Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində onu təmsil edən şəxsi geri çağırdıqdan sonra İrəvan bu qurumda baş katib vəzifəsində yenə öz namizədini görmək niyyətindədir. Bununla bağlı “armenpress” saytı yazır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək. Saytın iddiasına görə, KTMT baş katibliyi 2020-ci ilə qədər Ermənistanda olmalıdır və buna görə də İrəvan namizədlikdə israr edəcək.
Qeyd edək ki, noyabrın 2-də KTMT-nin rəhbəri Yuri Xaçaturov vəzifəsindən azad edilib. Rotasiya qaydasına uyğun olaraq, KTMT rəhbərliyi Belarusa keçməlidir və Belarus artıq Bakıda təhsil alan general Stanislav Zasın namizədliyini irəli sürüb. Belə vəziyyət İrəvanın planlarını alt-üst edir, eyni zamanda qurum daxilində Ermənistanın mövqelərini daha da sarsıdır.
Hazırda Ermənistanı qorxuya salan daha bir məsələ yaranmış vəziyyətdə KTMT daxilində Azərbaycana bütün müqavimət imkanlarını itirməsidir. Belə ki, Azərbaycan təşkilata üzv olmasa da onun müşahidəçi statusu alması məsələsi hələ də aktualdır. Ermənistan veto hüququndan istifadə edərək bunu əngəlləyəcəyini desə də, İrəvanın özünün qurum daxilində hüquqlarının məhdudlaşdırılması gözlənilir. Yaranmış durumda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirir ki, KTMT-yə yeni baş katibin təyin edilməsi müzakirə mərhələsindədir. Nağdalyanın sözlərinə görə, müzakirələr qapalı aparılır, qərar məxfi saxlanır. O, müzakirələrin təfərrüatını açıqlaya bilməyəcəyini diqqətə çatdırıb.
Rusiyada nəşr olunan “Kommersant” qəzeti isə yenidən bu mövzuya qayıdaraq vurğulayır ki, artıq KTMT-yə yeni baş katib təyin edilib və əvvəldən gözlənildiyi kimi, quruma növbəti dönəmdə Belarus rəhbərlik edəcək. Qəzet yazır ki, posta Belarusun Təhlükəsizlik Şurasının rəisi Stanislav Zas təyin olunub: “Rəsmi İrəvan isə postun onda qalacağına ümid edirdi”. “Kommersant” Xaçaturov biabırçılığından sonra Ermənistanın bir daha KTMT rəhbərliyində yer almayacağını da iddia edib. Bununla qeyd olunur ki, Ermənistan qurumda veto hüququndan məhrum edilə bilər. Belə vəziyyət isə Nikol Paşinyan iqtidarı üçün növbəti sərt zərbə deməkdir. Buna qədər Paşinyan iddia edirdi ki, Azərbaycan heç vaxt KTMT-yə, hətta müşahidəçi kimi də üzv olmayacaq: “Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya müşahidəçi olsun”.
Düzdür, Bakı rəsmi şəkildə KTMT-yə üzv olmaq niyyətini açıqlamayıb. Amma görünən budur ki, Azərbaycanın belə bir istəyi olsa, İrəvan ona hansısa formada maneçilik törədə bilməyəcək. Ermənistanın “Jamanak” qəzeti də yazır ki, Azərbaycan istəsə, quruma üzv olmaqda çətinlik yaşamayacaq: “Rusiya başda olmaqla KTMT-nin digər üzvləri, Ermənistanın istəklərinin əksinə olaraq, Azərbaycanın quruma üzvlüyünü dəstəkləyir. Hesab edilir ki, bununla təşkilat daha güclü hala gələcək. Burada belə fikirlərə də rast gəlmək olar ki, Azərbaycan təşkilata Ermənistandan daha çox fayda gətirmək iqtidarındadır. Belə olan halda Ermənistanın Azərbaycanın üzvlüyünə müqavimət göstərməsi çətin olacaq. Hətta İrəvanın təşkilatı tərk etmək hədələri belə hansısa nəticə verməyəcək”. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev də vurğulayır ki, Moskva KTMT-nin aparıcı dövləti olaraq bu quruma Azərbaycan kimi öz etibarlılığını təsdiq etmiş güclü tərəfdaş və dostun qoşulmasını tam dəstəkləyər. Deputatın sözlərinə görə, Azərbaycan regionda sabitliyə və hadisələrin dinc axarına getdikcə daha çox təsir edən bir dövlətdir. Savelyev qeyd edib ki, digər tərəfdən, KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulması və bu münaqişənin müzakirəsinin daha bir platformaya daşınması danışıqlar prosesinə müsbət təsir göstərərdi. Duma üzvü əlavə edib ki, Bakı KTMT-yə qoşulmaq arzusunu bildirəcəyi təqdirdə Rusiya Azərbaycanın bu quruma daxil olmasını qətiyyətlə dəstəkləyəcək. “Jamanak” qəzeti isə yazır ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun postundan kənarlaşdırılması da qurumda İrəvanın mövqelərini zəiflədir.
Bu durumda əksər rus ekspertlər hesab edir ki, Moskva Azərbaycanın təşkilata üzvlüyünü stimullaşdırmalı, bunun üçün Qarabağ münaqişəsinin həlli istiqamətində də səylərini artırmalıdır. Məsələn, hərbi ekspert İqor Korotçenko vurğulayır ki, Rusiya KTMT-ni möhkəmləndirməlidir: “Postsovet məkanının gücləndirilməsi iki istiqamət üzrə getməlidir. Bunlardan birincisi KTMT-dir. KTMT-ni genişləndirmək lazımdır. Bizim KTMT-yə üzv olmayan MDB ölkələrimiz var. Azərbaycan və Özbəkistanı KTMT-yə qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu, Ermənistanla hərbi qarşıdurma risqini də minimuma endirməyə imkan verəcək”. Beləliklə, hadisələrin inkişaf axarından görünən budur ki, İrəvan istəsə belə, KTMT daxilində Bakıya hansısa müqavimət göstərə bilməz. Əksinə, Azərbaycan sözügedən təşkilat daxilində Ermənistanı yenidən məğlub duruma düşürməkdədir. Belə vəziyyət İrəvanın Qarabağ məsələsində KTMT-yə olan ümidlərini də tamamilə alt-üst edir.
Nahid SALAYEV