Artıq birmənalı həqiqətdir ki, Azərbaycan ərazilərinin işğalına son qoymadan Ermənistanın hər hansı inkişafı mümkünsüzdür və təcavüz siyasəti davam etdikcə bu ölkəni daha böyük problemlər gözləyir. Ən azı o baxımdan ki, əvvəllər Ermənistana müəyyən dəstək verən ölkələr də artıq ondan imtina etməyə başlayır. Məsələn, faktdır ki, Rusiya Ermənistana əvvəlki münasibət sərgiləmir. Bu ölkədə məlum hakimiyyət dəyişikliyindən sonra Rusiyaya qarşı atılan addımlar Moskvada İrəvanın xəyanətkar obrazını formalaşdırıb. Artıq heç kimə sirr deyil ki, Rusiyada Nikol Paşinyana qətiyyən etibar edilmir.
Digər tərəfdən, real vəziyyət Ermənistanın ayaqda qalmasına səbəb olan əsas dövlətlərdən biri sayılan İranın da mövqeyində dəyişikliklər olduğunu üzə çıxarır. Bunun ümdə səbəblərindən biri budur ki, artıq İran üçün regionda Azərbaycanla işbirliyi həyata keçirmək, birgə layihələr reallaşdırmaq daha vacibdir. Daha bir məqam isə ondan ibarətdir ki, Ermənistan fəaliyyəti ilə İrana da xəyanət etməyə hazır olduğunu sübuta yetirib. Faktdır ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərində əsas məqsədlərdən biri İranın təcrid siyasətinin dərinləşməsinə nail olmaqdan ibarət idi. Amma bu məsələdə Azərbaycan qətiyyətli mövqe nümayiş etdirərək, İranla bağlı indiyə qədər mövcud siyasətini davam etdirəcəyini, mehriban qonşuluq münasibətlərini saxlayacağını bildirdi. Bunu ABŞ tərəfi də nəzərə alaraq, Bakının mövqeyinə hörmətlə yanaşır. Ermənistana gəlincə, məsələ fərqlidir və yayılan məlumatlardan belə bəlli olur ki, İrəvan İrana qarşı formalaşan qruplaşmada yer almağa hazırdır. Təbii ki, bu da İranın Ermənistan siyasətində korrektələr etməsini şərtləndirir.
Yeri gəlmişkən qeyd edək ki. artıq Ermənistanda İranla da sərhədlərin bağlanmasının mümkünlüyündən danışılır. Belə ki, baş nazirin səlahiyyətlərinin icraçısı statusunda olan Nikol Paşinyan parlamentdə növbəti debatlar zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Paşinyanın sözlərinə görə, o, bu günlərdə çox nüfuzlu, beynəlxalq səviyyədə hörmət olunan bir diplomatla görüşdə Ermənistanın geosiyasi-coğrafi baxımdan necə çıxılmaz vəziyyətdə olması barədə müzakirə aparıb. O, diplomata deyib ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri məlum səbəblərdən bağlıdır. İran və Gürcüstanla sərhədləri isə yarıaçıqdır, istənilən vaxt ABŞ-İran qarşıdurmasına görə İranla sərhədlər bağlana bilər, eləcə də Gürcüstan-Ermənistan sərhədi regiondakı geosiyasi risqlər və hava şəraitinə görə bağlanmaq risqi qarşısındadır. “Mən dedim ki, belə vəziyyətdə biz nə edə bilərik? Belə çıxır ki, Ermənistan dənizsiz adadır”. Ekspertlər bildirir ki, Nikol Paşinyanın Ermənistanın geosiyasi və coğrafi baxımdan tamamilə dalana dirənmiş vəziyyətdə olduğuna eyham vurması indiki vaxtda təsadüf deyil. Ermənistan baş nazirinin geosiyasi dalan və çıxılmaz ada barədə söhbətləri hansı nüfuzlu diplomatla etdiyi məlum deyil. Amma elə həmin günlərdə İrəvanda səfərdə olan nüfuzlu diplomat Con Bolton Ermənistan üçün adadan çıxış yolunu göstərmişdi. Bolton bəyan etmişdi ki, Ermənistan xarici təzyiqləri və asılılığı azaltmaq, dayanıqlı inkişafa nail olmaq istəyirsə, bunun bir yolu var, o da Dağlıq Qarabağ münaqişəsinin həllidir. Con Boltondan əvvəl isə ABŞ-ın İrəvanda səlahiyyətləri başa çatmaqda olan səfiri Riçard Millz Ermənistan üçün işğal edilmiş Azərbaycan ərazilərini, yaxud diplomatın qeyd etdiyi kimi, “konkret əraziləri” qaytarmaqdan başqa yol olmadığı haqda danışmışdı. Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın təcridi dərinləşəcək və ölkənin vacib olan İranla sərhədləri də istənilən an bağlana bilər. Məhz bu vəziyyətdə Ermənistanı daha böyük problemlər gözləməsi də bütün erməni cəmiyyətinə yaxşı məlumdur.
Digər tərəfdən görünən həm də budur ki, artıq İran da Qarabağ məsələsində Ermənistana qarşı daha sərt mövqeyə keçir və Azərbaycanın siyasətinə dəstək verir. Bunu Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü və nəticədə qəbul olunan İstanbul Bəyannaməsi fonunda da görmək olar. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç dövlətin xarici siyasət idarələrinin rəhbərlərinin altıncı üçtərəfl görüşü oktyabrın 30-da İstanbulda keçirilib. Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayıblar. Regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər.
Nazirlər, eyni zamanda, müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşıblar. Tərəflər beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini də vurğulayıb, bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha vurğulayıblar. Bununla iştirakçı ölkələr, o cümlədən İran bir daha Azərbaycanın ərazi bütövlüynə açıq dəstək nümayiş etdirib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə yenidən bu mövzuya toxunaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır.
Onun sözlərinə görə, İran, Türkiyə və Azərbaycan arasında yaxın qonşuluq siyasəti uğurlu əməkdaşlığa təkan verir: “Hər üç ölkənin ortaq iradəsi mövcuddur. Bölgə xalqlarının yaşam standartlarının yüksəlməsi üçün problemlərin öz həllini tapması vacibdir. Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”. Bundan bir gün əvvəl - oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri ənənəvi üçtərəfli məsləhətləşmələr çərçivəsində bir araya gəlmişdi. Həmin görüşün də yekun bəyanatında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha vurğulanır.
İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin Qarabağ probleminin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsi ilə bağlı verdiyi birgə bəyanat Ermənistanda qızğın müzakirələrə səbəb olub. Ermənistan mediası İranın Qarabağ münaqişəsi ilə bağlı razılaşmalarda ərazi bütövlüyü məsələsinə imza atmasının böyük narahatlığa səbəb olduğunu yazır.
İran üzrə erməni ekspert Aaron Vardanyan da bildirir ki, Ermənistan kimi heç bir şeyin dəyişmədiyini düşünərək boş-boş oturmaq olmaz. Onun sözlərinə görə, regionda vəziyyət dəyişir: “Bu isə ildən-ilə deyil, artıq hər saniyə baş verir, odur ki, hazır olmaq lazımdır. Türkiyə hər dəfə bildirir ki, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməlidir. İstanbul görüşündə isə İranın ərazi bütövlüyü prinsipini qeyd etməsi aydın məsələdir. Bu fakt qarşısında Ermənistanda bir sıra suallar səsləndirilməsi təbiidir. Ermənistan-İran münasibətlərində həqiqətən böhran varmı? Narahat olmaq üçün əsas varmı? İki ölkə arasında münasibətlər hansı səviyyədədir? Hələ yayın əvvəllərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın Tehrana səfərinə hazırlıqlar aparıldığını açıqlamışdı. Səfər hələ də baş tutmayıb, bunun əvəzində isə iki ölkənin liderləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Bu isə xüsusən iki qonşu, dost ölkə barədə danışarkən effektli müzakirələrin aparılması üçün bir o qədər də uyğun şərait sayılmır“. Erməni politoloq Sarkis Artsruninin fikrincə, Ermənistanda ciddi problemlər var, belə ki, Azərbaycandan fərqli olaraq, İrəvan heç bir regional inteqrasiya layihəsində təmsil olunmayıb: “Hökumət qurulduqdan sonra ilk 6 ayda İran-Ermənistan münasibətlərində aktivləşmənin müşahidə olunmamasını nəzərə alsaq, Paşinyanın Sünik vilayətinə yeni qubernator təyin etməsini narkobizneslə mübarizə ilə əlaqələndirərək məhz İranla sərhədə işarə vurması Tehranda yeni erməni hökumətinin siyasəti ilə bağlı müəyyən narahatlıqlar yarada bilər və İrəvana siyasi ismarıclar göndərmək məcburiyyətində qalar. Əslində, Azərbaycanın ərazi bütövlüynə dəstək verilməsi ilə İran bu ismarıcları artıq göndərir”.
Ekspertlər qarşıdakı dövr ərzində region ölkələrinin Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistana qarşı daha sərt mövqedə duracağını proqnozlaşdırır. Onu da nəzərə alaq ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək, Qarabağ münaqişəsinin bu prinsip çərçivəsində həlli təkcə region dövlətləri tərəfindən vurğulanmır. Bu, geniş beynəlxalq ictimaiyyətin rəyi, illərdir çoxsaylı sənədlərdə, qətnamələrdə təsbit olunmuş mövqeyidir.
Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamağın nəticəsində isə Ermənistanın qonşu, region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb. Yuxarıda qeyd olunduğu kimi, Rusiya ilə münasibətlərində İrəvan artıq ciddi problemlər yaşayır. Ermənistanın Gürcüstanla münasibətləri də rəvan sayıla bilməz və gürcü tərəfi İrəvanın separatçılıq niyyətlərini Cavaxetiya nümunəsində Gürcüstan ərazisinə keçirməyə çalışdığını da yaxşı bilir. Elə bu səbəbdən Gürcüstan onun iqtisadi inkişafına əvəzsiz töhfələr verən Azərbaycanla münasibətlərinə xüsusi önəm verir. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın təcridi daha da dərinləşəcək. Çünki artıq region ölkələri də işğalçı Ermənistanla siyasətlərini yenidən nəzərdən keçirirlər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.