İbrahim Rüstəmli: “İndi biz bu sahədə uğur qazanmaqla həm də ordumuzun daha yüksək döyüş hazırlığına sahib olmasına şərait yaratmış oluruq”
Azərbaycanın müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan ordusunda yeni istismara verilən Peyk Rabitəsi İdarəetmə Mərkəzinin (PRİM) fəaliyyəti ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Nazirlik vurğulayır ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) peyki üzərindən fəaliyyət göstərir.
Bu peyk rabitə sistemi qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli, mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçündür.
Məlumata görə, nazir Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib. Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib. Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib. General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Ümumilikdə, Azərbaycan Ordusunda Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyətə başlamasını ekspertlər necə dəyərləndirirlər? Belə sistem ordumuz üçün nə deməkdir?
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, ümumiyyətlə, döyüşün taleyini ciddi, etibarlı rabitə sistemi təmin edir: “Qoşunlar, bölmələr arasında əlaqə nə qədər güclü olursa, ordunun mobil hərəkəti, strateji planların həyata keçirilməsi də bir o qədər yüksək səviyyədə yerinə yetirilir. Ümumiyyətlə, peyk sistemi və informasiya mübadiləsinin gücləndirilməsi ordumuzda aktual mövzulardan biridir. Hesab edirəm ki, bu sistem ordumuzda böyük bir yenilik və irəliləyişdir. Bunu bir informasiya mütəxəssisi kimi deyirəm və yüksək qiymətləndirirəm. Çünki zaman-zaman bu məsələ aktual olub. Doxsanıncı illərin hərbi, döyüş təcrübəmiz göstərir ki, o zaman müvəffəqiyyətsizliyimizin bir səbəbi də qoşunlar arasında əlaqənin, rabitənin etibarlı şəkildə qurulmaması ilə bağlı idi. Yəni artıq bu kimi məsələlər öz həllini tapıb. İndi biz bu sahədə uğur qazanmaqla həm də ordumuzun daha yüksək döyüş hazırlığına sahib olmasına şərait yaratmış oluruq. Ona görə də Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyətə başlaması Silahlı Qüvvələrimiz üçün böyük uğurlara yol açacaq. General-polkovnik Zakir Həsənovun PRİM-in fəaliyyəti ilə tanış olması və bu barədə məlumatların verilməsi bizi sevindirir. Hesab edirəm ki, bu rabitə sistemini daha təkmil şəkildə işlətmək üçün peşəkar kadrlara ehtiyac var. Yəqin ki, bu sahədə də müəyyən addımlar atılacaq. Sistemin tələb etdiyi yüksək ixtisaslı kadrların işə cəlb olunması reallaşdırılacaq”.
Vidadi ORDAHALLI