Noyabrın 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib. “Trend”in məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib.
M.Quliyev qeyd edib ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək.
Dövlət Komissiyasının sədri deyib: “Bu gün əsası ümummilli lider tərəfindən qoyulmuş “Respublika Xatirə Kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən tərtib edilib".
M.Quliyev bildirib ki, Komissiya fəaliyyət göstərdiyi 25 ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur.
Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr olub, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib. Komissiyanın və İşçi qrupunun fəaliyyəti qənaətbəxş hesab edilib.
İclasın sonunda çıxış edən Komissiya sədri M.Quliyev deyib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir: "Ona görə də həm Komissiya üzvləri, həm də İşçi qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini möhtərəm Prezident cənab İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır".
Sədr qarşıda çox ciddi məsələlərin həllini gözlədiyini, xüsusən də BQXK ilə birlikdə həyata keçirilən "Ante Mortem" proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini, ekshumasiya və identifikasiya işlərinin aparılması üçün hüquqi-normativ bazanın hazırlanmasının, bu məqsədlə aidiyyəti dövlət qurumlarının və BQXK-nın mütəxəssislərindən ibarət ayrıca İşçi qrupunun yaradılmasının və təxirə salınmadan müzakirələrin aparılmasının vacibliyini bildirib.
Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulması halları narahatlıq yaradan əsas amildir: "Təəssüf ki, belə əməllər insan itkisi ilə nəticələnir və müharibə qurbanlarının sayı artır. İşğal faktının mövcudluğu, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını hələ də sual altında qoyur. Bu baxımdan Komissiya olaraq biz hər bir situasiyaya hazır olmalıyıq. Yalnız tam hazırlıq şəraitində və koordinasiyalı fəaliyyət nəticəsində üzərimizə düşən vəzifələri dolğun şəkildə icra edə bilərik".
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edən M.Quliyev Komissiyanın İşçi qrupunun fəaliyyəti nəticəsində üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Prezident İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası üçün daha da əzmlə çalışacaqlarını bildirib.
M.Quliyev qeyd edib ki, qondarma Dağlıq Qarabağ problemi Heydər Əliyevə hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum idi. Buna görə də münaqişənin qurbanı olan vətəndaşlarımızın taleyinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirirdi. Erməni quldurları Qərbi Azərbaycandakı ata-baba yurdlarında və Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı, Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrinə, Mehri rayonu ərazisindən keçərək Naxçıvana gedən dəmir yolu xəttinə hücumlar edir, insanlarda vahimə yaradır, məqsədli şəkildə onları qətlə yetirir, işgəncələr verir, əsir və girov götürürdülər: "Bir çox vətəndaşımız itkin düşmüş yaxınlarını axtarmaq və düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin cəsədlərini geri qaytarmaq məqsədilə həmin illərdə Naxçıvan Muxtar Respublikasında deputat və Ali Sovetin sədri olduğu dövrdə ümummilli lider Heydər Əliyevin onlara göstərdiyi köməyi minnətdarlıqla xatırlayır. Dövlət Komissiyasının rəsmi sənədlərində də əksini tapmış ifadələrə əsasən, nə qədər çətin olsa da, o, onlara kömək göstərmək, üzləşdikləri humanitar problemə yardım etmək və öz nüfuzu sayəsində onlarla vətəndaşımızın əsir-girovluqdan azad olunmasına, şəhidlərimizin meyitlərinin alınmasına nail olmuşdu. Dahi rəhbərin bu fəaliyyəti hər bir azərbaycanlı üçün böyük humanizm nümunəsidir".
Sədr bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ ümummilli liderin xüsusi diqqət ayırdığı prioritet sahə olub: "Heydər Əliyevin 1993-cü il avqustun 30-dan sentyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Müharibə qurbanlarının müdafiəsi üzrə” beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti bunun bariz nümunəsidir: “Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşüb. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənindən qaçqın olub, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanır. Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür.
Bu müraciət Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması barədə ilk rəsmi sənəd nümunəsidir. Törədilmiş müharibə cinayətlərinin cəzasız qalması Ulu Öndəri daim düşündürür və narahat edirdi. Buna görə də Ümummilli Lider 2001-ci il martın 1-də imzaladığı Sərəncamında Dövlət Komissiyasının qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü” işin aparılması kimi zəruri vəzifə qoymuşdu".
M.Quliyev deyib ki, sərəncamdan sonra Komissiyada toplanmış çoxsaylı məlumat və materiallar əsasında müxtəlif dillərdə kitablar tərtib edilib, filmlər çəkilərək beynəlxalq aləmdə yayılıb: "Eyni zamanda, törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Respublika Baş Prokurorluğunun əməkdaşlarından yaradılmış birgə istintaq-əməliyyat qrupu fəaliyyət göstərir".
Dövlət Komissiyasının sədri vurğulayıb ki, 2003-cü ildən sonra da Heydər Əliyevin siyasi xətti Azərbaycanda uğurla davam etdirildi: "Müharibə qurbanları məsələsi bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən birdir. Hər birimiz şəhid qəhrəmanlarımız Mübariz İbrahimovun, Fərid Əhmədovun, Çingiz Qurbanovun, o cümlədən Aprel şəhidlərinin düşmənin nəzarətində olan ərazilərdə qalmış meyitlərinin alınaraq Vətən torpağına tapşırılması işində möhtərəm Prezidentin şəxsi səylərini, dəfn mərasimlərində iştirakını, ailələrlə görüşlərini və söylədiyi fikirləri yaxşı xatırlayırıq. Təsadüfi deyil ki, builki seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanmış möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı ilk rəsmi sənəd müharibə qurbanları ilə bağlı 2018-ci il 19 aprel tarixli fərman olub. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu fərman həmin kateqoriyadan olan insanlara və onların ailələrinə möhtərəm Prezidentin göstərdiyi qayğının bariz nümunəsi olmaqla yanaşı, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına da çox ciddi təsir edən normativ hüquqi sənəddir".
M.Quliyev qeyd edib ki, ötən illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlara görə, 871 nəfər Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır.
General-polkovnik bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər: "Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, dövlətimizin başçısı keçirdiyi müvafiq görüş və müzakirələrdə bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır".
M.Quliyev vurğulayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb: "Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”.