Qabil Hüseynli: “Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq istəyir ki, Fələstin xalqı özünün müstəqil dövlətini yaratsın və azad ölkənin bütün atributlarına sahib olsun”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İlham Əliyev Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın evsahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Prezident Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsinə ardıcıl surətdə töhfə verdiyini bildirib.
Qeyd edək ki, Azərbaycanın Fələstinlə bağlı siyasətində müsbət məqamların olduğu daha çox nəzərə çarpır. Təsadüfi deyil ki, ABŞ-ın Qüdslə bağlı qərarı Azərbaycan Prezidenti və xalqı tərəfindən kəskin şəkildə pislənib. Ötən ilin sonlarında ölkə başçısı bununla bağlı Türkiyədə keçirilən konfransda iştirak etdi, məsələyə münasibətini bildirdi. Ən diqqətçəkən məqamlardan biri də budur ki, ölkəmizin Fələstinlə bağlı yürütdüyü siyasətin Azərbaycan-İsrail münasibətlərinə heç bir formada mənfi təsiri olmur. Əksinə, həmin tərəflər arasındakı münasibətlərin normallaşmasında Azərbaycanın edə biləcəyi vasitəçilik missiyası yüksək qiymətləndirilir. Bütün bunların fonunda, Azərbaycan hakimiyyətinin yürütdüyü Fələstin siyasətinin əsaslarını necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın Fələstinlə bağlı yürütdüyü siyasəti tam qənaətbəxş saymaq olar: “Fələstin haqsızlığa uğramış və dövlət yaratmaq kimi hüquqdan mərhum edilən bir ölkədir. Həmin ölkə 1947-ci ildə BMT-nin mandatı ilə qəbul edilmiş qərara əsasən iki yerə bölünüb. Fələstinin böyük bir hissəsi İsrailə verildi, digər bir hissəsi olan İordan çayının sol tərəfi isə fələstinlilərə qaldı. Sonradan yəhudilər qısa müddət ərzində öz dövlətlərini yarada bildilər. ABŞ-ın köməyi ilə hərbiləşdilər, özlərinə sənayə sahələri yaratmağa müvəffəq oldular. Hətta o dərəcədə güclənə bildilər ki, qonşu ərəb dövlətlərinə hücum edib onlardan da ərazilər ələ keçirdilər. Məsələn, Suriyadan Holan təpələrini, Misirdən Səna yarımadasının bir hissəsini ələ keçirə bildilər. Sonra ABŞ-ın vasitəçiliyi ilə olan Kemp-Devid razılaşmasına görə, həmin torpaqların böyük hissəsi geri qaytarıldı. Yalnız Holan təpələri Suriyaya qaytarılmayıb. Burada əsas hədəf Fələstin dövlətinin yaradılmasıdır”.
Qabil Hüseynlinin sözlərinə görə, Fələstin xalqı buna tam haqq edir: “Çünki BMT 1947-ci ildə bunun üçün mandat verib. Amma hələ də bu dövlət qurulmayıb. Formal olaraq muxtariyyət şəklində mövcuddur. Bu dövlətin yaradılması ilə bağlı ABŞ bir dəfə plan irəli sürdü. Sonra buna nail oluna bilmədi. Çünki Fələstinin öz daxilində də birlik lazımi şəkildə deyil. Yasir Ərəfatın yaratdığı Fələstin Azadlıq Təşkilatı ilə dini təmayüllü “Həmas” təşkilatı arasında münasibətlər çox gərgindir. Azərbaycan bütün müstəvilərdə Fələstinə kömək etməyə çalışır. Biz onlara bütün beynəlxalq platformalarda dəstək veririk. Xüsusilə də Fələstinin hüquqlarının müdafiə olunması istiqamətində ciddi addımlar atırıq. Onların rəhbəri olan Mahmud Abbasla bizim Prezident İlham Əliyev arasında ötən il İstanbulda görüş oldu. Həmin görüşdə tərəflər arasında bir-birinə dəstək verməklə bağlı müqavilə də imzalandı. Amma bir faktı da deyim ki, vaxtilə Yasir Ərəfatın dönəmində onların bizə münasibəti heç də yaxşı olmayıb. O, hətta BMT tribunuasından bəyan edib ki, erməni xalqı istismara məruz qalıb. Buna baxmayaraq, hazırda vəziyyət başqadır. Mahmud Abbas Azərbaycanın atdığı müsbət addımları dəyərləndirməyi bacarır. Onun İlham Əliyevlə də yaxın münasibəti var. Azərbaycan bütün beynəlxalq qanunlara əsaslanaraq istəyir ki, Fələstin xalqı özünün müstəqil dövlətini yaratsın və azad ölkənin bütün atributlarına sahib olsun. Hələ ki, İsraillə onların arasında normal danışıqlar alınmır. Hətta nizamlanma prosesi də yoxdur ki, BMT-nin planları lazımi şəkildə həyata keçsin. Ümid edək ki, Azərbaycanın bu səylərinin də yaxın zamanlarda səmərəsi olacaq. Fələstin BMT-nin ona ayırdığı mandat əsasında öz dövlətini quracaq. Paytaxtı da yəqin ki, Qüds və ya onun ətrafında hansısa yeni şəhər olacaq. Bir faktı da xüsusi vurğulayım ki, Azərbaycan Fələstinlə bağlı siyasəti balanslı şəkildə aparır. Bunun bizim digər yaxın tərəfdaşımız olan İsraillə münasibətlərə heç bir ziyanı olmur”.
Məhəmmədəli QƏRİBLİ