Siyavuş Novruzov: “Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur”
Milli Məclisin 30 oktyabrda keçirilən plenar iclasında “Milli Məclisin deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlara təklif edilən dəyişikliklər geniş müzakirələrə və mübahisələrə səbəb oldu.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə baxılması qaydası) dəyişiklik təklif olunur. Dəyişikliklərə görə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin sədri həmin deputat haqqında məsələyə baxılmasını Milli Məclisin İntizam komissiyasına həvalə edir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz əksini tapdıqda Milli Məclisin sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.
Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatdan imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda, Milli Məclisin sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.
Deputatların məsuliyyətilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər haqda millət vəkilləri nə düşünürlər?
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qanunvericiliyə edilən bu dəyişiklik təkliflərini başqa istiqamətə yozmaq kimi cəhdlər doğru deyil: “Burada deputatların səlahiyyətlərinin əllərindən alınması haqda söhbət gedə bilməz. Məqsəd parlament üzvlərinin məsuliyyətini daha da artırmağa hesablanıb. Bu, konkret olaraq hansısa deputat və onun fəaliyyətinə qarşı yönələn təşəbbüs deyil. İstənilir ki, xalqdan mandat alan şəxsin böyük məsuliyyət daşıdığı bir vəzifə kimi onun qarşısına qoyulsun. İclaslara vaxtında gələn, öz səlahiyyətlərindən sui-istifadə etməyən, özünü qanun çərçivəsində aparmağı bacaran deputat üçün hər hansı problem ola bilməz. Qanunvericiliyə dəyişikliklə bağlı göstərilən hallar vəzifəsindən sui-istifadə etməyə çalışan, qanunları pozan, deputat səlahiyyətlərini yerinə yetirməyən şəxslərdən ötrüdür. Bu baxımdan da edilən dəyişiklikləri düzgün sayıram”.
Millət vəkili bildirdi ki, bu yeniliyi deputatın geri çağırılması mexanizmi ilə dəyişik salmaq lazım deyil: “Bunlar ayrı-ayrı məsələlərdir. Deputatın geri çağırılması bir qrup seçicinin müəyyən qədər imza topladıqdan sonra edilən müraciəti ilə başlanan prosedurdur. Burada isə söhbət deputatın ya cinayət törətdikdə və ya səlahiyyətini yerinə yetirmədikdə mandatından məhrum edilməsindən gedir”.
Milli Məclisin digər deputatı Siyavuş Novruzov da hesab edir ki, qanunlara edilən dəyişikliklərlə bağlı heç bir narahatlığa əsas yoxdur: “Etik davranış qaydası belədir ki, kim özünü etik qaydada aparmayacaqsa, o narahat olsun. Öz davranışlarına nəzarət edən insan narahat olmamalıdır. Əgər qanun qəbul olunubsa, başqa fikirlər bəhanədir. Ay səlahiyyət alınır, nə bilim nə olur, yox, belə deyil. Mən 5 il parlamentin İntizam komissiyasının sədri olmuşam və bu işlərin siftəsini elə biz başlamışdıq. Bütün dünya ölkələrinin təcrübəsini öyrənirdik ki, hansı formada deputat adına xələl gətirən hərəkətlərin qarşısını alaq. Düzdür, bizim Daxili Nizamnamə var. Amma bu, ancaq Milli Məclisin daxili ilə bağlıdır, oradakı qaydaların parlamentin kənarına təsir gücü yoxdur. Etik davranış kodeksində deputatın parlament xaricindəki fəaliyyətindən bəhs olunur. Ola bilər, deputat elə bir hərəkət edər ki, nəinki özünə, digər deputatlara da hörmətsizlik gətirər. Onda biz bunu hansı qaydada həll edək? Burada məsələlər çoxdur. Təkcə ondan danışmaq olmaz ki, kiməsə hədiyyə verildisə, gətirib parlamentə təhvil versin. Yox, burada söhbət təkcə bundan getmir. Mətbuatda, haqlı-haqsız, deputat haqqında yazırlar ki, bu işə girişdi, oradan kredit götürdü, orada nə etdi. Bütün bunların aradan qaldırılması üçün etik davranış kodeksi lazımdır və təsdiq olunmalıdır. O adam başa düşsün ki, qanunu pozacaqsa, daha onun üçün geniş sfera yaradılmayıb və digərlərindən fərqlənməyəcək, çünki qanun qarşısında hamı bərabərdir”.
S.Novruzov hesab edir ki, qanunlara dəyişikliklər edilməsi zərurəti yeni ortaya çıxmayıb: “Məsələ bu günün məsələsi deyil. Hələ mən İntizam komissiyasının sədri olan dövrdə görürdüm ki, müəyyən deputatlar Milli Məclisin iclasında iştirak etmir, yaxud günün birinci yarısı gəlir, ikinci yarısı gəlmir. Siyahılarını götürürdüm, bir gün özləri ilə söhbət aparırdım. Bunları ictimailəşdirmirdik, amma Daxili Nizamnamənin tələbləri qaydasında məsələyə qiymət verirdik. İndi isə bu, zərurətə çevrildi və dünya təcrübəsində olan qaydalar bizdə də təsdiq olunur. Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur”.
Məhəmmədəli QƏRİBLİ