Məhəmməd Əsədullazadə: “Rəsmi Bakının bu yöndə apardığı siyasət ölkəmizin müsəlman dünyasında nüfuzunu daha da artıracaq”
Azərbaycan-Fələstin münasibətləri inkişaf edən xətt üzrə davam edir. Rəsmi Bakı Fələstin məsələsinə daim dəstək verir, bu ölkəyə həm siyasi, həm də maddi dəstəyini əsirgəmir.
Məlum olduğu kimi, Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirə Fələstinin xarici işlər naziri Riad Əl-Maliki, XİN rəhbərinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri - nazir Mouin Elias Yousef Khouri, həmçinin, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri qatılıb. Belə bir önəmli tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycanın Fələstin məsələsinə münasibətdə həmrəylik nümayiş etdirdiyini göstərir.
Bir sözlə, Azərbaycan hər zaman Fələstin xalqının yanında olub. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bu ilin oktyabr ayında 200 min dollar məbləğində yardım edib. Bundan əvvəl 2014-cü ilin 29 sentyabrında isə Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin hesabına 635 min dollar məbləğində yardım köçürmüşdü.
Bütün bunların fonunda, Azərbaycanın göstərdiyi yardımlar Fələstinin qurulmasında, bərpasında necə rol oynayır?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla Fələstin müsəlman ölkəsi olaraq, işğala məruz qalmaqla Azərbaycanla eyni taleyi bölüşür. Daim ölkəmiz BMT tribunasında və digər təşkilatlarda Fələstinin haqq səsini dəstəkləyib. Eyni zamanda, Fələstinlə bağlı humanitar yardımlarını əsirgəməyib. Ümumilikdə, Fələstin problemi 60 ildir daim dünya gündəmində duran əsas məsələlərdən biridir. Dövlətlərin Fələstinə real dəstəyi olmadığına görə bu problem davam etməkdədir. Fələstin dövlətinə qarşı real müsbət siyasət sərgiləyən Azərbaycan çalışır ki, bu ölkənin problemlərinin həllinə töhfə versin. Fələstin diplomatlarının Bakıda görüşü bir daha göstərir ki, rəsmi Bakı Fələstinin yanındadır. Bundan əlavə, məlum addım rəsmi Bakının öz siyasi dəstəyini ifadə etməsinin bariz nümunəsidir. Bu gün Fələstinin qurulmasına və inşaat işlərinə kömək rəsmi Bakının prioritetlərindəndir. Çünki müsəlman ölkəsi olaraq bu ölkəyə dəstək vermək, Fələstinin yenidən qurulmasında, bərpa edilməsində rol almaq mühüm əhəmiyyət kəsb edir. Daim Azərbaycan bu kimi yardımları ilə müsəlman dünyasının dəstəyini alır. Bu onu göstərir ki, Azərbaycan artıq dünyada humanitar və yenidənqurma işlərində fəal olan ölkədir. Hesab edirəm ki, Azərbaycanın etdiyi və bundan sonra edəcəyi yardımlar Fələstinin bərpasında vacib rol oynayacaq. Fələstinin yenidən qurulmasına öz töhfələrini verəcək. Rəsmi Bakının bu yöndə apardığı siyasət ölkəmizin müsəlman dünyasında nüfuzunu daha da artıracaq. O üzdən, bununla bağlı aparılan siyasətə müsbət prizmadan yanaşıram”.
Vidadi ORDAHALLI