Qabil Hüseynli: “Bunun səbəbi həm də onunla bağlıdır ki…”
Avropa İttifaqı 2017-ci ilin aprelində Ermənistanda keçirilmiş parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı. Ötən günlərdə isə İrəvanda səfərdə olan Avropa İttifaqının rəsmiləri bu ölkədə növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar veriblər. Yardımın 2 dəfəyə qədər azaldılması bu mötəbər Avropa təsisatının Paşinyanın demokratiya nağıllarına inanmadığını göstərir.
Qeyd edək ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqının xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və qurumun yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Onlar bu ölkədə növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar veriblər. Halbuki, Avropa İttifaqı 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı.
Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltmaqla açıq şəkildə göstərdi ki, Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır.
Avropa İttifaqının Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltmasını başqa hansı amillərlə izah etmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda gedən proseslər bir qədər fərqli mahiyyət daşıyır: “Bir növ, kütlə psixologiyasına və həmin emosiyaya yönəlmiş təbliğat özünü aydın büruzə verir. Burada intellektuallıqdan, konseptuallıqdan söhbət gedə bilməz. Artıq görürlər ki, orada Avropa dəyərlərindən də söhbət getmir. Bu səbəbdən də Paşinyan nə qədər yalvarıb-yaxarsa da, ona 3 milyon avrodan artıq pul vermədilər. Baxmayaraq ki, inqilabın əvvəlində ona 8 milyon veriləcəyinə dair vəd vermişdilər. 8 milyon o demək idi ki, əvvəl ayrılan tranşdan bir milyon çox idi. Ancaq Paşinyanın sonrakı davranışları Avropanı vadar etdi ki, ona Sarkisyana ayrılandan da iki dəfə az vəsait versinlər. Bunun səbəbi həm də onunla bağlıdır ki, Avropa Ermənistanda gedən proseslərin demokratik mahiyyətini hələ də dərk etmir və ona inanmır. Paşinyanın özünün isə demokratik mahiyyətli adam olduğu isə ümumiyyətlə qəbul edilmir. Ermənistandakı proseslərin perspektivinə də o qədər inam qalmayıb. Hazırda ABŞ da eyni mövqeni bölüşür. Görürsünüz ki, Paşinyan hətta Venesia Komissiyasının tövsiyələrini də qəbul etmədi. Çünki seçkini hazırlayan da, qanunvericiliyi öz istəyinə uyğun şəkildə dəyişdirən də yalnız Paşinyandır. Görürsünüz ki, parlament nəyisə qəbul etməyəndə o, kütləni yığıb zorla deputatlara qərar qəbul etdirir. Belə xarakterli adamla demokratik dairələr təbii ki, ciddi əməkdaşlıq etməyəcək”.
Məhəmmədəli QƏRİBLİ