Akif Nağı: “Ermənistanla indiyə kimi əlaqəsi olmayan adamlarda birdən-birə erməni sevgisinin oyandığı bizə inandırıcı görünmədiyi üçün...”
Məlum olduğu kimi, Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır: “Qanunsuz səfərə görə onların adlarının “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilməsinə dair qərar qəbul ediləcək”.
Qeyd edək ki, Azərbaycan tərəfinin bu istiqamətdə gördüyü qabaqlayıcı tədbirlərdən sonra belə qanunsuz səfərlərin edilməsi sayında əhəmiyyətli dərəcədə azalma hiss edilir. Hətta bu cür səfərlərə görə Azərbaycan qanunları əsasında mühakimə olunaraq azadlıqdan mərhum edilənlər də olub. Bütün bunların fonunda, belçikalı parlamentarilərin qanunsuz səfəri hansı məqsəd üçün reallaşa bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin bu niyyətdən əl çəkməməsinin bir izahı var, o da qondarma rejimi təbliğ etməkdən ibarətdir: “Erməni mərkəzləri bu istiqamətdə ciddi fəaliyyət göstərirlər. Onlar dünyanın müxtəlif yerlərindən ayrı-ayrı peşə sahibi olan adamları tapıb bu prosesə cəlb edirlər. Əsasən başqa ölkələrdə fəaliyyət göstərən deputatlara və tanınmış sənət, elm adamlarına üstünlük verirlər. Sizi əmin edirəm ki, həmin adamlar da ermənilərin istəyini təmənnasız olaraq həyata keçirmirlər. Erməni diasporu xətti ilə təşkil edilən bu səfərlərdə iştirakçılara maddi vəsaitlər ödənir. Ermənistanla indiyə kimi əlaqəsi olmayan adamlarda birdən-birə erməni sevgisinin oyandığı bizə inandırıcı görünmədiyi üçün, maddi şirnikləndirmə müqabilində olan versiyanı inandırıcı sayırıq. Onlar da həmin pulların müqabilində gəlib qondarma rejimin piar olunmasında iştirak edirlər. Hesab edirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə apardığı fəaliyyəti bir qədər də sərtləşdirməlidir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında məsələ konkret qoyulmalıdır. Bildirilməlidir ki, Dağlıq Qarabağa qanunsuz səfərlər davam edəcəksə, Azərbaycan danışıqlardan çıxacaq. Qoy həmsədrlər bizim bu tələbimizi həm Ermənistan, həm də qondarma rejimin rəhbərliyinə çatdırsın və onların qarşısında konkret şərt irəli sürsün. Bizim Xarici İşlər Nazirliyinin hazırladığı “qara siyahı” ilə bağlı da tələblər sərtləşməlidir. Hesab edirəm ki, adı siyahıya düşən şəxslərlə bağlı humanistliyə son qoyulmalıdır. Yəni kiminsə adının həmin siyahıdan çıxarılması birdəfəlik qadağan olunmalıdır. Digər tərəfdən də hüquq müstəvisində olan fəaliyyətimiz davam etdirilməlidir. Yəni işğal altında olan ərazilərə qanunsuz səfər edən şəxslərin hamısı ilə bağlı mütləq mənada İnterpol xətti ilə axtarış verilməlidir”.
Məhəmmədəli QƏRİBLİ