Xəzər Teyyublu: “Bu hərəkətə də etiraz edilməyəcəksə, onda həmsədrlərin nəticəsiz fəaliyyəti bundan sonra da əvvəlki göstərici üzrə davam edəcək”
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan işğal altındakı Azərbaycan ərazisinə - Dağlıq Qarabağa gəlib. Ötən həftənin sonunda bir neçə günlük məzuniyyət götürdüyünü deyən Paşinyan istirahətini Qarabağda keçirmək niyyətində olduğunu bildirib.
O, sosial şəbəkədə Qarabağda işğalçı ordunun əsgərləri ilə fotosunu paylaşaraq “Bizi erməni ordusu adandırırlar” yazıb. Bildirilir ki, bu sözlər Ermənistandakı vətənpərvərlik mahnılarından birindən götürülüb. Eyni zamanda, Paşinyanla bərabər Qarabağdakı görüşlərdə Bako Saakyan, işğalçı ordunun komandanı Levon Mnaçakanyan da iştirak ediblər. Çox maraqlıdır ki, bütün bu təxribatçı hərəkətlər regionda sülh danışıqlarının aktiv aparıldığı bir zamana təsadüf edir.
Qeyd edək ki, bir neçə gün əvvəl münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paşinyanın özü ilə də görüşü oldu. Həmin görüşdən sonra münaqişənin nizama salınmasının perspektivlərinə inamım yaranması ilə bağlı optimist məzmunlu bəyanatlar verildi. Belə olan təqdirdə, Paşinyanın nümayiş etdirdiyi və sülhyaratma missiyasına birbaşa xələl gətirən davranışlarına həmsədrlər və digər qurumlardan niyə reaksiya verilmir?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, Paşinyanın bu davranışları qarşıdakı seçkiyə hesablanıb: “Bu cür təxribatçı xarakterli əməlləri ilə o, özünə xal qazanmaq istəyir. Paşinyan hakimiyyətə gələn kimi də ilk səfərini məhz Dağlıq Qarabağa edib, orada aparılan sülh danışıqlarının məzmunu ilə uzlaşmayan açıqlamalar verdi. Sonra həmin tezislər üzrə hərəkət etmək istədi. Mahiyyət bu idi ki, guya Azərbaycan sülh danışıqlarını Ermənistanla deyil, qondarma qurumla aparmalıdır. Həmin tələbləri dəstək qazanmadığı üçün, MDB ölkələrinin Düşənbədəki sammitində özü konstruktivliyə təşəbbüs göstərdi. Həmin hadisədən sonra tərəflər arasında əldə olunan razılaşmaya görə, cəbhə xəttində gərginlik bir az azaldı. Ardınca həmsədrlərin regiona səfəri reallaşdı. Onlar Bakıda, Ermənistanda və hətta Dağlıq Qarabağda da oldular. Paşinyanın özü ilə görüşdən sonra sülh danışıqlarının davamına inam bəslədikləri ilə bağlı münasibət bildirdilər. Bütün bunların baş verdiyi bir ərəfədə Paşinyan işğal altında olan ərazilərə səfər edir və oradakı əsgərlərlə birgə şəkil çəkdirib, özü qarışıq onların hamısına erməni ordusu deyir. Ən başlıcası isə bununla fəxr etdiyini büruzə verir. Bütün bunlar təsdiq edir ki, Dağlıq Qarabağ məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və Paşinyan da həmin işğala haqq qazandıran hərəkətlər edir. Bütün bunlar sübut edir ki, Paşinyan sülhlə bağlı fikirlərində səmimi deyil, sadəcə, seçkinin xatirinə imitasiya edir ki, vaxt udsun. Ancaq o, sıravi bir adam da deyil. Faktiki olaraq Ermənistana rəhbərlik edən və bundan sonra da rəhbərlik etməyə şansı olan biridir. Məhz bu səbəbdən də onun bu hərəkətinə beynəlxalq səviyyədə qiymət verilməlidir. Xüsusilə də münaqişənin nizama salınmasında mandatı olan Minsk Qrupu həmsədrləri Paşinyanın bu hərəkətini onların son səfərləri, aparılan danışıqlar kontekstindən müqayisə aparmaqla dəyərləndirməlidirlər. Bu hərəkətə də etiraz edilməyəcəksə, onda həmsədrlərin nəticəsiz fəaliyyəti bundan sonra da əvvəlki göstərici üzrə davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ