“Ermənistanda demokratik seçki yox, o adla imitasiya olacaq”
Ermənistanda parlament seçkilərinin demokratik şəraitdə baş tutacağı ciddi sual altındadır. Bu hal beynəlxalq qurumları da narazı salır. Artıq bu xüsusda Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Qurumun monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Yuliya Levoçkina bildirib: “Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətini və bütün siyasi qüvvələri Avropa norma və standartlarına tam şəkildə riayət olunmasını təmin etməyə çağırırıq”.
AŞPA nümayəndəsi onu da bildirib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Lakin qeyd edək ki, Seçki Məcəlləsinə Venesiya komissiyasının tövsiyələrinə uyğun dəyişikliklər ikinci dəfə də parlamentdə qəbul edilməyib. Parlamentdəki səsvermə zamanı dəyişikliyin lehinə 62 deputat səs verib. Layihənin əleyhinə cəmi iki deputat çıxış edib. Nəticədə məcəllədə dəyişikliklə bağlı qərarın qəbulu üçün 1 səs çatmayıb. Belə ki, konstitusiyaya görə, Seçki Məcəlləsində dəyişiklik üçün millət vəkillərinin beşdə üçünün lehinə səs verməsi lazımdır ki, bu da 63 səs edir. Seçki Məcəlləsində, xüsusilə millət vəkilliyinə namizədlərin ərazi siyahılarının ləğv edilməsi istənir. Bununla bərabər, parlamentə keçid üçün nəzərdə tutulan minimum keçid həddinin azaldılması təklif edilib. Belə ki, partiyalar üçün bu göstəricinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsi nəzərdə tutulub. Üstəlik, təklifə əsasən, parlamentdə mütləq şəkildə minimum dörd siyasi qüvvə təmsil olunmalı, müxalif deputatların sayı üçdə birdən az olmamalıdır. Dəyişikliklər sırasında, həmçinin, pulsuz efir vaxtının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb. Amma bütün bunlar parlamentdən keçməyib və belə vəziyyət demokratik seçkilərin baş tutmasını ciddi sual altına alır.
Göründüyü kimi, Ermənistanın hakimiyyətdə olan qüvvələri məqsədli şəkildə Venesiya Komissiyasının tövsiyyələrinə əməl etməmək yolunu tutublar. Həmin tövsiyyələri parlament hətta təsdiq də etməyib. Belə olan təqdirdə, Ermənistanda demokratik seçkinin baş tutacağını təxmin etmək olarmı?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan inqlab nəticəısində hakimiyyətə gələndən sonra, Ermənistanda atılan bütün addımlar, qəbul edilən qərarlar anti-demokratikdir: “O, hakimiyyətə demokratiya dalğası ilə gəldi. Ermənistanda ondan qabaq da anti-demokratik hakimiyyət mövcud idi. Bu səbəbdən də sadə xalq ona inandı və Paşinyanı meydandan hakimiyyətə gətirdi. Qısa zaman ərzində bəlli oldu ki, onun idarəetmə səriştəsi zəifdir. Eyni zamnada onun addımlarında avtoritarlıq, anti-demokratlıq açıq-aydın nəzərə çapdı. Fikir verin, onun növbədənkanar parlament seçkilərinə getməklə bağlı məsələyə hansı yolla qanuni don geyindirilir. Paşinyan əvvəlcədən razılaşır ki, fransiyalar əlavə namizəd verməyəcəyi təqdirdə istefa verəcək. Buna nail olur. Sonra parlamentdə baş nazir “seçkisi” şousu düzəldilir. Bütün dünyanın gözü qarşısında oyun oynanılır. Maraqlıdır ki, parlamentdə çoxluq olan müxalif fraksiyalar da Paşinyanın cızıdığı plana uyğun hərəkət edirlər. Nəticə etibarı ilə parlament baş naziri seçə bilmir və bu səbəbdən də özünü buraxmış olur. Bir vacib detala diqqət edək. Parlamentdəki son baş nazir “seçkilərindən” əvvəl Paşinyan jurnalistlərə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayır. Paşinyanın parlamentin iclasından öncə növbədənkənar seçkilərin tarixini açıqlaması onu göstərirdi ki, iclasda baş nazir seçilməyəcək və qanunverici orqan Nikolun planına uyğun şəkildə buraxılacaq. Paşinyan iclasdan öncə seçkinin vaxtını açıqlamaqla həm də, öz planını özü ifşa etmiş oldu. Bundan əlavə, Paşinyan seçkinin demokratik kemiriləcəyi ilə bağlı söz verir. Hətta bu haqda fikirlərini bir az da ironik tərzdə ifadə edərək deyir: “Bizdə Seçki Məcəlləsinə dəyişikliklər qəbul olunmadı, lakin İrəvan Ağsaqqallar Şurasına keçirilən seçki mövcud məcəllə ilə keçirildi və heç kim bu seçkiyə şübhə etmir”. Göründüyü kimi, Paşinyan açıq mətnlə bildirir ki, köhnə məcəllə ilə seçkini keçirməkdə maraqlıdırlar. Bu da o anlama gəlir ki, Venesiya Komissiyasının tövsiyyələrini onlar açıq-aydın şəkildə qulaq ardına vurdular”.
Ekspertin sözlərinə görə, Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrdə elə bir fundamental dəyişiklik yox idi: “Amma görünür ki, seçkinin nisbətən demokratik edə biləcək həmin dəyişikliklər də Paşinyanın ürəyincə olmayıb. Elə həmin dəyişikliklərin parlamentdə qəbul olunaması da Paşinyanın istəyinin məsuludur. Çünki onun yanaşması bunu aydın göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda demokratik seçki yox, o adla imitasiya olacaq. Ancaq çox maraqlıdır ki, Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlatr Ermənistanda yaşanan bu cür biabırçı seçkiqabağı mühitlə bağlı elə də ciddi reaksiya vermirlər”.
Məhəmmədəli QƏRİBLİ