Ermənistanda ictimai-siyasi müstəvidə gərginləşən vəziyyət burada daxili müstəvidə qarşıdurmanın daha da kəskinləşməkdə olduğunu üzə çıxarır. Məsələ burasındadır ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan administrativ resurslardan istifadə edərək rəqiblərini tam şəkildə sıradan çıxarmaqda israrlıdır.
O, bu durumda ilk növbədə parlament üzərində nəzarəti ələ almaqla hakimiyyətin bütün qollarına nəzarət etməyi düşünür. Bu məqsədinə nail olmaq üçün isə Paşinyan “Qarabağ klanı”nı sıradan çıxarmağı başlıca vəzifə hesab edir.
Qeyd edək ki, Paşinyan növbədənkənar parlament seçkilərində “Qarabağ klanı”nın iştirakını əngəlləmək istiqamətində müəyyən addımlar atsa da, qarşı tərəf də bir sıra hazırlıqlar görür. “Jamanak” qəzeti yazır ki, sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qəzet partiya siyahısındakı ilk 5-lik barədə təxmini məlumat əldə edib: “Siyahıya keçmiş müdafiə naziri Vigen Sarkisyan başçılıq edəcək. Sonrakı yerlərdə keçmiş ədliyyə naziri Arpine Ovannisyan, 1998-2007-ci illərdə ədliyyə naziri işləmiş David Arutyunyan, parlament sədrinin müavini Eduard Şarmazanov və keçmiş elm və təhsil naziri Armen Aşotyan gəlir”. Nəşr siyahıda İrəvanın keçmiş meri Taron Marqaryanın da yer alacağını ehtimal edir.
Partiyanın belə bir qərar qəbul etməsi fonunda Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan Serj Sarkisyanı məhkəməyə verib. Sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı prezident Serj Sarkisyanın sərəncamını qanunsuz sayır. O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub. Baş prokurorun keçmiş müavini müraciətində ölkədəki korrupsiyaya qarşı olduğunu da vurğulayıb. Erməni mediası yazır ki, əslində, Armen Danielyan bu addımı Nikol Paşinyanın təhriki ilə atıb və əsas məqsəd Sarksiyanı, ona bağlı qüvvələri seçkilərdən kənarda saxlamaqdır. Lakin məsələ təkcə Sarksiyanla bitmir. Artıq digər sabiq prezident Robert Köçəryana qarşı da cinayət işlərinin yenilənməsi üçün addımlar atılır. Köçəryan isə yenə bəyan edir ki, Nikol Paşinyanla mübarizə aparır və məqsədinə nail olmaq üçün hər şey edəcək. O, partiya yaratmaq və müxalifət olmaq niyyətini açıqlayıb. Lakin Paşinyanın sabiq prezidentlərə təziyiqi və onlara yaxın xeyli sayda adamı həbs etdirməsi Ermənistanda parlament seçkilərinin demokratik şəraitdə baş tutacağını ciddi sual altına alır. Bu hal beynəlxalq qurumları da narazı salır. Artıq bu xüsusda Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Qurumun monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Yuliya Levoçkina bu xüsusda bildirib: “Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətini və bütün siyasi qüvvələri Avropa norma və standartlarına tam şəkildə riayət olunmasını təmin etməyə çağırırıq”. AŞPA nümayəndəsi onu da bildirib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Lakin qeyd edək ki, Seçki Məcəlləsinə Venesiya komissiyasının tövsiyələrinə uyğun dəyişikliklər ikinci dəfə də parlamentdə qəbul edilməyib. Parlamentdəki səsvermə zamanı dəyişikliyin lehinə 62 deputat səs verib. Layihənin əleyhinə cəmi iki deputat çıxış edib. Nəticədə məcəllədə dəyişikliklə bağlı qərarın qəbulu üçün 1 səs çatmayıb. Belə ki, konstitusiyaya görə, Seçki Məcəlləsində dəyişiklik üçün millət vəkillərinin beşdə üçünün lehinə səs verməsi lazımdır ki, bu da 63 səs edir. Seçki Məcəlləsində, xüsusilə millət vəkilliyinə namizədlərin ərazi siyahılarının ləğv edilməsi istənir. Bununla bərabər, parlamentə keçid üçün nəzərdə tutulan minimum keçid həddinin azaldılması təklif edilib. Belə ki, partiyalar üçün bu göstəricinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsi nəzərdə tutulub. Üstəlik, təklifə əsasən, parlamentdə mütləq şəkildə minimum dörd siyasi qüvvə təmsil olunmalı, müxalif deputatların sayı üçdə birdən az olmamalıdır. Dəyişikliklər sırasında, həmçinin, pulsuz efir vaxtının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb. Amma bütün bunlar parlamentdən keçməyib və belə vəziyyət demokratik seçkilərin baş tutmasını ciddi sual altına alır. Görünür, elə bu səbəbdəndir ki, seçkilərə beynəlxalq maraq azdır və ona ayrılan vəsaitlərin azılığı da bunu təsdiq edir. Belə ki, Avropa İttifaqı (Aİ) növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsait ayırıb. Ən maraqlısı odur ki, bu, Aİ-nin 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün ayrılan vəsaitdən 4 milyon avro azdır. Ötən seçkidə Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Amma beynəlxalq müşahidə missiyasının hesabatına əsasən, seçki prosesində ciddi pozuntular və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və digər faktlar üzə çıxmışdı. Bu hal Aİ-ni çətin vəziyyətə salmışdı. Vəziyyəti daha da qəlizləşdirən 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirən Nikol Paşinyanın seçkilərin antidemokratik şəraitdə keçirildiyini iddia etməsi, yeni parlamentin legitim olmadığını irəli sürməsi idi. Bununla Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanmasında Aİ-nin Sarkisyan rejimi ilə əlbir olduğunu demək istəyirdi. Bütün bunlara baxmayaraq, Paşinyan özü hakimiyyəti ələ keçirməsinin ilk günlərindən Avropadan pul dilənməyə başladı. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları “dilənçi guşəsinə” çevirən Paşinyana sonradan çox az bir miqdarda vəsait ayrıldı. Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Özü də Ermənistanda seçkilər üçün pul ayıran yeganə tərəf məhz Avropa İttifaqıdır.
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı ayrılan maliyyə vəsaitini iki dəfə azaltmaqla Ermənistana əhəmiyyətsiz bir dövlət kimi yanaşır. Digər tərəfdən, Paşinyanın antidemokratik gedişləri fonunda Avropa İttifaqı bu ölkəyə daha çox vəsait ayrılmasına da lüzum görmür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Avropa İttifaqının Ermənistana ayırdığı yardımı azaltmasına münasibət bildirərkən bu xüsusda qeyd edib: “İndiyə qədər Ermənistan müxtəlif təşkilatlardan yalvararaq pullar almaqla yaşayıb. Paşinyan da eyni yolla gedərək, xaricdən mədət umur. Lakin Ermənistanda nə əvvəlki, nə də keçmiş rəhbərlik öz hesablarına vəsait qazanaraq, öz problemlərini həll etmək iqtidarında olub”. A.Mirzəzadə dilənməyi sistem halına salmış Ermənistana artıq dünyanın inanmadığını vurğulayıb: “Ermənistanın nağılları artıq tükənib. Paşinyan Sarkisyan hakimiyyətinin maxinasiyalarını açmaqla beynəlxalq təşkilatlara Ermənistana ayırdıqları pulların təyinatı üzrə xərclənmədiyini göstərdi. Digər tərəfdən, Paşinyan Qərb dəyərlərindən danışsa da, reallıqda öz diktaturasını qurmağa meyllidir. Avropa İttifaqı bunu gördüyü üçün ayrılan vəsaitin həcmini iki dəfə azaltdı. Çünki Ermənistana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənəcəyinə ümid yoxdur”. Milli Məclisin üzvü hesab edir ki, Sarkisyandan sonra Paşinyanın da öz diktaturasını qurmağa başlaması digər beynəlxalq təşkilatların və dövlətlərin də Ermənistana maliyyə yardımı göstərməkdən imtina etməsi ilə nəticələnəcək.
Nahid SALAYEV