Məhəmməd Əsədullazadə: “Nəzərə almaq lazımdır ki, bu ölkənin Rusiyanın forpostu olması rəsmi İrəvana bununla bağlı şans vermir”
Bu ilin yazından Ermənistanda başlayan proseslər son nəticədə çürüməkdə olan siyasi sistemin tam deformasiyası ilə nəticələndi. Məsələ ondadır ki, baş nazir seçilən Nikol Paşinyanın xarici siyasətlə bağlı yanaşması manipulyasiya üzərində qurulub.
Yəni İrəvanın xarici siyasətinin manevrlərə deyil, manipulyasiyaya söykənən mahiyyəti də artıq iflasa uğrayır. Küçə hərəkatı dalğasında formalaşan Paşinyan komandasının üzvləri özündən əvvəlkilərdən, sadəcə, maskalanmış açıqlamaları və davranışları ilə fərqləndiklərini ortaya qoydular. Nəticədə Ermənistanın daxili və xarici siyasətindəki bütün boşluqları aşkara çıxdı. Bütün bunlardan sonra xarici siyasətinin prioritetləri qeyri-müəyyən olan, yaxud, ümumiyyətlə, olmayan Paşinyan özündən əvvəlki hakimiyyətin manevrlərini dəyişik obrazda həyata keçirməyə çalışdı. Paşinyan Avropa İttifaqına hələ küçə və meydanlarda keçirdiyi mitinqlər zamanı səsləndirdiyi mesajlara söykənərək Brüsselə səfər etdi və bu səfər iflasa uğradı. Daha sonra Rusiyaya yönəlik bəyanatlar verdi və bu ölkəyə etdiyi səfərlər də nəticəsiz oldu. Paşinyanın İranla bağlı manevrləri də ciddi qəbul olunmadı və nəticə vermədi. Digər tərəfdən, Paşinyanın bütün səylərinə baxmayaraq, Ermənistan hakimiyyəti ABŞ-ı aldada bilmədi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfəri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın iqtisadi inkişafı mümkün deyil. Paşinyan öz aləmində Rusiya, İran və ABŞ arasında balanslaşdırılmış siyasət yeritmək istəyir, yəni bütün bu ölkələrlə yaxşı münasibət. Azərbaycanın timsalında belə siyasət alınır. Maraqlıdır, Ermənistanda da bu alınacaqmı?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etdi: “Azərbaycanın regionda balanslaşdırılmış siyasəti ölkəmizin mövqeyini gücləndirir və xarici təzyiqləri neytrallaşdırır. Qeyd edim ki, böyük güclərin maraqlarının toqquşduğu regionda balanslaşdırılmış siyasət aparmaq, qonşu ölkələrlə əlaqələri yüksək səviyyədə saxlamaq dünyada davam edən böhran fonunda çox mürəkkəbdir. Azərbaycanın enerji siyasəti və nəqliyyat sahəsində meqalayihələri imkan verir ki, ölkəmiz hazırkı siyasəti uğurla davam etdirsin. Azərbaycanın bu kimi siyasətini davam etdirmək niyyətində olan Ermənistanın cəhdləri boşunadır. Çünki Ermənistanın işğalçılıq siyasəti və bu işğaldan irəli gələn blokadası imkan vermir ki, işğalçı ölkə balanslaşdırılmış əlaqələr qursun. Nəzərə almaq lazımdır ki, bu ölkənin Rusiyanın forpostu olması rəsmi İrəvana bununla bağlı şans vermir. Ona görə də Ermənistan ilk növbədə işğala son qoymalıdır. Ermənistanda baş verən inqilab da bu ölkənin siyasətində müsbət dəyişikliklərə gətirməyəcək. Çünki inqilabın müsbət nəticəsi yalnız Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllindən asılıdır. Ona görə də Nikol Paşinyanın siyasəsəti, demək olar ki, səmərəsiz olacaq. Azərbaycan kimi siyasət aparmaq üçün ilk növbədə iqtisadi resurslara sahib olmalı və qonşu ölkələrə qarşı aqressiv siyasətdən əl çəkməlidir”.
Vidadi ORDAHALLI