Nəzakət Məmmədova: “Həmsədrlər Qarabağ münaqişəsinə ənənəvi olaraq öz milli maraqlarından yanaşırlar”
Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 1-də Bakıya gəliblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferin (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənir.
Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılması, həmçinin, danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlərin müzakirə ediləcəyi bildirilir.
Səfər zamanı, həmçinin, bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər. Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq regiona səfərlər edirlər. Onların son səfərindən nə gözləmək olar?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunun bölgəyə budəfəki səfəri bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir: “Səfər ilin sonunda baş tutur, hansı ki, Minsk Qrupunun fəaliyyətinin qiymətləndirilməsi baxımndan qənaətbəxş sayıla bilməz. Bu il Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkə rəhbərləri səviyyəsində ikitərəfli görüş olmadı, yalnız XİN rəhbərləri bir neçə dəfə görüşdülər və danışıqlar prosesində hər hansı nəzərəçarpan irəliləyiş olmadı. Ermənistanda növbədənkənar seçkilərə hazırlıq gedir, ölkədə siyasi qarşıdurma yüksək həddədir. Bu il regionda bir sıra mühüm proseslər baş verdi. Ermənistanda dövlət çevrilişi baş verdi. Avropa Birliyinin liderlərindən biri olan Almaniya Kansleri, Rusiya Prezidenti, ABŞ Prezidentinin müşaviri və digər yüksək ranqlı siyasi xadimlər bölgəyə səfər etdilər, Cənubi Qafqaz ölkələrinin rəhbərləri NATO, Avropa Birliyi, BMT Baş Assambleyasının toplantılarında iştirak etdilər. Bu toplantılarda Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə riayət olunması bir daha ifadə olundu. Bölgəyə səfər edən böyük dövlətlərin liderləri, yüksək ranqlı diplomatları da, həmçinin, Azərbaycanın haqlı mövqeyinə dəstəklərini bildirdilər. İlham Əliyevin uğurlu fəaliyyəti artıq dünya dövlətlərinin rəhbərlərini bir daha Azərbaycanın ərazi bütövlüyündə öz mövqeyini açıq şəkildə ifadə etməyə təşviq etdi. Paşinyan isə, əksinə, üz tutduğu güc mərkəzlərindən, bir qayda olaraq, imtina cavabı aldı”.
N.Məmmədovanın sözlərinə görə, bu məsələdə son akkordları isə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Bolton vurdu: “İrəvanda onun seçkilərdən sonra Paşinyanın seçiləcəyi təqdirdə yeni baş nazirdən Dağlıq Qarabağ məsələsində təşəbbüskarlıq gözlənildiyini deməsi, Ermənistanın xarici güclərdən asılılığının azalmasının vacibliyini vurğulaması həmsədr ölkə olaraq ABŞ-ın yanaşmasını ortaya qoydu. Boltondan əvvəl isə bu ölkənin səfiri Millz işğal olunmuş Azərbaycan torpaqlarının geri verilməsindən danışmışdı.
Hətta Boltonun bəyanatlarından narahat olan Ermənistan XİN onun fikirlərini şərh etməkdən imtina edir. Bu il Rusiya-Ermənistan münasibətlərində təfriqə yarandı, digər həmsədr ölkənin Prezidenti Putin Ermənistana səfər etməkdən imtina etdi. Bütün bunlar onu göstərir ki, Minsk Qrupunun həmsədr ölkələri arasında ziddiyyətlər dərinləşib, Ermənistana münasibətdə inam azalıb. Ermənistan köhnə müttəfiqini itirib, yeni müttəfiqin isə etimadını qazana bilməyib. Bu etimadın şərti Boltonun İrəvanda açıqladığı kimi, Qarabağ münaqişəsində Paşinyanın təşəbbüskarlığından, münaqişəyə Vaşinqtonun prizmasına uyğun mövqedən yanaşmadan çox asılı olacaq”.
Politoloqun sözlərinə görə, hazırda ABŞ və Rusiya arasında ziddiyyətlər daha da dərinləşib: “Bu, Orta Şərqdən Cənubi Qafqazadək olan geosiyasi məkanı, orta mənzilli raketlərə dair müqavilədən çıxmaqdan Azərbaycan və Ermənistanın Rusiya silahından imtina edib Amerika cəbbəxanalarına üz tutmasınadək bir çox məsələləri əhatə edir. Həmsədrlər Qarabağ münaqişəsinə ənənəvi olaraq öz milli maraqlarından yanaşırlar. Bölgəyə bu səfər ziddiyyətlərin daha da dərinləşməsi fonunda baş verir. Azərbaycanda sabitlikdir, Azərbaycanın mövqeyi aydındır. Ermənistanda siyasi şərait gərgindir, Qarabağ məsələsinə münasibətdə Paşinyandan seçkilərdən sonra təşəbbüskarlıq tələb olunur. Qarabağdakı separatçıların Ermənistanın mövqeyinə təsiri getdikcə zərərsizləşdirilməyə çalışılır. Onların nümayəndələrinin Ermənistanda iqtidardan salınması Qarabağ separatçılarını oyundan uzaqlaşdırmaqda mühüm rol oynadı. Hər bir halda ehtimal ki, həmsədrlər seçkilərdən qısa müddət sonra da səfərə gəlib Ermənistanın yeni seçilmiş baş nazirinin mövqeyini öyrənməyə, öz şərtlərini onun nəzərinə çatdırmağa çalışacaqlar. Onlar konstruktiv dialoqa nail olsalar, biz bunun nəticələrini 2019-cu ilin ilk yarısında hiss edə bilərik”.
Məhəmmədəli QƏRİBLİ