Məhəmməd Əsədullazadə: “Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, iqtisadi blokada davam edəcək və bu da ölkədə real inkişafın qarşısını alacaq”
Erməni mətbuatının yaydığı məlumata görə, oktyabrın 1-i 2018-ci il tarixində Ermənistan əhalisinin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 10400 nəfər azalıb.
Məlumatda, həmçinin, qeyd olunur ki, ilin əvvəlindən bəri ölkə əhalisinin sayı 3,5 min nəfər azalıb. Əhalinin sayının bu dövr üçün azalması mənfi miqrasiya saldosunun artması ilə bağlıdır. Belə ki, Ermənistanda bu dövr üçün miqrasiya saldosu 10,9 min nəfər olduğu halda, təbii artım göstəricisi 7,4 min nəfərdir.
2018-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda doğulan körpələrin sayı 4,2% azalaraq 26 min 483 nəfər olub.
O da məlum olub ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub. Ermənistanda şəhər əhalisi bir mliyon 895 min 400 nəfər, o cümlədən İrəvanın əhalisi bir milyon 79 min 400 nəfərdir. Kənd əhalisi isə bir milyon 73 min 800 nəfərdir.
Görünən odur ki, Ermənistan əhalisinin sayı bundan sonra da azalmaqda davam edəcək. Ona görə ki, əhalinin əmək qabiliyyətli hissəsi ölkəni tərk etməyə üstünlük verir. Bu da, istər-istəməz, ölkədə demoqrafik vəziyyətin daha da pisləşməsinə öz təsirini göstərir.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu ölkə 25 ildir iqtisadi burulğandan çıxa bilmir: “Ölkəyə sərməyə və investisiya yatırımları reallaşmır. Bundan əlavə, ölkədə hakimiyyətdə olan hərbi xuntalar ölkəni şirkət kimi idarə edərək, ölkə əhalisinin miqrasiyasına səbəb olub. Ermənistanda demoqrafik problemlər hər keçən gün daha da pisləşir. Ona görə ki, ölkədə siyasi-iqtisadi islahatlar heç bir səmərə vermir. İqtisadi blokadanın davam etməsi iqtisadi inkişafın qarşısını alan əsas amildir. Hesab edirəm ki, Ermənistanda baş verən inqilab da bu ölkənin iqtisadi sıçrayışına səbəb olmayacaq. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, bu ölkənin inkişafını tormozlayan əsas faktor işğalçılıq siyasətidir. Nə qədər ki, Ermənistan forpost və işğalçılıq siyasəti aparacaq, bu ölkədə dayanıqlı inkişafdan söhbət gedə bilməz. Bu gün Ermənistanın regionlarında ağır sosial şərtlər ucbatından əhali ölkəni tərk edir. Demək olar ki, ölkənin iqtisadiyyatına töhfə verəcək bir potensial sahə yoxdur. Yalnız diasporun yardımları və xaricdən işçi miqrantların məvacibləri ilə dolanan bir ölkə heç vaxt iqtisadi islahatlardan söhbət etməməlidir. Paşinyan 6 aydır hakimiyyətdədir. Onun hər hansı islahat anonsu reallaşmır. Bundan sonra da heç reallaşmayacaq. Çünki nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, iqtisadi blokada davam edəcək. Bu da real inkişafın qarşısını alacaq. Ermənilər görəcəklər ki, inqilab bunlara heç nə vermədi və ölkələrini tərk etməkdə davam edəcəklər. Bu, Paşinyan üçün acı bir reallıq olacaq. Gürcüstan tərəfindən iqtisadi çətinliklər, nəqliyyatda problemlər, Türkiyə ilə sərhədlərin bağlanması və Azərbaycanla müharibə bu ölkəyə müsbət heç nə vəd etmir. İrana qarşı ABŞ-ın sanksiyalarının işə düşməsi Ermənistana olan nəfəsliyi də bağlayacaq. Bundan sonra ermənilər Avropaya üz tutacaqlar. Avropa yeni erməni miqrant problemləri ilə üzləşəcək. İnqilabdan sonra islahatlar ölkə əhalisinin sosial vəziyyətinə müsbət təsir etməsə, Ermənistanda əhali 500 min nəfərə düşəcək. Nəticədə əhali ölkədən gedəcək”.
Vidadi ORDAHALLI