Almaniyada erməni mafiyasının ifşa edilməsi və bu cinayətkar əməllərdə Ermənistanın sözügedən ölkədəki səfirinin adının hallandırılması barədə informasiya yayılıb. Erməni mafiyasının ifşasına şərh verən respublikanın əməkdar jurnalisti, tanınmış ekspert Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, burada təəccüblü heç nə yoxdur, bu, erməni xarakterinə xas məsələdir.
“Ümumiyyətlə, erməni dövlət rəsmilərinin, diplomatlarının bu və ya digər şəkildə mafoz, terrorçu qruplarla əlaqəsinin olması təzə xəbər deyil. Bu indi də baş verir, keçmişdə də baş verib. Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra Azərbaycanın dövlət xadimlərinin məhv edilməsində erməni dövləti birbaşa iştirak edib. Bununla yanaşı, keçən əsrin 70-ci illərindən üzü bəri türk diplomatlarının müxtəlif ölkələrdə qətlə yetirilməsi erməni terrorçu dəstələrinin əli ilə həyata keçirilib. Bu terrorçi qrupların arxasında isə bu və ya digər şəkildə yenə də erməni diplomatları, erməni dövləti dayanırdı. İndinin özündə də, təkcə Almaniyada deyil, dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də ABŞ-da, İspaniyada, Rusiyada Ermənistan dövlətinə bağlı dairələr tərəfindən idarə olunan terrorlarçu dəstələr, cinayətkarlar tutularaq ifşa edilib. Son günlər Almaniyada erməni mafiyasının ifşa edilməsi və bu cinayətlərdə Ermənistanın həmin ölkədəki səfirinin adının keçməsi təbii haldır, burada təəccüblü və təsadüfi heç nə yoxdur. Ermənistan dövləti özünün bu yüz illik mövcudluğu dönəmində daim cinayətkarlığı, terrorçuluğu dəstəkləməklə məşğul olub. Ermənistan dövləti ilə də bağlı belə hallar tez-tez gündəmə gəlir”-deyə A.Həsrət bildirdi.
Ermənilərin cinayətkar əməlləri, terrorçuluğu dövlət siyasətinə çevirdiyini vurğulayan A.Həsrətin sözlərinə görə, bu səbəbdən də Ermənistanın xaricdəki səfirləri, diplomatları da açıq şəkildə cinayətkar qruplarla işbirliyi qurur.
İradə SARIYEVA