Seyid Camal Əzimbəyli: “Məhz bunun nəticəsidir ki...”
Bakıda “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı” keçirilib. Fələstinin xarici işlər naziri Riad Maliki Azərbaycanın bu toplantıya evsahibliyi etməsini ölkəsinə dəstəyin bariz nümunəsi adlandırıb.
Xarici işlər naziri Elmar Məmmədyarov sözügedən tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini bundan sonra da dəstəkləyəcək. Nazir rəsmi Bakının Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, ötən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyaya, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi və İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi üzrə Beynəlxalq Konfransına evsahibliyi etdiyini diqqətə çatdırıb.
“Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub” deyən Elmar Məmmədyarov Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri barədə də məlumat verib. BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərin dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyi vurğulanıb.
Fələstinin xarici işlər naziri Riad Maliki Bakının Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına evsahibliyi etməsini ölkəsinə dəstəyin növbəti bariz nümunəsi adlandırıb.
Fələstinli nazir Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Konfransda perspektivdə duran bir sıra digər məsələlər də müzakirə edilib.
O da məlumdur ki, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Belə olan halda, Fələstinlə bağlı tədbirin Bakıda keçirilməsi nə deməkdir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, Azərbaycanın müsəlman dünyasında böyük nüfuzundan xəbər verir: “Fələstin məsələsinin İslam dünyasında nə qədər həssas bir məsələ olduğu kifayət qədər bəllidir. Çünki zaman-zaman bu məsələ beynəlxalq aləmin diqqət mərkəzində olub. Azərbaycan dövləti apardığı uğurlu xarici siyasətə uyğun olaraq bu məsələni hər zaman diqqət mərkəzində saxlayıb. Mümkün olan qədər bu işdə öz töhfəsini verməyə çalışıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan müsəlman ölkələri arasında böyük nüfuza malikdir. İslam dünyası Azərbaycanın dünyada artan nüfuzunun fərqindədir. Məhz bunun nəticəsidir ki, sözügedən tədbirin Bakıda keçirilməsinə qərar verilib. Bu səbəbdən həmin tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dünyada uğurlu siyasət aparır. Azərbaycan bununla bir daha bütün dünyaya göstərmiş oldu ki, dünyada ədalətin və sabitliyin tərəfindədir”.
Vidadi ORDAHALLI