Əli Əliyev: “Qarşıdan İran dövləti üçün bir sınaq mərhələsi gəlir”
Məlum olduğu kimi, bu günlərdə İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşündə iştirakçı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış ediblər.
Xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul Bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.
Bu bəyanatda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub. Münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilib.
Doğrudur, rəsmi Tehran bundan əvvəl də beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı müzakirə və səsvermələrdə, bir qayda olaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ancaq, eyni zamanda, Tehran Ermənistanla həmsərhəd olması faktını əsas gətirərək İrəvanla əlaqələrini qoparmayıb. Enerji, qaz satışı və ticarət əlaqələrini qoruyub saxlayıb. Bu isə zaman-zaman Azərbaycan və İran arasında soyuq münasibətlərə səbəb olub. Lakin görünən odur ki, bununla bağlı vəziyyət dəyişir. Məsələ ondadır ki, son illər iki ölkə arasında əlaqələr keyfiyyət baxımından daha da inkişaf edir. Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər artıb, ortaq layihələr həyata keçirilir. Hazırda iki ölkə hökumətlərinin dəmir yolu-nəqliyyat layihəsi də daxil olmaqla, bir sıra strateji ortaq layihələri var. İndi artıq Xəzər məsələsi hüquqi həllini tapıb, iki ölkə arasında hansısa anlaşılmazlıq, demək olar ki, yoxdur. Ən başlıcası, Azərbaycan İrana qarşı iqtisadi sanksiyalara qoşulmadı.
Bütün bunların fonunda, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nə deməkdir?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İranın bu məsələdə sərgilədiyi mövqeyə müsbət prizmadan yanaşdı: “Əvvəla birinci dəfə deyil İran Azərbaycanın ərazi bütövlüyü ilə bağlı belə mövqe ortaya qoyur. Zaman-zaman İran Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqe bildirib. Məsələn, İslam Konfransı Təşkilatında İran məlum bəyanata imza atıb. Həmin təşkilatın üzvü kimi İranın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı imzası var. Hesab edirəm ki, qarşıda gələn siyasi dönəmdə İran-Azərbaycan əlaqələrinin dərinləşməsi, Türkiyə-Azərbaycan-İran dostluğunun möhkəmlənməsinin şahidi olacağıq. Çünki qarşıdan İran dövləti üçün bir sınaq mərhələsi gəlir. Ona görə də bu dönəmdə bizim dövlətlər arasında münasibətlərin yaxşılaşması, inkişaf etməsi və qarşılıqlı belə ədalətli mövqeyin nümayiş etdirilməsi bütün tərəflərə lazımdır. Hesab edirəm ki, verilmiş son bəyanat da həmin gələcək münasibətlərin təməli üçün çox yaxşı başlanğıc kimi qiymətləndirilməlidir. O baxımdan hesab edirəm ki, İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərgilədiyi mövqe müsbət qiymətləndirilməlidir. Fikrimcə, indiki məqamda bunun səslənməsi yaxşı haldır”.
Vidadi ORDAHALLI