“Çünki hakimiyyət dəyişikliyi ölkədə azad bazar iqtisadiyyatının inkişafına təkan vermədi”
Məlum olduğu kimi, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business - 2019” reytinq cədvəli dərc olunub. Cədvəldə Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib.
Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı göstərici Gürcüstana məxsusdur. Belə ki, qonşu ölkə “Doing Business - 2019” hesabatında 6-cı yerdə qərarlaşıb. Bununla yanaşı, Ermənistan 41-ci, Rusiya 31-ci, Qazaxıstan 28-ci, Türkiyə 43-cü, Ukrayna isə 71-ci yerə layiq görülüb.
Görünən odur ki, ötən illə müqayisədə Ermənistan 6 pillə irəliləyərək 41-ci yerdə güclə qərarlaşıb. Yəni bu sahədə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişməyib və bu ölkə Cənubi Qafqazda ən axırıncı yerdədir. Hakimiyyət dəyişikliyindən sonra gərgin iqtisadi və siyasi dövr yaşayan Ermənistanda vəziyyət getdikcə ağırlaşmaqdadır. Ermənistan cəmiyyəti Serj Sarkisyanın hərbi xuntasından canını qurtardığını və “ağ günə” çıxdığını düşünməyə macal tapmamış, əhali yeni problemlərlə üz-üzə qalıb. Bu da ondan ibarətdir ki, hakimiyyətin dəyişməsi biznesin inkişafı üçün yeni imkanlar yaratmayıb. Ermənistan onsuz da həddən artıq kasıb ölkədir. İqtisadi infrastrukturu olmayan bu ölkə xaricdən gələn - əsasən də Rusiyadan gələn pullarla ayaqda durmağa çalışır. Belə olan halda, əlbəttə ki, Ermənistanın ciddi iqtisadi göstəricilərlə irəliləməsi mümkün deyil.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Ermənistan bütün parametrlərə görə Cənubi Qafqazda sonuncu yerdədir: “O baxımdan Ermənistanın “Doing Business - 2019” reytinq cədvəlində 41-ci yer tutması təəccüblü deyil. Baxmayaraq ki, 2018-ci ilin aprelində ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra bəzi ermənilərin gözləntiləri daha böyük idi. Onlar hesab edirdilər ki, Paşinyanın baş nazir seçilməsi Ermənistanın iqtisadi həyatında liberalizmə ciddi təkan verəcək. Bu da, öz növbəsində, ölkəyə sərmayə axınını stimullaşdıracaq və iqtisadi inkişafa təkan verəcək. Ancaq bütün bunların heç biri baş vermədi. Baxmayaraq ki, Paşinyan diletantlıq edərək bir sıra vədlər verirdi. Paşinyanın bütün səylərinə baxmayaraq, Qərbdən pul qopara bilmədi. Əksinə, müşahidələr göstərir ki, bir sıra maliyyə qurumları Ermənistana yardımları azaldırlar. Çünki Ermənistanda hakimiyyət dəyişikliyi ölkədə azad bazar iqtisadiyyatının inkişafına təkan vermədi. Sadəcə, iqtisadiyyat bir klanın əlindən digər klanın əlinə keçdi. Beynəlxalq qurumlar da bütün bunların fərqində olduqları üçün, Ermənistanla bağlı iqtisadi göstəriciləri neqativ dəyərləndirirlər. Bununla bağlı gözləntiləri nikbin deyil. Bu baxımdan yaxın perspektivdə Ermənistanda sosial-iqtisadi göstəricilərin müsbətə doğru dəyişəcəyi gözlənilmir. Ermənistandan fərqli olaraq, Azərbaycanda real iqtisadi islahatlar həyata keçirilir. Nəticə də göz qabağındadır”.
Vidadi ORDAHALLI