Nəzakət Məmmədova: “Biz bu kitabı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə birgə hazırlamışıq”
Bu günlərdə “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı “Xatirə Kitabı”nın xüsusi cildi çap edilib. Artıq nəşrin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasında geniş təqdimatı da keçirilib.
“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, sonuncu nəşr indiyə qədər “Xatirə Kitabı” seriyasından çap edilən nəşrlərdən xeyli fərqlənir.
“Bildiyiniz kimi, “Respublika Xatirə Kitabı” redaksiyası 20 ildir ki, fəaliyyət göstərir. İndiyə qədər “Xatirə Kitabı”nın XVI cildi işıq üzü görüb və hər nəşrdə 16-18 min nəfər şəhidimizin xatirəsi əbədiləşdirilib. Bu cildlərlə “Xatirə Kitabı”nın xüsusi buraxılışının fərqi ondadır ki, bu nəşr şəhidlərə həsr edilməyib, burada əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar çap olunub. Bu xüsusi buraxılış yalnız “Xatirə Kitabı”ı kollektivinin səyi ilə meydana gəlməyib. Biz bu kitabı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə birgə hazırlamışıq, bu nəşr bizim əməkdaşlığımız nəticəsində yaranıb. Onlarla birlikdə belə bir layihə ortaya qoyduq. Bu qurumun işçi qrupuna bütün güc strukturları daxildir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu 25 ildir əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı işlə məşğuldurlar. Bu qurumun 25 illik gərgin əməyinin nəticəsidir ki, birgə əməkdaşlığımız sayəsində biz belə bir kitab çap etdik. Burada hər bir itkin və əsir düşmüş soydaşımız haqqında məlumat və şəkillər əks olunub. Elə şəxslər var ki, onların fotoları əldə olunmadığı üçün, fotorobotları hazırlanaraq kitabda verilib. Bu qurum öz arxivlərini bizim üzümüzə açıb və 1 il 6 aydır əməkdaşımız Nahid Salayev onların arxivində işləyir. Bu nəşrin meydana çıxmasında Nahid Salayevin çox böyük əməyi olub. O hər bir insan haqqında məlumatları tam araşdırıb, hər biri haqqında ayrıca məlumat hazırlayıb. Əslində, bu bizim üçün də bir yenilik idi. Biz əvvəllər məlumatı alıb çap edirdik. Yəni o adamlar haqqında məlumatlar alırdıq ki, onların hansı hərbi komissarlıqdan əsgəri xidmətə getməsi, harada şəhid olması və hansı məkanda dəfn edildiyi məlum idi. Lakin bu nəşr o adamlardan bəhs olunur ki, onların taleyi haqqında heç bir məlumat yoxdur. Bu nəşrdə 25 il davam edən araşdırmaların bir hissəsi əks olunub. O adamlar haqqında məlumatlar şahidlərin ifadəsi əsasında mövcuddur. Bu kitab çox unikal bir kitabdır. Bilirsiniz ki, indiyə qədər mətbuatda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı belə geniş məlumatlar getməmişdi, bunlar ictimaiyyətə məlum deyildi” - deyə bildirən N.Məmmədova qeyd etdi ki, əsir və itkin düşmüş, girov götürülmüş insanlar haqqında araşdırma aparmaq, onların qandonduran taleyi ilə tanış olmaq həqiqətən də çox dəhşətlidir.
“Xatirə Kitabı”nın xüsusi buraxılışının 4 kitabdan ibarət olacağını deyən N.Məmmədovanın bildirdiyinə görə, 1-ci kitabda 922 nəfər vətəndaşımız haqqında məlumat yer alıb. 3875 nəfəri bu nəşrlər əhatə edəcək. Yeni məlumata görə, bu rəqəmə 13 nəfər də əlavə edilib və hələ artmaq ehtimalı da var. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda çıxış edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyev də bu kitabı çox yüksək qiymətləndirdi. Bildirdi ki, bu kitab mənim stolüstü kitabımdır və hər kəsə də tövsiyə etdi ki, bu kitab hamının stolüstü kitabı olmalıdır. Bu insanlar talelərindən nigaran qaldığımız insanlardır. Onlar düşmən əlindədirlər” - deyə bildirən N.Məmmədovanın bildirdiyinə görə, kitabın həm də ingilis dilində olması onun beynəlxalq aləmdə yayılmasına və erməni vəhşiliyinin dünyaya bəyan edilməsinə şərait yaradacaq.
N.Məmmədova, həmçinin, onu da dedi ki, Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla, eləcə də şəhidlərlə bağlı ən aktiv sayt Mədəniyyət Nazirliyi “Xatirə Kitabı” redaksiyasının xatirekitabı.az saytıdır. “Bizim saytımız 5 ildir fəaliyyət göstərir və burada “Xatirə Kitabı”nın bütün cildləri yerləşdirilib. O cümlədən də oxucular “Xatirə Kitabı”nın xüsusi buraxılışı ilə də sayt vasitəsilə tanış ola bilərlər. “Xatirə Kitabı”nın saytı yarandığı gündən bu sahədə fəaliyyət göstərir” - deyə N.Məmmədova vurğuladı.
İradə SARIYEVA