"Müşfiq ədəbiyyatımızın nakamlıq heykəlidir. Onun taleyi də, yaradıcılığı da, bir sözlə, ona aid nə varsa hamısı nakamdır. Nakam şairimizlə bağlı çox həssas bir məsələni ölkə başçısının nəzarətə götürməsi məni çox sevindirdi. Artıq işçi qrupu da yaradılıb. Hesab edirəm ki, cənab prezidentin göstərişi ilə yaradılan işçi qrupu məsələni ətraflı araşdıracaq və o qalıqların Müşfiqə aid olub olmadığını müəyyən edəcək". Bunu Respublika "Xatirə kitabı" Redaksiyasinın baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Nəzakət Məmmədova "Bakı-Xəbər" Prezident Ilham Əliyevin böyük şairimiz Mikayıl Müşfiqin qalıqlarının aşkarlanması xəbərinin təhqiq edilməsi ilə bağlı tədbirlər görülməsi və işçi qrupunun yaradılması ilə bağlı verdiyi tapşırıqlara münasibət bildirərkən deyib.
O qeyd etdi ki, M.Müşfiqin qəbri olmadığı üçün hər il onun ad günündə ədəbiyyat adamları Xəzər dənizini onun məzarı bilib dənizə gül -çiçək atırlar. N. Məmmədovanın sözlərinə görə, o cəsədin M.Müşfiqin qalıqları olduğu müəyyən edilərsə bu bizim üçün böyük təsəlli olar. "Bilirsiz ki, hər birimiz Mikayıl Müşfiqin Nargin adasında güllələnərək cəsədinin Xəzər dənizinə atıldığı haqqında məlumata malikik. Ona görə də, Xəzəri onun məzarı bilirik və dənizi həm də Müşfiqə görə sevirik. İşçi qrupu tərəfindən o qalıqların Müşfiqə aid olduğu təsdiqlənərsə onun da bir məzarı olar və biz onun məzarını ziyarət edərik. Onun məzarının olması bizim üçün böyük təsəlli olardı. Necə ki, Cavidin nəşini Sibirdən gətirib burada dəfn etdilər. Indi Cavidin məqbərəsi bizim ziyarət yerimizdir. İstərdik ki,Müşfiqin də məzarı olsun ki, biz daha onu Xəzərdə axtarmayaq"-deyə N.Məmmədova bildirdi. Iradə Sarıyeva