Aqşin Əliyev: “Bu bizim qonaqpərvərliyimizi, açıqürəkliyimizi sübut etməklə yanaşı, həm də münasibətlərimizin davamlı olacağına bir işarədir”
Azərbaycan-Fələstin münasibətləri inkişaf edən xətt üzrə davam edir. Rəsmi Bakı Fələstin məsələsinə daim diqqət yetirir, bu ölkəyə həm siyasi, həm də maddi dəstəyini əsirgəmir. Azərbaycan Prezidenti 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxışı zamanı da Fələstinə açıq dəstək vermişdi.
Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Noyabrın 4-də Azərbaycan Prezidenti Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın evsahibliyi etməsi bunun bariz nümunəsidir. Qeyd edək ki, indiyə kimi də Bakı Fələstinlə bağlı çox mühüm tədbirlərə evsahibliyi edib.
2013-cü ildə Azərbaycanın evsahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib.
2017-ci ildə isə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa evsahibliyi edib.
Azərbaycanın Fələstinlə bağlı belə mühüm tədbirlərə evsahibliyi etməsi nəyin göstəricisi sayıla bilər?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Azərbaycanın xarici siyasət konsepsiyasının əsasını qarşılıqlı maraqlara söykənən əməkdaşlıq və dostluq münasibətləri təşkil edir: “Ölkəmizin beynəlxalq aləmdə yaratdığı imic bu baxımdan yüksək qiymətləndirilir. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın İslam aləmi dövlətləri ilə də sıx münasibətləri mövcuddur. Müstəqilliyin bərpasından sonra ölkəmiz həm türkdilli dövlətlərlə, həm də digər müsəlman dövlətləri ilə siyasi-diplomatik və iqtisadi əlaqələrin qurulmasına və inkişafına diqqətlə yanaşıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda İslam dünyasının ən nüfuzlu ölkələrindən birinə çevrilib və müsəlman dövlətləri arasında həmrəyliyin yaranmasına özünün layiqli töhfəsini verməkdədir. Bu xüsusda Azərbaycan-Fələstin münasibətlərini xüsusi qeyd edə bilərik. Azərbaycan hər zaman Fələstin xalqı ilə öz həmrəyliyini nümayiş etdirib. Biz Fələstin xalqına həm siyasi, həm mənəvi və həm də maliyyə dəstəyi göstərmişik. Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının yanında olub. Çünki biz islam həmrəyliyi çərçivəsində öz payımızı vermişik və rolumuzu artıq dərəcədə icra etmişik. Onu da yada salmaq kifayətdir ki, ötən ilin dekabr ayında İƏT-in Fələstinlə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında Azərbaycan Qüdslə bağlı həmrəyliyini bir daha nümayiş etdirdi. Çünki Qüds şəhərini İsrailin paytaxt kimi elan etməsi bir sıra müsəlman ölkələri tərəfindən etirazla qarşılandı və biz bu ölkələrə qoşulub öz mövqeyimizi bildirdik”.
Ekspertin sözlərinə görə, Fələstin dövlətinin rəsmiləri Azərbaycanın mövqeyini yüksək qiymətləndirirlər: "Onlar başa düşürlər ki, Azərbaycanın mövqeyi səmimidir. Azərbaycanla Fələstin arasında münasibətlər, faktiki olaraq, normal məcrada davam edir. Ölkəmizin Fələstinlə bağlı mühüm tədbirlərə evsahibliyi etməsi də bunun əyani sübutudur. Belə tədbirlərə qapılarımızı açmaqla biz Fələstinin probleminə nə dərəcədə şərik olduğumuzu sübut edirik. Bu bizim qonaqpərvərliyimizi, açıqürəkliyimizi sübut etməklə yanaşı, həm də münasibətlərimizin davamlı olacağına bir işarədir. Çünki belə tədbirlərə evsahibliyi etməyimizdə artım dinamikası nəzərə çarpır. Hesab edirəm ki, bizim Fələstinlə münasibətlərimiz islam həmrəyliyi formatında bundan sonra da davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ