Bu gün Avropanın enerji təhlükəsizlyinin təmin edilməsində Azərbaycanın getdikcə artan rolu Qərb dünyasında daha açıq etiraf olunur. İndi bir sıra Avropa ölkələri açıq şəkildə bəyan edirlər ki, onların enerji təhlükəsizlyinin təmin edilməsində Azərbaycanın xüsusi çəkisi artır.
Məsələn, Bolqarıstanın energetika naziri Temenujka Petkova bu xüsusda bildirir ki, Azərbaycan qazı onun ölkəsinin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq: “Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi çərçivəsində ildə 1 milyard kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Faktiki olaraq, 2020-ci ildən sonra “Şahdəniz 2”dən hasil edilən Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının təxminən 25-30%-ni qarşılayacaq. Bu bizim enerji təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə artıracaq və Bolqarıstan qaz bazarında rəqabət yaradacaq. Bizim üçün, razılığa əsasən, ildə 1 milyard kubmetr “Şahdəniz” qaz yatağının ikinci fazasından hasil olunan Azərbaycan təbii qazının Bolqarıstana nəqlini təmin etmək olduqca vacibdir. Biz, həmçinin, “Cənub Qaz Dəhlizi”ndən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru, “Bulgartransgaz” şirkətinin mövcud qazpaylama sistemi ilə və Azərbaycanın qaz ötürücülərindən biri olması gözlənilən “Balkan” regional qaz habı strateji layihəsi üçün gələcək birgə nəql imkanlarını müzakirə edirik. Ölkəmiz Bolqarıstan-Yunanıstan İnterkonnektoru və Türkiyə-Bolqarıstan İnterkonnektoru layihələri sayəsində ayrılmaz parçası olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafını həmişə dəstəkləyib”.
Bir çox Avropa ölkələri üçün də Azərbaycan qazının mühüm əhəmiyyət kəsb etməsi fonunda ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb. ABŞ Maliyyə Nazirliyinin bu xüsusda yaydığı sənəddə bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qüvvəyə minən antiiran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan antiiran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.
Xatırladaq ki, bundan əvvəl də ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Həmin vaxt “S&P Global Platts” agentliyi bunun səbəbini belə izah edirdi ki, Avropanın təhlükəsizliyi nəzərə alınaraq, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib: “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların “Cənub Qaz Dəhlizi”nin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib”. Yeni sanksiyalarda da ABŞ analoji mövqe nümayiş etdirib.
Xatırladaq ki, İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İran neftinə dair yeni sanksiyaları isə Tehranın gündəlik neft ixracını 1 milyon barrel azaltmağı nəzərdə tutur. Bunun üçün ABŞ artıq İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyub, neft və qaz satışına sanksiyalar tətbiq edib. Lakin yuxcarıda qeyd olunduğu kimi bu, “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Bu xüsusda ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioproqramının aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti verilişdə də çox maraqlı fikirlər səsləndirilib. Burada bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi”nin Avropa üçün böyük önəm kəsb etməsini nəzərə alır. Qeyd edək ki, barəsində bəhs edilən verliş Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa üzrə Tədqiqatlar Mərkəzinin əməkdaşı, amerikalı professor Branden Çafferin İtaliya və bütövlükdə Avropa İttifaqının Avropanın enerji təhlükəsizliyinə töhfəsi olacaq “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləməsi barədə müsahibəsinə həsr edilib. İtaliya hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməsi ilə bağlı suala cavab verən professor Brendon Çaffer bildirib ki, beş il əvvəl İtaliya hökuməti və bir çox İtaliya şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olam TAP-la partnyorluq etmək barədə qərar qəbul edib: “Bu, İtaliya hökumətinin qələbəsi hesab edilirdi və ölkənin qaza olan tələbatının tam ödənilməsi, təbii qazın qiymətinin aşağı düşməsi, enerji təhlükəsizliyinin artırılması və asılılığın azalmasına gətirib çıxaracaq qərar kimi qəbul olunurdu. “Cənub Qaz Dəhlizi” İtaliya və bütün Avropa İttifaqı üçün faydalıdır. İtaliyada bu boru kəmərinin çəkilməsi ilə bağlı bəzi narazılıqlara baxmayaraq, hökumətin layihəni dəstəkləyəcəyinə dair qərarı təqdirəlayiqdir”.
TAP kəmərinin Albaniya ərazisindən keçərək İtaliyaya gedəcək hissəsinin tikintisi ilə bağlı suala cavabında professor deyib ki, bu layihə həm BP, həm SOCAR, həm də bir çox xarici sərmayəçi şirkətlər tərəfindən maliyyələşdirilir. O, layihənin üçdəiki hissəsinin artıq tam hazır olduğunu bildirir. Qeyd edir ki, Avropanın ən əhəmiyyətli qaz bazarlarından biri olan İtaliya kimi ölkənin ərazisində bu kəmərin tikintisi barədə qərar layihənin uğurla sona çatması deməkdir.
Qeyd edək ki, Avropa İttifaqının prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin tam şəkildə 2020-ci ildə istismara verilməsi gözlənir. Bununla Avropa alternativ mənbədən qaz almaq imkanı qazanacaq.
Nahid SALAYEV