Yeganə Hacıyeva: “Azərbaycan Aİ-nin dayanıqlı sülh və inkişafın əldə olunması istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır”
Bakıda Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik dialoqu keçirilib. Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə edilib.
Terrorizmlə, separatçılıqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirələr zamanı diqqət mərkəzində olub. Müzakirələr zamanı habelə bildirilib ki, hazırda danışıqlar gedən yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafına əlverişli imkanlar yaradacaq. Tərəflərin ilk dəfə keçirilən dialoqu münasibətlərdə yeni məqam kimi dəyərləndirildiyi, bunun növbəti ildə davam etdirilməsi barədə razılığa gəldikləri bildirilir.
Müzakirələrdə Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edib. Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıblar. Azərbaycan və Avropa İttifaqı arasında keçirilən təhlükəsizlik dialoqunu necə dəyərləndirmək olar?
Avropa qurumları ilə sıx təmasda çalışan ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2018-ci il Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi üçün tərəflər arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması baxımından məhsuldar bir il kimi tarixə düşdü: “Keçən 10 ay 2017-ci ildən yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesinin dinamik inkşafı ilə müşayiət olundu. 2018 ci il Azərbaycan Prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi. Bunun da nəticəsi olaraq bu il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı və buna dair baza sənəd paraflandı”.
Y.Hacıyeva bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb: “Bu yeni saziş gələcək illərdə Azərbaycan-Aİ münasibətləri üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur. Oktyabrın 29-dan Bakıda Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq başlanıb. Avropa Xarici Tədbirlər Xidməti baş katibinin müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirakı ilə aparılan bu dialoq, birmənalı olaraq, danışıqların daha ciddi mərhələyə keçməsi kimi qəbil olunmalıdır.
Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoq tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi üçün nəzərdə tutulur. Dialoqun gündəliyi haqqında geniş danışmadan, müzakirələrin istiqamətlərini sadalamaq istəyirəm. Dialoqa enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və “çirkli pulların yuyulması”, aviasiya, nəqliyyat-logistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik müzakirələrinin aparılması aiddir”.
Ekspert xüsusi aktual olduğu üçün, təhlükəsizlik dialoqunun məhz konfliktlərin həlli sahəsində müzakirələri haqqında danışmaq istədiyini bildirdi: “Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzərə: Aİ-Azərbaycan ikitərəfli və Aİ-Cənubi Qafqaz çoxtərəfli kontekstindən qurmaqda maraqlıdır. Aİ Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərini tanıyır, suverenliyi və müstəqilliyini dəstəkləyir. Aİ üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və inkişafın artırılmasına maneçilik törədən əsas məqamdır və 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə konfliktin həlli və tərəflərin dialoqu istiqamətində təşəbbüslərini davam etdirir.
Aİ qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı bir birbaşa təsir mexanizmlərinə malik deyil. Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir.
Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır.
Azərbaycan üçün Aİ ilə təhlükəsizlik dialoqunun nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir”.
Ekspertin sözlərinə görə, təhlükəsizlik üzrə dialoq müzakirəsi üçün ölkəmizə buyurmuş heyətin Azərbaycan xarici işlər nazirinin müavini, Prezidentin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi Araz Əzimovla görüşünün ana xəttini məhz bu mövzu təşkil edib: “Nəzərə alsaq ki, Araz Əzimov, həmçinin, ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda Azərbaycandan olan həmsədrdir, bu o deməkdir ki, aparılan təhlükəsizlik müzakirələri tək regional deyil, qlobal əhatəli və əhəmiyyətlidir. Regionda mövcudluğu və maraqı olan hər bir qlobal güc mövcudluğunun legitimləşməsi istiqamətində, regionda sülhün bərqərar olunmasında məsuliyyəti bölüşməli və beynəlxalq hüququn və ədalətin bərpası üçün səylərini əsirgəməməlidir”.
Məhəmmədəli QƏRİBLİ