XX əsrdə Azərbaycan xalqının başına ermənilər tərəfindən çox müsibətlər gətirilib. Bir əsrdə ən azından üç dəfə soydaşlarımız ocaqlarının qırağında yer verdikləri, arxa-dayaq durduqları ermənilər tərəfinfən öz ata-baba yurdlarından didərgin salınıblar. İndiki Ermənistan adlandırılan Qərbi Azərbaycan Azərbaycan türklərinin tarixi vətənidir.
Tarixən bizə məxsus olan bu torpaqlara ermənilər “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər. Rusiyanın havadarlığı ilə tarixi ərazilərimizə köçürülən ermənilər köçürüldükdən sonra torpaqlarımızı mənimsəməklə yanaşı, xalqımızın da başına min cür oyunlar gətiriblər. Ermənilər tərəfindən bir neçə dəfə öz doğma yurdlarından deportasiya aktına məruz qalan azərbaycanlıların oradan sonuncu deportasiyası 1988-ci ildə baş verib. Bu ilin noyabr ayı azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin 30 ili tamam olur. 30 ildir soydaşlarımız öz ata ocaqlarından iraq düşüblər.
Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilməsinin heç şübhəsiz ki, ən başlıca məqsədi torpaqlarımıza sahiblənmək, tariximizi saxtalaşdırmaq olub. Ermənilər bununla türklərsiz Ermənistana sahib olmaq istəyiblər. Hələlik isə buna nail olublar.
1988-ci ildə öz tarixi torpaqlarından deportasiya edilən azərbaycanlıların başına gətirilən bu oyunlar vahid mərkəzdən idarə olunurdu. Yəni bu hadisələr bir-iki ilin işi deyildi, bunun üçün erməni şovinistləri onillərlə hazırlaşıblar. Soydaşlarımıza qarşı deportasiya planları hazırlandığı zaman, 1988-ci ildə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.
Tarixçilər yazırlar ki, çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Artıq başqa yol görünmürdü. Beləcə, rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Soydaşlarımızla bağlı tarixin ən qandonduran mənzərələri baş verirdi. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu. Bu, sözün həqiqi mənasında, heç bir insanlıq çərçivəsinə sığmayan hadisələr idi. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri milli təmizləmə siyasəti nəticəsində azərbaycanlıların yaşadıqları kəndlər, qəsəbələr boşaldılıb, özləri isə ata ocaqlarından didərgin salınıblar.
1988-ci ildə azərbaycanlıların Ermənistandan son deportasiyası zamanı 226 soydaşımız ermənilər tərəfindən öldürülüb. Onların öldürülməsi müxtəlif formalarda baş verib. Bəziləri güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s. 400 nəfərdən çox adamın isə müxtəlif bədən xəsarəti aldığı məlumdur. Sözsüz ki, bu da həmin illərdə ermənilər tərəfindən öldürülən və yaralanan soydaşlarımızın tam siyahısı deyil. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən, soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcburən öz geniş bağ-bağçalarını, xüsusi evlərini Azərbaycanda dövlət binasında yaşayan ermənilərin 2-3 otaqlı mənzilləri ilə dəyişməli olmuşlar.
Tarixçilər yazırlar ki, soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri müvafiq dövlət qurumlarında toplanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir. Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.
1988-ci ilə kimi Qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan, onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt iki, üç, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qalıb və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Qədim Urud qəbiristanlığının izini itirmək üçün üzərinə 2 metr hündürlüyündə torpaq verilib, həmin ərazi illər ötdükcə kol-kos sahəsinə çevrilib...
Tarixçilər yazırlar ki, Ermənistandan azərbaycanlılarının sonuncu 1988-ci il deportasiyası bir sıra dəhşətli məqamlarla, hadisələrlə yadda qalıb. Yazılanlara görə, əsasən 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisinin sıxışdırılması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Ermənistanı tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilib. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi.
Rəsmi sənədlərə görə, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu xeyli insanı vəhşicəsinə qətlə yetiriblər. Sonuncu deportasiyada, 1988-ci ildə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk edib.
Tarixçilərin yazdığına görə, Ermənistanın millətçi rəhbərləri “Daşnaksütyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar.
1988-ci il fevralın 20-dən etibarən İrəvanda da kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin ikinci günü İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi (XX əsrin əvvələrində şəhərdə 8 məscid var idi) və M.F.Axundov adına azərbaycanlı orta məktəb, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.
Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində qeyd etdi ki, Ermənistandan azərbaycanlıların deportasiya edilməsinin üstündən 30 il keçməsinə baxmayaraq, hələ də Ermənistan hökuməti bu cinayətə görə beynəlxalq aləmdə heç bir qınağa məruz qalmayıb. Onun sözlərinə görə, ermənilər soydaşlarımızı deportasiya etdikdən sonra orada qalan abidələrimizə divan tutublar. “Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini ocaqları, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib” - deyə tarixçi vurğulayır.
O qeyd etdi ki, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilib və bu da sözsüz ki, bədnam Mikoyanın hiylə, məkri ilə baş tutub. Azərbaycanlıların öz doğma yurdlarından deportasiya olunmasında məqsədin Ermənistanın başqa xalqlardan, xüsusən də türklərdən “təmizlənməsi” idi. Ermənistanın bütün türk toponimlərinin adlarının erməniləşdirilməsi prosesi 2007-ci ildə sona çatıb.
Etnik təmizləmə və deportasiyaların səbəbləri və məqsədlərindən danışan tarixçinin sözlərinə görə, azərbaycanlıların indiki Ermənistandan deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi.
Azərbaycanlıların ermənilər tərəfindən deportasiya edilməsinə SSRİ Prokurorluğu belə münasibət göstərirdi. Belə ki, 1990-cı il avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti Qaçqınlar Cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişə zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ baş prokurorunun müavini V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi: “Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılıb, onlardan 283-ü istintaq aidiyyəti üzrə Azərbaycana göndərilib. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olub. 1989-cu il dekabrın 31-nə olan məlumata görə, Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılıb. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində milli münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanuna zidd olan digər hallarla müşayiət olunan kütləvi iğtişaşlar baş verib. Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülüb (20 azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən xəsarəti alıb. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilib”.
Ermənilərin azərbaycanlıları öz ata-baba yurdlarından deportasiya etməsi nəticəsində soydaşlarımız 30 ildir öz yurdlarına həsrət qalıblar...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.