Son həftələr yerli mətbuatda 1937-1938-ci illər Stalin repressiyasına məruz qalan böyük Azərbaycan şairi Mikayıl Müşfiqin cəsədinin Qaradağ rayonunun Puta qəsəbəsində dəfn olunması ilə bağlı xəbərlər yayıldı. Prezidentin ictiami-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Stalin repressiyasının qurbanı olan Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı KİV-lərdə yer alan məlumatlar Prezident İlham Əliyevin diqqətini cəlb edib. O qeyd edib ki, ölkə başçısı bu məsələni şəxsi nəzarətinə götürüb. "Cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək" - deyə Ə.Həsənov bildirib.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli "Bakı-Xəbər"ə bildirdi ki, ölkə başçısının Mikayıl Müşfiqlə bağlı məsələyə həssas yanaşması onu Müşfiq irsinə bağlı bir yazar kimi çox duyğulandırıb. "Son zamanlar M.Müşfiqin meyitinin qalıqlarının aşkarlanması ilə bağlı yayılan xəbərlər hər kəsin diqqət mərkəzindədir. Cənab Prezidentin M.Müşfiqin qalıqlarının müəyyən edilməsi üçün zəruri tapşırıqlar verməsi həqiqətən də təqdirəlayiqdir. Prezidentin göstərişi ilə bir neçə qurumdan ibarət işçi qrupunun yaradılması bütün ədəbiyyat adamları tərəfindən rəğbətlə qarşılanır. M.Müşfiq poeziyamızın nakam bülbülüdür, onun poeziyası hər kəsin ürəyinə hakim kəsilib. Ümid edirəm ki, Müşfiqlə bağlı intizara son qoyulacaq. M.Müşfiqin övlad nişanəsi qalmayıb, amma bu gün onun ruhuna yüzlərlə övladlıq edənlər var. Sağ olsun cənab Prezident, Müşfiq irsinə, Müşfiq ruhuna bəslədiyi ehtiram və sayğıya görə. Bu gün ədəbiyyatımızın ən böyük hamisi cənab Prezidentdir" - deyə Q.Məhərrəmli bildirdi.
İradə SARIYEVA