Bəhruz Quliyev: “Eyni zamanda, bununla Paşinyanın bu ölkəyə səfər etməsinin vacib olmadığını göstərdi”
Ötən müddət ərzində Nikol Paşinyan hökuməti Ermənistanın daxilində yaxşılığa doğru, faktiki olaraq, heç nə əldə edə bilmir. Bununla yanaşı, demokratik sütunun yaradılmadığı və yaxud Qərbin dəstəyinin əldə olunmadığı bu ərəfədə köhnə rejimin tərəfdarları Ermənistanı birbaşa böhrana sürükləyirlər.
Bu yaxınlarda Paşinyan baş nazir vəzifəsindən istefa verərək, növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəhd göstərdi. Paşinyan mövqelərini gücləndirməyənə qədər baş nazir seçilmək niyyətində deyil. O, növbədənkənar seçkilər yolu ilə parlamentin tərkibini dəyişə biləcəyinə inanır. Paşinyan belə düşünür ki, devrilmiş hakimiyyətin tərəfdarları yeni parlamentdə təmsil oluna bilməyəcəklər.
Ermənistanın baş naziri və onun komandası ABŞ, yaxud Avropa İttifaqı ilə birlikdə hər hansı fəaliyyət qurmaqda uğursuzluğa düçar olub. Eyni zamanda, Ermənistanın qonşu ölkələrlə münasibətində də müsbətə doğru irəliləyiş yoxdur. Məsələ ondadır ki, bu ilin iyun ayından üzübəri Paşinyanın İrana səfər edəcəyi ilə bağlı fikirlər erməni mətbuatında səslənsə də, sözügedən səfər reallaşmır. Baxmayaraq ki, dəfələrlə bu məsələ Ermənistanda gündəmə gətirilib. Bu günlərdə Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin İstanbul görüşündə birgə bəyannamə imzalandı. Sözügedən bəyannamədə iki ölkənin, o cümlədən İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi Ermənistanda böyük məyusluğa səbəb oldu. Bu həm də İranın diplomatik formada Paşinyanın bu ölkəyə səfərinə yox deməsi anlamına gəlir.
Bu baxımdan yaranan vəziyyəti ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin sözlərinə görə, Ermənistan İran üçün vacib əhəmiyyət kəsb etmir: “Azərbaycan regionda öz qonşuları ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələr qurur. Həm Xəzəryanı, həm də digər qonşu ölkələrlə sağlam əlaqələr qurur. Bununla yanaşı, Azərbaycan qonşuluq siyasətinə uyğun olaraq qonşu dövlətlərin maraqlarını gözləyir. Regionun birgə inkişafı istiqamətində atılan hər addıma qonşuların da qoşulması prosesi gedir. Çünki regionun inkişafı Azərbaycanın marağındadır. Çox təəssüflər olsun ki, Ermənistan özünün apardığı qeyri-düzgün siyasətinə görə bütün regional layihələrdən təcrid vəziyyətdədir. Neçə müddətdir Paşinyanın İrana səfər edəcəyi gündəmə gətirilsə də, bu reallaşmır. Bunun kökündə dayanan faktorlardan biri də Azərbaycanın apardığı real siyasətlə əlaqədardır. Ermənistanın beynəlxalq hüququ pozması göz qabağındadır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, dünya Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını inkar etmir. Bununla bağlı beynəlxalq qərarlar da ortadadır. Bütün bunlara baxmayaraq, Ermənistan öz siyasətində dəyişiklik etmək istəmir. Ona görə də region dövlətləri, həmçinin, Ermənistanla qonşu dövlət olan İran heç də bu ölkə ilə qarşılıqlı sağlam əlaqələr qurmaq niyyətində deyil. Get-gedə İran Ermənistanın işğalçı xislətinə daha çox bələd olur. Belə bir dövlətlə geniş əlaqələrin qurulmasi İranın maraqlarına cavab vermir. Ona görə ki, İran Azərbaycanın regionda daha ciddi tərəfdaş ölkə olduğunun fərqindədir. O üzdən, İran Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoyaraq Ermənistana öz yerini göstərdi. Eyni zamanda, bununla Paşinyanın bu ölkəyə səfər etməsinin vacib olmadığını göstərdi. Azərbaycan-İran münasibətləri göstərir ki, rəsmi Tehran Ermənistana deyil, Azərbaycana daha çox önəm verir”.
Vidadi ORDAHALLI