Azərbaycanın artan tranzit imkanları, bu məqsədlə ölkə ərazisində ən müavir səviyyədə qurduğu infrastruktur Orta Asiya dövltələrinin diqqətini getdikcə daha çox özünə cəlb etməyə başlayır. Bu xüsusda Xəzərdə qonşu olduğumuz Türkmənistan qarşıdakı dövr ərzində ixracının bir hissəsini məhz Azərbaycan vasitəsilə realladırmaq niyyətindədir. Elə bu məqsədlə rəsmi Aşqabadın ölkəmizlə təmaslarında artıq intensivlik müşahidə olunur.
Qeyd edək ki, bu günlərdə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə olub. Nümayəndə heyətinin iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə əsas etibarı ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Şahin Mustafayev bu xüsusda qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir: “Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir”. Nazir Azərbaycan-Türkmənistan nəqliyyat marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb. Məmmetxan Çakıyev də ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib. İndilikdə isə yayılan məlumatlardan belə bəlli olur ki, türkmən tərəfi məhsularının Azərbaycan üzərindən daşınmasında maraqılıdr. Bu məsələ, xüsusilə SOCAR və “ADY Konteyner”in Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin etməsindən sonra aktualalşıb. Türkmən tərəfi bir sıra digər məhsullarını da məhz Bakı-Tiflis-Qarsla yola salmaqda maraqlıdır. Ekspertlər hesab edir ki, Türkmənistanın Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir: “Bu bizə imkan verir ki, Avropa və Asiyanı, xüsusən də Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini dəmiryolu xətti vasitəsilə birləşdirmək mümkün olsun. Asiyada Çin və digər ölkələr regiona böyük məbləğdə məhsullar ixrac edir. Bu da onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Sözügedən dəmir yolu xətti həm də Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq. Türkmənistan və digər OrtaAsiya ölkələri üçün də Bakı-Tiflis-Qars üzərindən ixrac kifayət qədər sərfəlidir”. Beləliklə, yaxın tezlikdə Qazaxıstandan sonra Türkmyənistanın da Bakı-Tiflis-Qars vasitəsilə daha çox yük göndərməsi gözlənir.
Bununla yanaşı, türkmən tərəfi üçün aktual məsələlərdən biri öz qazını Azərbaycan vasitəsilə Avropaya ötürməkdir. Qeyd edilən məsələ Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri fonunda diqqət mərkəzində olub.
Ekspertlər isə Bakı ilə Aşqabadın yaxınlaşması fonunda “Transxəzər”in reallaşma şansının daha da yüksəldiyini bildirir. Digər tərəfdən görünən budur ki, “Transxəzər”in çəkilişi ilə qardaş Türkiyə, eləcə də Avropa Türkmənistanın "Cənub Qaz Dəhlizi" layihəsində əsas iştirakçılardan biri olmasını istəyir. "Türkmengaz" dövlət konsorsiumun sədri Mırat Arçayev də vurğulayır ki, artıq ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsində iştirak imkanı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək “Transxəzər” kəməri layihəsi gündəmdən çıxarılmayıb.
Xatırladaq ki, elə bu günlərdə “Transxəzər”lə bağlı Aşqabadla Avropa arasında intensiv müzakirələrə start verilib. Məlumatlara görə, Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının təmsilçiləri ilə “Transxəzər” kəmərinin tikintisi məsələlərini müzakirə edib. Brüsseldə keçirilən müzakirələr zamanı Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçlə danışıqlar aparıb, həmçinin Avropa Komissiyasının enerji məsələləri üzrə baş direktorluğunun nümayəndələri ilə görüş keçirib. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov bildirib ki, aparılan danışıqlarda Türkmənistanla Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq, tərəfdaşlığın hüquqi bazasının modernləşdirilməsi, “Transxəzər” qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması məsələləri müzakirə edilib. Görüşdə Xəzər İnkişaf Korporasiyasının fəaliyyət prinsiplərinin bundan sonra da təkmilləşdirilməsi, bu enerji layihəsinin həyata keçirilməsi üzrə işçi qrupun danışıqlarının davamı, o cümlədən iqtisadi, ekoloji və kommersiya məsələlərinə də toxunulub. O da bildirilir ki, görüşlərdə Avropa İttifaqı nümayəndələri “Transxəzər” qaz kəmərinin tikintisinə və Türkmənistan təbii qazının Avropa bazarlarına tədarükünə böyük maraq göstərib. Hesab olunur ki, bu hal “Transxəzər”in reallaşmasını sürətləndirəcək. Onu da bildirək ki, “Transxəzər” layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazının ən azı 30 il müddətinə Xəzər dənizinin Türkmənistan sahillərindən ötürülməklə Avropa bazarlarına tədarükünə imkan verəcək. Bütün bunlar isə bir daha təsdiq edir ki, Türkmənistan yaxın tezlikdə Azərbaycan üzərindən həm enerji, həm də digər məhsullarını dünya bazarlarına çıxaracaq ki, bu da ölkəmiz üçün yeni tranzit gəlirlərin əldə olunması deməkdir.
Tahir TAĞIYEV