapərəst hakimiyyətin bu işlərlə məşğul olduğunu geniş işqlandırsın. Bu minvalla həmin qüvvələrin ictimayətdəki nüfuzuna daha güclü zərbə endirilsin. O səbəbdən sözügedən məsələlər Avropa mətbuatında gündəmə gətirilir. Bütün hallarda məlum tendensiyanın getməsi Ermənistanın ifşa olunması baxımından yaxşı haldır. Qərb və Rusiya arasında gedən nüfuz müharibəsi Ermənistanla bağlı bu kimi yeni faktların üzə çıxmasına rəvac verəcək. Bu da öz növbəsində Ermənistanın dünyada biabır olmasına gətirib çıxaracaq. Hesab edirəm ki, məlum qalmaqal bundan sonra da Ermənistanın dünyada hörmətdən düşməsinə öz təsirini göstərəcək. Zatən Ermənistanın elə bir müsbət imici yox idi. Ancaq baş verənlər Ermənistan hakimiyyətinin kriminal mahiyyətini ortaya qoyur”.
Vidadi ORDAHALLI